Qayınanama “mama” deyirəm - Azərbaycanın danimarkalı gəlini - MÜSAHİBƏ

"Elmira Rəhimovanın və Flora Kərimovanın ifalarını çox sevirəm"

Fərqli mədəniyyətlərin qovuşduğu ailələr təkcə iki insanın deyil, eləcə də fərqli xalqların adət-ənənələrinin, dünyagörüşünün və həyat tərzinin bir araya gəlməsinin hekayəsidir. Bu dəfə həmsöhbətimiz əslən Danimarkadan olan və azərbaycanlı ilə ailə həyatı quran Daniella Əzimzadədir.
Onunla həyat yoldaşının tanışlığından Azərbaycana ilk gəlişinə, ailəsinin bu evliliyə münasibətindən Azərbaycan ailə modelinə uyğunlaşmasına, dili necə öyrənməsindən milli mətbəxə, adət-ənənələrə və dini seçiminə qədər bir çox mövzu ətrafında həmsöhbət olduq. Müsahibimiz həmçinin Azərbaycanı ona sevdirən xüsusiyyətlərdən, övladlarını hansı dəyərlərlə böyütdüyündən, Danimarka və Azərbaycan arasında gördüyü fərqlərdən, eləcə də 15 illik ailə həyatının ona qazandırdığı bir sıra maraqlı təcrübələrdən də bəhs edib.
Modern.az saytı Azərbaycanın yeganə danimarkalı gəlini Daniella Əzimzadə ilə müsahibəni təqdim edir: 
-   Daniella xanım, Danimarka dünyanın ən xoşbəxt ölkələrindən biri sayılır. Siz isə xoşbəxtliyi öz ölkənizdə deyil, başqa yerdə axtardınız. Bu, necə baş verdi, həyat yoldaşınızla harada, necə tanış oldunuz?
-   Həyat yoldaşım Türkiyədə təhsil alırdı, eyni zamanda orada çalışırdı. Mən də həmin vaxt Türkiyəyə tətilə getmişdim. Onunla Türkiyədə tanış olduq. Sonra bir-birimizə nömrələrimizi verdik. Mən Danimarkaya qayıtdıqdan sonra münasibətimiz davam etdi. SMS-lə yazışır, sosial şəbəkələr və telefon zəngləri vasitəsilə danışırdıq.
-   Azərbaycana ilk gəldiyiniz günü necə xatırlayırsınız? Sizi ən çox təəccübləndirən nə olmuşdu?
-   Azərbaycana gəldiyim ilk gün çox həyəcanlı idim. Düşünürdüm ki, hər şey necə olacaq, bura necə ölkədir, insanlar necədir, dili necə öyrənəcəyəm, mədəniyyətə necə alışacağam? Beynimdə belə suallar çox idi. Sonra gəlib gördüm ki, məni təkcə həyat yoldaşım yox, onun anası, bacıları, yeznələri - hamı böyük sevgi və hörmətlə qarşılayır. Buna çox sevindim. Öz-özümə dedim ki, “Ay Allah, nə gözəl, hamı məni qarşılamağa gəlib”. Bu da məni çox rahatlatdı ki, burada məni gözləyən insanlar var.
-   Danimarkalı xanımın azərbaycanlı ailəsinə gəlin gəlməsi cəsarətli addımdır. Ailəniz və dostlarınız bu qərarınızı eşidəndə hansı reaksiyanı verdilər? Onların Azərbaycan haqqında stereotipləri var idimi?
-   İnsan tanımadığı bir şeyə həmişə bir qədər ehtiyatla yanaşır. Çünki haqqında məlumatın yoxdursa, təbii olaraq çəkinirsən. Ailəm və dostlarım da eynilə əvvəlcə belə yanaşırdılar. Amma sonradan Azərbaycanı, insanları tanıdıqca bu çəkingənlik aradan qalxdı. Öz gözünlə görürsən ki, insanlar sənə necə sevgi ilə yanaşır, səni çox istəyirlər, rahat olmağın üçün əllərindən gələni edirlər. İnsan o zaman rahatlaşır və əvvəl düşündüyü stereotipləri kənara qoyur.

