Azərbaycanda deputat andı niyə yoxdur...

Dünyanın bir sıra ölkələrində parlament üzvləri seçildikdən sonra ilk iclasda Konstitusiyaya və dövlətə sədaqət andı içirlər. Azərbaycanda isə deputatların səlahiyyətləri seçkilərin nəticələri təsdiqləndikdən sonra qüvvəyə minir və qanunvericilikdə ayrıca andiçmə mərasimi nəzərdə tutulmur. Bu, hər bir ölkənin konstitusiya modeli və hüquqi ənənələri ilə bağlıdır.
Məsələ ilə bağlı protest.az-a danışan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, deputat andı məsələsinə ilk növbədə Azərbaycanın konstitusiya modeli prizmasından yanaşmaq lazımdır.
Onun sözlərinə görə, Azərbaycanda deputatın səlahiyyətinin hüquqi əsası and yox, seçkilərdə xalqın etimadını qazanmaqdır.
"Məncə, bu sualın cavabını Azərbaycanın konstitusiya modelində axtarmaq lazımdır. Deputatın səlahiyyətinin hüquqi əsası and deyil, seçkilərdə qazanılan etimad təşkil edir. Bizdə qanunvericiliyə görə, deputatlar seçki yolu ilə seçilir. Nəticələr qanunla müəyyən olunmuş qaydada təsdiqləndikdən sonra deputat konstitusion mandat qazanır və səlahiyyətlərinin icrasına başlayır. Başqa sözlə, legitimlik mənbəyi and deyil, seçicinin etimadıdır".
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan qanunvericiliyində and institutu əsasən dövlət qulluğu ilə bağlı tətbiq edilir.
"And daha çox dövlət xidmətinə qəbulda istifadə olunur. "Dövlət qulluğu haqqında" Qanunda dövlət qulluqçusunun andı ilə bağlı ayrıca norma da var. Prezident də and içir. Başqa sözlə, Prezidentin də legitimlik mənbəyi xalqdır və bu, Konstitusiyada öz əksini tapıb. Amma deputatlarla bağlı Azərbaycan Konstitusiyasında belə bir norma yoxdur. Eyni zamanda, Milli Məclisin Daxili Nizamnaməsində də bu məsələ nəzərdə tutulmayıb. Bu, deputatın Konstitusiyaya sadiqlik öhdəliyini azaltmır".
Hüquqşünas vurğulayıb ki, deputatın and içməməsi onun Konstitusiyaya uyğun fəaliyyət göstərmək öhdəliyini aradan qaldırmır.
"Əksinə, Milli Məclisin hər bir üzvü konstitusion qanunlara və dövlətçiliyə sadiq qalmağa borcludur. Azərbaycan qanunvericiliyi bu məsələni ayrıca and vasitəsilə deyil, deputatın hüquqi statusuna aid konstitusion öhdəliklər vasitəsilə təmin edir".

Əliməmməd Nuriyev bildirib ki, beynəlxalq praktikada da vahid yanaşma mövcud deyil.
"Bəzi ölkələrdə deputatlar parlamentin ilk iclasında Konstitusiyaya və dövlətə sədaqət andı içirlər. Bəzilərində isə belə bir prosedur ümumiyyətlə mövcud deyil. Hər iki model demokratik idarəetmə sistemində tətbiq olunur. Deməli, məsələ andın olub-olmamasında deyil, dövlətin formalaşdırdığı konstitusion ənənədə və parlamentin bunun əsasında fəaliyyət göstərməsindədir".
O hesab edir ki, gələcəkdə Azərbaycanda deputatlar üçün simvolik xarakter daşıyan andiçmə mərasiminin tətbiqi müzakirə oluna bilər.
"Bu, deputatın hüquqi statusunu dəyişməyəcək və ya onun səlahiyyətlərini genişləndirməyəcək. Lakin parlamentin institusional nüfuzunun möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin inkişafı və cəmiyyət qarşısında məsuliyyət hissinin daha aydın ifadə olunması baxımından müəyyən fayda verə bilər".
Ekspert əlavə edib ki, belə bir yenilik fundamental hüquqi dəyişiklik yaratmasa da, simvolik əhəmiyyət daşıya bilər.
"Əsas olan andın məzmununa əməl edilməsidir. Hüquqi dövlətdə deputatın məsuliyyəti andiçmə mərasimi ilə deyil, gördüyü fəaliyyətlə ölçülür. Seçici deputatı qəbul etdiyi qanunlara, tutduğu mövqeyə, verdiyi qərarlara və etimadı nə dərəcədə doğrultduğuna görə qiymətləndirir. Parlamentin nüfuzunu müəyyən edən də məhz budur".


