protest.az-ın xəbərinə görə, hərbçi iddia edir ki, qurum onun hüquqlarını pozub və qanuni sənədləri olmasına baxmayaraq öz torpaq sahəsində ev tikməyə icazə verməyib.
Polkovnik-leytenant bildirib ki, Binəqədi rayonunda mülkiyyətində olan 2,5 sot çıxarışlı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün “vahid pəncərə” sistemi vasitəsilə müraciət edib. Lakin Binəqədi Rayon İcra Hakimiyyəti Bakı şəhərinin Baş Planına istinad edərək həmin ərazinin gələcəkdə turizm zonası kimi nəzərdə tutulduğunu və burada yalnız iaşə obyekti tikilə biləcəyini əsas gətirərək müraciətinə mənfi cavab verib.
Şikayətçi deyib ki, bu cavabdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nə müraciət edib. Qurum isə hərbçiyə verilən çıxarışın qanuni olduğunu, paytaxtın Baş Planı ilə bağlı göstərilən məhdudiyyətlərin onun torpaq sahəsinə aid edilmədiyini bildirib.
Bəhruz Alışovun sözlərinə görə, Bakının Baş Planın xəritəsində onun torpaq sahəsinin olduğu ərazi turizm zonası kimi göstərilmir və bu barədə müvafiq xəritə materiallarını da əldə edib. O bildirib ki, bəzi məhkəmə instansiyaları qərar qəbul edərkən rəsmi xəritələrə deyil, yalnız ayrı-ayrı qurumların məktublarına istinad edirlər.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, Alışov Bəhruz Ağabəy oğlu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, 285D saylı bağ sahəsində fərdi yaşayış evi tikmək üçün məlumatlandırma icraatı qaydasında müraciət edib:
“Sözügedən ərazi Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli, 504 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən çoxfunksiyalı ictimai-işgüzar (turizm) zonasında yerləşdiyindən (“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın tələblərinə zidd olduğundan) həmin ünvanda fərdi yaşayış evi tikilməsi məqsədəmüvafiq hesab edilməyib. Həmçinin bildirmək istəyirik ki, vətəndaş Bəhruz Alışovun inşa etdiyi hasarın və tikilinin sökülməsi ilə bağlı müraciəti müsbət təmin edilmədiyindən o, iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırda məhkəmənin icraatında inzibati işlərə baxılır”.

Polkovnik İcra Hakimiyyətini məhkəməyə verdi - RƏSMİ CAVAB
İrandan alınan güllərdə erməni izi tapıldı