"Danimarkada 30 nəfərlik toy artıq böyük toy sayılır"
-   Azərbaycan toyları öz miqyası və səs-küyü ilə tanınır. Öz toyunuzu necə xatırlayırsınız? Azərbaycanda sizin üçün ən qəribə görünən adət hansı olmuşdu? İki ölkənin toy ənənələri arasında hansı fərqlər var?
-   Toyumuz çox fərqli idi. Bizim Azərbaycandakı toyumuzda təxminən 350-400 nəfər var idi. Danimarkada isə 30 nəfərlik toy artıq böyük toy sayılır. Ona görə ilk vaxtlar mənə çox qəribə gəlirdi: bu insanlar kimdir, mən onların heç birini tanımıram. Açığı desəm, bu, məni çox təəccübləndirmişdi.
Azərbaycan toylarında maraqlı adətlər çoxdur. Məsələn, bəyin gəlib gəlini aparması, sonra birlikdə toy zalına daxil olmaq mənim üçün çox fərqli idi. Danimarkada belə adətlər yoxdur. Xatırlayıram, bizim toyumuzda başıma qırmızı yaylıq örtdülər. Bizdə belə bir ənənə olmadığı üçün bu da mənə maraqlı gəlmişdi. O vaxt bu adətlərin mənasını tam başa düşmürdüm, amma çox bəyənmişdim. Bəyin evə gəlib gəlini aparması mənə çox şirin bir ənənə kimi görünür.
Azərbaycanda xına ənənəsini də xüsusi vurğulamaq istərdim. Xına yaxılması, əllərin bağlanması bizim ölkədə yoxdur. İlk dəfə Azərbaycanda gördüm ki, əllərimi açıram, əlimin içinə xına qoyurlar, sonra əllərimi bağlayırlar. Düzünü desəm, bu da, mənə yaxşı mənada ən qəribə gələn ənənələrdən biri idi. 
-   Azərbaycan dilini yaxşı öyrənmisiniz. Bu proses necə keçdi? Hansı söz və ya ifadələr sizə daha maraqlı və ya çətin gəlirdi?
-   Azərbaycan dilini demək olar ki, burada öyrəndim. Azərbaycana gəlin köçməzdən əvvəl bu dildə bir kəlmə də bilmirdim. Düzdür, bundan əvvəl türk dilini öyrənmişdim və indi baxanda iki dil arasında müəyyən oxşarlıqlar görürəm. Amma ilk dəfə Azərbaycana gələndə bu oxşarlıqları hiss etmirdim. Azərbaycan dili mənə tamamilə başqa bir dil kimi gəlirdi.
Sonradan dili necə öyrəndim? Hər gün ətrafımda Azərbaycan dilində danışılırdı. Məncə, dil öyrənməyin ən rahat yolu da elə budur - daim həmin dili eşitmək və o mühitdə olmaq. Hə, bir də dil öyrənməyi çox sevirəm, bu da mənə kömək etdi. Əlbəttə, həyat yoldaşımın da böyük dəstəyi oldu. Bilmədiyim sözləri əvvəlcə ondan ingilis dilində soruşurdum, o isə mənə tərcümə edirdi. Beləcə, hər gün kiçik addımlarla dili öyrəndim və indi Azərbaycan dilində rahat danışa bilirəm.

"Qayınanama heç vaxt “qayınana” demirəm, həmişə “mama” deyə müraciət edirəm"
-   Danimarkada fərdiyyətçilik, Azərbaycanda isə böyük ailə modeli əsasdır. Azərbaycanlı qayınana ilə münasibətləri necə qurdunuz?
-   Qayınanamla münasibətlərimiz çox yaxşıdır. İlk vaxtlar ortaq dilimiz yox idi. Amma mən dili öyrəndikcə, münasibətlərimiz daha da yaxınlaşdı. Düşünürəm ki, hər iki tərəfdən anlayış, səbr və hörmət olarsa, nəticə də mütləq yaxşı olur.
