Ərdoğan sammitdə çıxış etdi - Ukrayna, İranla bağlı mesajlar verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində keçirilən Şimali Atlantika Şurasının iclasında çıxış edib.
protest.az xəbər verir ki, Ərdoğan çıxışında Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlardan, NATO daxilində əməkdaşlıqdan, Yaxın Şərqdəki vəziyyətdən, İran böhranından və Rusiya-Ukrayna müharibəsindən danışıb.
O bildirib ki, Türkiyənin ən böyük uğurlarından biri müdafiə sənayesində qazandığı nailiyyətlərdir:
"İstehsal və ixrac potensialına görə dünyanın ilk 10 ölkəsi sırasına daxil olmuşuq."
Ərdoğan vurğulayıb ki, Avropanın ən böyük quru ordusuna sahib ölkə kimi Türkiyə NATO-nun ehtiyac duyduğu bütün istiqamətlərdə öz imkanlarını alyansın xidmətinə təqdim etməyə hazırdır.
Türkiyə lideri qeyd edib ki, ölkəsi 2030-cu ildən əvvəl müdafiə xərclərini ÜDM-in 3,5 faizi səviyyəsinə çatdırmaq üçün zəruri tədbirləri görüb.
O, NATO daxilində müdafiə sənayesi sahəsində məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayaraq bildirib ki, alyansa üzv olmayan müttəfiqlərin müdafiə layihələrindən kənarda saxlanılması Avropada süni parçalanmaya səbəb ola bilər.
Ərdoğan əlavə edib ki, pilotsuz uçuş aparatlarından uğurla istifadə edən ölkə kimi Türkiyə "Pilotsuz Sistemlərə Qarşı Mübarizə Mükəmməllik Mərkəzi"nin NATO tərəfindən akkreditasiya olunmasını arzulayır.
İranla bağlı məsələyə də toxunan Türkiyə Prezidenti deyib:
"İran böhranının həlli istiqamətində, təxribat cəhdlərinə baxmayaraq, dostum Donald Trampın sərgilədiyi qətiyyətli mövqeyi yüksək qiymətləndirirəm. Hörmüz boğazının minalardan təmizlənməsi üçün lazımi töhfəni verməyə hazırıq."
Ərdoğan Yaxın Şərqdə davamlı sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bir daha vurğulayıb.
O bildirib ki, xüsusilə Qəzza və Livanda sabitliyin təmin olunması üçün bütün ölkələr üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.
Rusiya-Ukrayna müharibəsinə toxunan Türkiyə Prezidenti qeyd edib ki, Ankara Ukraynaya dəstəyini davam etdirir, eyni zamanda Rusiyanı sülhə təşviq etmək üçün dialoq kanallarını açıq saxlayır.
Ərdoğan əlavə edib:
"Cənab Trampın Ukrayna müharibəsi ilə bağlı sülh vizyonunu bölüşür və Ukraynanın prioritet ehtiyacları üzrə təşəbbüsə dəstəyimizi bildiririk."
Türkiyə Prezidenti çıxışının sonunda terrorizmin bütün forma və təzahürlərinə qarşı NATO müttəfiqləri arasında tam həmrəyliyin vacibliyini vurğulayıb.

Çox oxunanlar