Deputatlar da fəaliyyətə dövlətə və Konstitusiyaya sədaqət andı ilə başlamalıdır
Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, Azərbaycanda deputatların fəaliyyətə başlamazdan əvvəl dövlətə, Konstitusiyaya və xalqa sədaqət andı içməsi parlamentin siyasi mədəniyyətini gücləndirən mühüm addım ola bilər.
Deputat Modern.az-a açıqlamasında bildirib ki, müxtəlif idarəçilik sistemlərində parlamentarizm özünəməxsus siyasi və hüquqi ənənələr formalaşdırıb və deputat andı da həmin ənənələrin mühüm tərkib hissəsidir.
Zahid Orucun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, deputat andı dövlət hakimiyyətinin legitimliyini, Konstitusiyanın aliliyini və xalqın etimadını özündə birləşdirən mühüm siyasi-hüquqi institutdur.
"Ona görə də dövlət vəzifəsinə başlayan şəxslərin xalqa, dövlətə və Konstitusiyaya sadiqliklərini açıq şəkildə bəyan etmələri hüquqi ənənəyə çevrilib. Dünyanın əksər demokratik ölkələrində deputat mandatı yalnız seçkinin nəticəsi ilə tamamlanmır. Parlament üzvü xalqın nümayəndəsi statusunu qazandıqdan sonra həmin etimadı hüquqi və mənəvi öhdəliklə təsdiqləyir. Çünki seçki xalqın iradəsini ifadə edir, and isə həmin iradəyə vicdanla xidmət ediləcəyinin ictimai bəyanıdır".
Deputatın məsuliyyəti dövlət vəzifəsi daşıyan bir çox şəxsdən daha böyükdür
Deputat qeyd edib ki, dövlət başçıları, hakimlər, prokurorlar, hərbi qulluqçular və digər yüksək vəzifəli şəxslər vəzifələrinin icrasına başlamazdan əvvəl and içirlər.
"Deputatın məsuliyyəti daha da böyükdür. Çünki parlament üzvü təkcə qanun qəbul etmir. O, xalqın taleyinə təsir edən qərarların müəllifidir, dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, milli maraqları müdafiə edir və gələcək nəsillərin hüquqi mühitini müəyyənləşdirir. Belə bir missiyanın başlanğıcında Konstitusiyaya, dövlətə və xalqa sədaqətin açıq şəkildə bəyan olunması demokratik dövlətçilik məntiqinin ayrılmaz hissəsidir".
Andın özü yox, ona münasibət siyasi mədəniyyəti göstərir
Zahid Oruc bildirib ki, deputat andı ilə bağlı beynəlxalq təcrübədə müxtəlif yanaşmalar mövcuddur. Lakin bütün ölkələr üçün dəyişməyən məqam parlamentin bu instituta münasibətidir.
"Deputat andının üstünlükləri və müəyyən mübahisəli tərəfləri barədə beynəlxalq təcrübə kifayət qədər zəngindir. Lakin müxtəlif ölkələrin təcrübəsini müqayisə etdikdə bir nəticə dəyişməz qalır – andın özündən çox, ona münasibət parlamentin siyasi mədəniyyətini müəyyənləşdirən əsas amillərdən biridir".
Onun sözlərinə görə, and dövlətçilik prinsiplərini gündəlik siyasi rəqabətin fövqünə qaldırır.
"Parlamentdə müxtəlif siyasi baxışlar, fərqli proqramlar və sərt polemikalar təbiidir. Lakin bütün deputatları birləşdirən ortaq dəyər dövlətin müstəqilliyi, Konstitusiyanın aliliyi və milli maraqlar olmalıdır".
Deputat əlavə edib ki, dünyanın bir çox ölkəsində deputat andı yalnız ilk mərasim kimi qiymətləndirilmir, həm də sonrakı davranış standartlarının mənəvi ölçüsünə çevrilir. Cəmiyyət deputatın fəaliyyətini çox vaxt onun andına nə dərəcədə sadiq qalması prizmasından qiymətləndirir.
O bildirib ki, and həm də milli həmrəyliyin simvoludur.
"Seçki kampaniyalarında rəqib olan siyasi qüvvələr parlamentin ilk iclasında eyni dövlət qarşısında eyni öhdəliyi qəbul edirlər. Bu, cəmiyyətə göstərir ki, siyasi rəqabət dövlət maraqlarının deyil, baxışların rəqabətidir. Dövlət isə bütün siyasi mövqelərin üzərində dayanan ümumi dəyərdir".
Azərbaycanın yaxın tarixində dövlətə zərbə vuran deputatlar da olub
Zahid Oruc Azərbaycanın parlamentarizm tarixində dövlətə sədaqət prinsipinin hər zaman qorunmadığını da xatırladıb.
"Azərbaycanın parlamentarizm tarixinə nəzər saldıqda görürük ki, dövlətə sədaqət, milli maraqların qorunması və xalqa xidmət prinsipləri heç də bütün parlamentarilər tərəfindən rəhbər tutulmayıb. Deputat kimi qanunlara və dövlətə zərbə vuran şəxslərin varlığı da yaxın tariximizin ağır səhifələridir".
 Deputat andı artıq siyasi zərurətə çevrilir
Deputat bildirib ki, Vətən müharibəsindəki Qələbədən sonra Milli Məclis Ulu Öndər ideallarına və Prezident İlham Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirir.
"Parlamentdə qəbul edilən qanunlar milyonlarla insanın həyatına təsir göstərir. Belə bir məsuliyyət daşıyan deputatın fəaliyyətə dövlətə, Konstitusiyaya və xalqa sədaqət andı ilə başlaması hüquqi tələblə yanaşı, siyasi mədəniyyətin də göstəricisidir. Bu səbəbdən deputat andının tətbiqi ilə bağlı əvvəlki çağırışlarda da təkliflər irəli sürmüşük".
Zahid Oruc hesab edir ki, Azərbaycanın dövlətçilik institutları inkişaf etdikcə deputat andı qanunvericilik sisteminin ayrılmaz hissəsinə çevriləcək.
"İnanırıq ki, dövlətimizin institusional ənənələri daha da dərinləşdikcə, deputat andı institutunun ölkəmizin qanunvericilik həyatına daxil olması mühüm siyasi zərurətə çevriləcək".
 

Çox oxunanlar