Mən ona heç vaxt “qayınana” demirəm, həmişə “mama” deyə müraciət edirəm. Çünki bu, mənim ürəyimdən gəlir. O, mənim üçün sadəcə həyat yoldaşımın anası deyil. Mən həmişə deyirəm ki, mənim iki anam var. Həyat yoldaşımın bacılarını da heç vaxt baldız kimi görməmişəm, onlara da "bacı" deyə müraciət edirəm. Hamısını çox sevirəm.
Mama ilk gündən mənə qarşı çox səbirli oldu. Hər şeyi sakit şəkildə izah edirdi. Mənə "bu belədir, o elədir, bunun adı budur",- deyə hər şeyi başa salırdı. Azərbaycana gələndə yerli yeməkləri də bişirə bilmirdim, çünki əvvəllər bunları heç görməmişdim. Hər şey mənim üçün yeni idi. Sağ olsun, o, mənə hər şeyi öyrətdi. Mən də yavaş-yavaş, bir dəfə, iki dəfə bişirə-bişirə öyrəndim və artıq əlim alışdı.
-   Qayınanızla fikir ayrılıqlarınız olurmu?
-   Əlbəttə, olub. Mama burada doğulub, burada böyüyüb, mən isə Danimarkada. Təbii ki, fərqli baxışlarımız olacaq. Elə Danimarkada da iki insan arasında fikir ayrılığı ola bilər. Bu, tamamilə normaldır.
Məsələn, uşaqlar balaca olanda mən onları hər cür havada çöldə yatızdırırdım. İstər qış olsun, istər yağış, istərsə də isti hava... Bu, Danimarkada çox normal qarşılanır. Qayınanam isə həmişə narahat olurdu. Deyirdi ki, “soyuq olar, eləmə, uşaqlara yaxşı deyil”. Bu, bizim böyüdüyümüz mühitlərin fərqliliklərindən irəli gəlirdi.

-   Bəs mədəniyyət fərqliliyi özünü ən çox hansı məişət məsələsində göstərdi?
-   Məncə, ən böyük fərq ailə münasibətlərindədir. Azərbaycanda ailə daha sıx bağlıdır. Danimarkada isə insanlar daha çox öz həyatları ilə məşğul olurlar. Əlbəttə, istisnalar var, amma ümumilikdə fərdiyyətçilik daha güclüdür.
Azərbaycanda isə insanlar bir-birinə daha yaxındır. Burada insanpərvərliyi daha çox gördüm. Məsələn, küçədə kiminsə köməyə ehtiyacı varsa, ona yardım edirlər. Yaşlılara xüsusi hörmət göstərirlər, kiçikdən böyüyə hər kəsə qarşı xüsusi bir sayğı var. Bu xüsusiyyətlər məni çox təsirləndirdi. Danimarkada isə bunlara bu qədər önəm verildiyini görməmişdim. 
"Azərbaycan kişisi ailəyə daha çox bağlıdır"
-   Azərbaycan kişisi ilə Danimarka kişisi arasındakı ən böyük fərq nədir? Həyat yoldaşınızda sizi hələ də təəccübləndirən hansı “azərbaycanlı xüsusiyyəti” var?
-   Məncə, Azərbaycan kişisi ailəyə daha çox bağlıdır. Ailəsini, övladlarını və onların gələcəyini daha çox düşünür. Mənim fikrimcə, əsas fərq də məhz budur. Danimarkada isə insanlar daha çox öz həyatlarını yaşayırlar. Məsələn, restorana gedəndə danimarkalı bir kişi qadının hesabı ödəməsini normal qarşılaya bilər. Amma Azərbaycan kişilərində mən belə bir münasibət görməmişəm. Onlar bu məsələdə daha məsuliyyətli və qayğıkeş davranırlar.
-   Danimarka və Azərbaycanın ailə dəyərləri arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz?
