Sükan arxasında yuxulayan sürücü və arvadı öldü

Tərtərdə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib, bir nəfər xəsarət alıb.
protest.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisə ötən gün saat 16 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verib.
Bərdə rayon sakini, 64 yaşlı Adil Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn Əzim Əhmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Mercedes”in sürücüsü Adil Əhmədov və avtomobildə sərnişin kimi olan həyat yoldaşı Elza Əmirova hadisə yerində ölüblər. Yük avtomobilinin sürücüsü isə xəsarət alıb.
İlkin araşdırmalara əsasən, qəzanın “Mercedes” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması nəticəsində baş verdiyi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırıb.
BDYPİ-dən bildirilib ki, xüsusilə mövsüm üçün xarakterik olan isti hava sürücülərin əhvalına və ətraf mühitə reaksiyasına mənfi təsir göstərə bilər. Bu səbəbdən sürücülərə günün nisbətən sərin vaxtlarında yola çıxmaq, uzaq məsafələrə səfər zamanı isə qısa müddətli istirahət etmək tövsiyə olunub.
“Unutmayaq: Təhlükəsizliyimizə diqqət həyatımıza və doğmalarımıza verdiyimiz dəyərdir!” – deyə BDYPİ-dən bildirilib.

Xəbər lenti
Çox oxunanlar