Azərbaycana 36,5 milyon dollar köçürdülər

2026-cı ilin ilk yarısında Gürcüstandan xaricə göndərilən pul köçürmələrinin ən böyük hissəsi Azərbaycanın payına düşüb.
protest.az Gürcüstan Milli Bankının məlumatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında ölkədən xaricə ümumilikdə 212,8 milyon ABŞ dolları həcmində pul vəsaiti köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111,7 faiz çoxdur.
Məlumata görə, xaricə göndərilən vəsaitlərin əsas istiqaməti Azərbaycan olub. Hesabat dövründə Gürcüstandan Azərbaycana 36,5 milyon dollar köçürülüb ki, bu da əvvəlki illə müqayisədə 75,3 faiz artım deməkdir.
Bu göstərici ilə Azərbaycan Gürcüstandan pul köçürmələrinin ən çox yönəldiyi ölkə olub. Sonrakı yerlərdə Türkiyə (33,8 milyon dollar) və Rusiya (26,1 milyon dollar) qərarlaşıb.
Eyni zamanda, Gürcüstana daxil olan pul köçürmələrinin həcmi də artıb. Bu ilin ilk altı ayında ölkəyə xaricdən 1,9 milyard dollar vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
İyun ayında Gürcüstana daxil olan pul köçürmələri illik müqayisədə 10,4 faiz artaraq 348,26 milyon dollara çatıb. Ən böyük vəsait ABŞ-dan daxil olub. ABŞ-dan göndərilən köçürmələrin həcmi 66,2 milyon dollar təşkil edib. İtaliya 54,18 milyon dollarla ikinci, Rusiya isə 51,42 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və əmək miqrasiyasının genişlənməsi qarşılıqlı maliyyə axınlarının artmasına təsir göstərir.

Xəbər lenti
Çox oxunanlar