-   Öz ailəmdən nümunə götürsəm, Azərbaycanda ailəni vahid bir bütöv kimi gördüm. Burada kimin bir problemi olsa, hamı kömək etməyə çalışır. Hər kəs “mən nə edə bilərəm?” deyə düşünür. Danimarkada isə insan dərdini ailəsi ilə bölüşə bilər, amma problemin həllini daha çox özü tapmalıdır. Azərbaycanda isə ailə sənin arxanda dağ kimi dayanır. Hər zaman hiss edirsən ki, tək deyilsən, yanında səni sevən və dəstək olan insanlar var. Bu insana xüsusi rahatlıq və güvən hissi verir.
-   Evdə hansı dildə danışırsınız və övladlarınızı hansı mədəniyyətə daha yaxın böyüdürsünüz? Onlar özlərini danimarkalı hiss edirlər, yoxsa azərbaycanlı?
-   Evdə hər iki dildə danışırıq. Mən uşaqlarla dan dilində (danimarka dili), həyat yoldaşım isə Azərbaycan dilində danışır. Uşaqlar məktəbdə İsveç dilində təhsil alırlar və əlavə olaraq daha iki dil öyrənirlər. Amma evdə yalnız öz dillərimizdən istifadə edirik.
Uşaqlar təxminən 2 yaşına çatanda qərara gəldim ki, evdə başqa dildə danışmayacağıq. Hər birimiz öz ana dilimizdə danışacağıq. Mən həmişə dillərə böyük önəm vermişəm - istər Azərbaycan dili olsun, istərsə də Danimarka dili. Çünki biz İsveçdə yaşayırıq, ailəmiz Danimarkadadır, böyük ailəmiz isə Azərbaycandadır. İstəyirdim ki, uşaqlar hər iki ailə ilə rahat ünsiyyət qura bilsinlər. Bunun üçün isə dil əsas amildir.
Mən də çalışıram ki, onlarla Azərbaycan dilində danışım. Azərbaycan dilində danışa bilirlər. Düzdür, hələ çox mükəmməl danışmırlar. Çünki onların əsas təhsil dili başqadır. Amma öz fikirlərini ifadə edə, söhbət edə bilirlər. Mənim üçün ən vacibi də elə bu idi.
-   Danimarka mətbəxi daha sadə və soyuqdur, bizimki isə zəngin və yağlı. Azərbaycan mətbəxinə alışmaq çətin olmadı ki? Hansı yeməyi bişirməyi öyrənmək sizin üçün “şah əsəri” oldu?
-   Yeməklərdə əlbəttə ki, böyük fərqlər var. Sizin də dediyiniz kimi, Danimarka mətbəxi daha sadədir. Açığı, bəzi yeməklərə hələ də tam alışa bilməmişəm. Məsələn, hələ də borş yemirəm. Amma bu, zövq məsələsidir. Hər kəsin damaq dadı fərqlidir.
Azərbaycan mətbəxində isə çox sevdiyim yeməklər var. Həyat yoldaşım cənub bölgəsindəndir və həmin bölgənin yeməkləri çox ləzzətlidir. Mən də çalışmışam ki, onları öyrənim və onun üçün bişirim. Mən plovu, müxtəlif dolmaları - yarpaq dolmasını, kələm dolmasını, qutabı, kababı çox sevirəm. Azərbaycan mətbəxi həqiqətən çox zəngin və ləzzətlidir...

"Evdə tez-tez ləvəngi bişirirəm"
-   Yeri gəlmişkən, həyat yoldaşınızın cənub bölgəsindən olduğunu söylədiniz. Həyat yoldaşınız talış xalqındandırmı? Talış xalqının özünəməxsus adət-ənənələri, xüsusi zövqü olur. O, sizə bu barədə bəhs edibmi? Hansı adət-ənənələr sizə daha maraqlı gəlir?
-   Cənub bölgəsinin adət-ənənələri haqqında o qədər də danışmayıb. Amma yeməklərdən çox danışırıq. Məsələn, ləvəngi toyuq mənim üçün tamamilə fərqli və xüsusi dada malik bir yeməkdir. Zaman keçdikcə, bu yeməyə çox alışdım. İndi evdə də tez-tez ləvəngi bişirirəm. Həyat yoldaşım çox sevir, uşaqlarımız da yeyirlər. Hətta anam bizə qonaq gələndə onun üçün də bişirirəm və o da çox bəyənir.
-   Borşu sevmədiyinizi bildirdiniz. Bəs bişirə bilirsinizmi?
-   Xeyr. Bəlkə reseptə baxsam, bişirə bilərəm. Amma evdə heç vaxt hazırlamamışam. Bunun əvəzinə xaş bişirirəm. Xaşı sevirəm, amma yalnız suyunu içirəm, ətini isə yemirəm.
-   Övladlarınızın Azərbaycan mətbəxinə münasibəti necədir?
-    Mən evdə Azərbaycan yeməklərini tez-tez bişirdiyim üçün uşaqlar da artıq bu mətbəxə öyrəşiblər. Qutabı, peraşkini, plovu çox sevirlər. Uşaqlıqdan bu yeməkləri yediklərinə görə onlar üçün Azərbaycan mətbəxi yad deyil.
-   Bəs onlar tez-tez Azərbaycan mətbəxinə xas yeməklər yeyəndə Danimarka mətbəxi üçün necə,  darıxırlarmı?
-   Yox, elə də darıxmırlar. Evdə daha çox Azərbaycan milli mətbəxinə xas yeməkləri bişiririk. Əlbəttə, uşaqların hər yerdə sevdiyi pizza, lahmacun kimi yeməklər də var. Onları da bibiləri hazırlayır. Ona görə də Danimarka mətbəxi üçün heç də darıxmırlar. 
-   Yaxşı ləvəngi bişirə, yarpaq dolması bükə bilirsinizmi?
-   Əlbəttə. Həm ləvəngini, həm də yarpaq dolmasını böyük zövqlə hazırlayıram.
-   Bayaq borşdan xoşunuz gəlmədiyini dediniz. Bəs damaq dadınıza uyğun gəlməyən və ya öyrəşə bilmədiyiniz digər hansı yeməklər var?
-   Borşdan başqa ciyər yeməkləri, küftə və bəzi digər yeməklər də damaq dadıma tam uyğun gəlmir. Amma belə yeməklərin sayı çox deyil. Ümumilikdə, Azərbaycan mətbəxini çox sevirəm. Ən sevdiyim yeməyi seçmək isə mənim üçün bir qədər çətindir. Amma birinci yerdə ləvəngi toyuğu qeyd edərdim.

-   Bildiyimizə görə, Danimarkada insanlar daha məsafəlidir. Azərbaycanda isə əksinə. Məsələn, bizdə qonşu qapını döymədən duz istəməyə gələ bilər. Azərbaycanın ailə, qohumluq və birgə yaşam ənənələri sizə nə öyrədib? Bu dəyərlər dünyagörüşünüzü dəyişibmi?
-   Doğrudur, Danimarkada insanlar daha məsafəli, bir qədər də soyuq davranırlar. Elə bil bir-birlərindən uzaq dururlar. Əlbəttə, kömək edənlər də, bir-birinə gülümsəyən insanlar da var. Amma ümumi mənzərəyə baxsaq, bu fikirinizlə razıyam. 
Azərbaycanda isə mən insanlıq gördüm. Məsələn, yaşlı bir insan yolu keçəndə ona dərhal kömək edirlər. Avtobusa minəndə yer verirlər. Belə davranışları Danimarkada demək olar ki, görə bilməzsiniz. Bunları Azərbaycanda görəndə isə çox sevinirəm. Azərbaycanlıların bu xüsusiyyətləri mənə gözəl təsir bağışlayır.
-   Artıq 15 ildir ki, azərbaycanlı kişi ilə evlisiniz. Özünüzdə hansısa “azərbaycanlı vərdişləri” müşahidə edirsinizmi? 
-   Bəli, artıq özümdə belə vərdişlər hiss edirəm. Məsələn, evə qonaq gələndə mütləq süfrə açmaq lazımdır. Heç olmasa bir çay, şirniyyat və ya kiçik bir ikram etmədən qonağı yola salmaq mənə artıq doğru gəlmir. 
Birinin evinə gedəndə də əliboş getməyi xoşlamıram. Halbuki Danimarkada insanlar bunları bir o qədər də düşünmürlər. Amma indi mənə qəribə gələr ki, kiminsə evinə gedim və əlimdə heç nə olmasın. Mütləq kiçik də olsa, özümlə bir hədiyyə və ya şirniyyat aparıram.
-   Danimarka qonaqpərvərlikdə hansı xüsusi ənənəsi ilə seçilir?
-   Ən çox çay və ya qəhvə təklif olunur. Yanında bəlkə şirniyyat da olar, bəlkə də olmaz. Amma yemək təklif etmək, süfrə açmaq kimi kimi bir ənənə yoxdur. Açığı, qonaq da bunu gözləmir. Əgər yemək verilməsə, heç kim “niyə mənə yemək təqdim olunmadı?” deyə düşünməz. Çünki bizdə bu çox normal hal kimi qarşılanır.
-   Danimarkaya gedəndə oradakı hansısa qayda və ya davranış sizə artıq qəribə və ya soyuq gəlir?
-   Bəzi davranışlar mənə artıq soyuq görünür. Məsələn, insanların bir-birinə kömək etməkdən çəkinməsi. İndi Azərbaycanda gördüyüm münasibətdən sonra düşünürəm ki, niyə də insanlar bir az daha istiqanlı olmasınlar? Bir az daha gülərüz və yardımsevər olsalar, həyat hamı üçün daha gözəl olar.
"Həyat yoldaşım anama "ana" deyə müraciət edir"
-   Valideynlərinizin azərbaycanlı kürəkənlə münasibətləri necədir?
-   Çox yaxşıdır. Həyat yoldaşım mənim anama da bizim dildə “mua”, yəni “ana” deyə müraciət edir. Həmişə onu belə çağırır. Aralarında çox səmimi münasibət var. Zarafatlaşırlar, söhbət edirlər. Ortaq dilləri ingilis dilidir və bir-birlərini çox yaxşı başa düşürlər. Aralarında heç bir ünsiyyət problemi, anlaşılmazlıq yoxdur. 
-   Yəqin ki, valideynləriniz sizin azərbaycanlı ilə ailə quracağınızı öyrənəndə narahat olmuşdular...
-   Bəli, əvvəlcə bir qədər narahat idilər. Düşünürdülər ki, başqa ölkənin vətəndaşıdır, başqa dəyərləri, başqa düşüncələri, fərqli adət-ənənələri var. Bu narahatlıq isə məncə, bilməməkdən irəli gəlirdi. İnsan tanımadığı, bələd olmadığı bir şeydən istər-istəməz çəkinir.
Anam da o vaxt düşünürdü ki, görəsən necə olacaq, ortaq nöqtə tapa biləcəyikmi? Fərqli mədəniyyətlər arasında ailə qurmaq necə alınacaq? Amma zaman keçdikcə bütün bu narahatlıqlar aradan qalxdı.

-   Azərbaycanda qadına münasibətdə sizi ən çox heyran edən və əksinə, ən çox qıcıqlandıran, qəbul edə bilmədiyiniz məqam nədir?
-   Məni ən çox sevindirən odur ki, burada həm qızlar, həm də oğlanlar təhsilə böyük önəm verirlər. Xüsusilə qızların ali təhsil almaq, özlərini inkişaf etdirmək istəyi məni çox heyran edir. Gənclərin böyük xəyalları var və onların arxasınca cəsarətlə gedirlər. Bunu görəndə çox sevinirəm.
Amma eyni zamanda müşahidə edirəm ki, bəzi insanlar başqalarının fikrinə həddindən artıq önəm verirlər. “Görəsən nə deyərlər?”, “Belə etsəm necə qarşılanar?” kimi düşüncələr bəzən onların qərarlarına təsir edir. Əlbəttə, cəmiyyətin müəyyən qaydaları var. Amma insanın bir arzusu, bir xəyalı varsa, onun arxasınca getməlidir. Çünki bu həyat sənin həyatındır və onu başqaları üçün deyil, özün üçün yaşamalısan.
-   Danimarkada qızlar adətən hansı yaşlarda ailə qururlar?
-   Bizdə evlənmək üçün müəyyən yaş anlayışı, yaş həddi yoxdur. İnsan 20 yaşında da, 30 yaşında da, 40 yaşında da ailə qura bilər. Heç kim düşünmür ki, mütləq filan yaşda evlənmək lazımdır. Əksəriyyət əvvəlcə təhsil alır, işləyir, karyera qurur, sonra ailə haqqında düşünür. Hətta ailə qurmağı ümumiyyətlə düşünməyən insanlar da var.
Bundan əlavə, Danimarkada ailə qurmaq üçün mütləq rəsmi nikah da vacib sayılmır. Qadın və kişi rəsmi nikaha girmədən də birlikdə yaşayırlar, hətta uşaqları da ola bilər. Onlar düşünürlər ki, əgər bir-birlərini sevirlərsə, mütləq nikah bağlamaq həyatlarında ciddi dəyişiklik yaratmayacaq. Buna görə də uzun illər evlənmədən birlikdə yaşayan ailələr də Danimarkada kifayət qədər çoxdur.
-   Din həyatınızda hansı yeri tutur? İslam dinini qəbul etmisinizmi, yoxsa öz dini etiqadınızı qoruyub saxlamısınız?
-   Məncə, insan ürəyindən gələn yolu seçməlidir. Mən İslam dinini qəbul etmişəm. Amma bu qərarı həyat yoldaşımla tanış olduqdan sonra verməmişəm. Dinə marağım və bu istiqamətdə axtarışlarım ondan xeyli əvvəlki dövrə təsadüf edir. Sonradan həyat məni bir azərbaycanlı ilə qarşılaşdırdı və bu yol beləcə davam etdi...
-   Övladlarınızın dini tərbiyəsi ilə bağlı hansı prinsiplərə üstünlük verirsiniz? Onların gələcəkdə dini seçimlərini özlərinin etməsini istərdinizmi?
-   Uşaqlarımızı müsəlman olaraq böyüdürük. Həyat yoldaşımla ortaq dəyərlərimiz var və bu dəyərləri onlara da aşılamağa çalışırıq. Arzum odur ki, onlar da bu dəyərləri qoruyub saxlasınlar və həyatlarını bu prinsiplər üzərində qursunlar. Çünki bizim üçün din sadəcə bir inanc deyil, həm də həyat tərzidir. Amma gələcəkdə fərqli seçim etsələr, buna mane ola bilmərəm. Yenə də ümid edirəm ki, bu yolda davam edərlər.
"Ögey ana" filmini çox sevirik"
-   Azərbaycan mədəniyyəti ilə yaxından tanış olduqdan sonra ən çox bəyəndiyiniz Azərbaycan filmi, musiqisi və milli geyimi varmı?
-   Azərbaycanın milli geyimlərini çox sevirəm. Xüsusilə Novruz bayramında geyinilən rəngarəng milli geyimlər mənə çox xoş təəssürat bağışlayır. Keçən il Azərbaycana gələndə ailəlikcə milli geyimdə fotosessiya etdirdik. Qızlarım da bu geyimləri çox sevirlər.
Filmlərdən isə daha çox köhnə Azərbaycan filmlərinə baxırıq. Məsələn, “Ögey ana” filmini çox sevirik. Hətta kiçik oğlumuz da bu filmi böyük maraqla izləyir. Dəfələrlə baxsaq da, yenə də maraqla izləyirik. Evdə tez-tez retro Azərbaycan musiqilərinə qulaq asırıq. Mənə elə gəlir ki, həmin dövrün musiqilərində daha çox səmimiyyət var. Yemək bişirəndə, ev işləri görəndə və ya səhər yeməyi zamanı retro mahnılar dinləyirik. Xüsusilə Tofiq Quliyevin bəstələrini, Elmira Rəhimovanın və Flora Kərimovanın ifalarını çox sevirəm. Demək olar ki, hər gün də olmasa, həftədə bir neçə dəfə mütləq dinləyirəm.

-   Azərbaycanın hansı bölgələrinə səfər etmisiniz? Məsələn, Qarabağa səfəriniz olubmu? Təəssüratlarınız necədir?
-   Azərbaycanda səyahət etməyi çox sevirəm və ümid edirəm ki, gələcəkdə daha çox bölgəni gəzəcəyəm. Bu səfərim zamanı Şamaxıda, Qubada, Şəkidə, Oğuzda və Qəbələdə oldum. Çox istərdim ki, Şuşaya və Qarabağın digər bölgələrinə də gedim. Astara və Lerikə səfər etmək də arzularımdandır. İnşallah, növbəti gəlişlərimdə bu yerləri də görərəm.
-   Səfərləriniz arasında ən çox bəyəndiyiniz bölgəmiz hansıdır?
-   Bu, mənim üçün çox çətin sualdır. Azərbaycanın o qədər gözəl təbiəti var ki, birini digərindən üstün tutmaq çətindir. Qəbələnin öz gözəlliyi var, Qubanın öz gözəlliyi... Hər bölgənin fərqli və əsrarəngiz gözəlliyini görmək mümkündür.
-   Azərbaycanın istisi, yoxsa Danimarkanın soyuğu? Sizin üçün “ev” artıq haradır?
-   Mənim üçün ev artıq coğrafi məkan deyil. Ev mənim sevdiklərimin, ailəmin olduğu yerdir. Doğmalarım haradadırsa, mənim evim də oradır. 
-   Gələcəkdə Azərbaycan vətəndaşlığı ala bilərsinizmi?
-   Çox istərdim ki, Azərbaycan vətəndaşlığım olsun. Hələlik bunun hüquqi tərəflərini tam dəqiqləşdirə bilməmişik. Amma bunu çox istəyirik və ümid edirik ki, gələcəkdə mümkün olacaq.
-   İki qızınız, bir oğlunuz var. Qızlarınızın gələcəkdə həyat yoldaşı seçimində milli mənsubiyyət sizin üçün nə dərəcədə önəmlidir?
-   Fərqli mədəniyyətlər və dəyərlər arasında ailə qurmağın necə olduğunu özüm yaşamışam. Açığı, bu çətin prosesdir. İlk hisslərimə əsaslansam, əlbəttə istərdim ki, qızlarım azərbaycanlı ilə ailə qursunlar. Amma həyat göstərdi ki, qismət insanı hara aparacağını əvvəlcədən bilmək olmur. Kim düşünərdi ki, bir danimarkalı qız Azərbaycana gəlin gələcək?
Ona görə də deyərdim ki, hər şey qismətdir. Ümid edirəm ki, onların qisməti Azərbaycandan olar. Çünki Azərbaycanın adət-ənənələrini, mədəniyyətini çox sevirəm və burada yaşadığım müddətdə bunların gözəlliyini yaxından görmüşəm.
-   Azərbaycana gəlin gəlməyə hazırlaşan digər əcnəbi xanımlara 15 illik təcrübənizə əsaslanaraq hansı qızıl məsləhəti verərdiniz?
-   Ən böyük məsləhətim səbrli olmalarıdır. Bilirəm ki, bu yol asan deyil. Ən böyük çətinlik isə dil baryeridir. İnsan öz fikrini ifadə edə bilməyəndə çətinlik yaşayır. Amma səbr etmək lazımdır. Çünki zaman keçdikcə dil də öyrənilir. Digər vacib məsələ isə həyat yoldaşına və onun ailəsinə hörmət göstərməkdir. Sizin göstərdiyiniz səbr və hörmət sizə qat-qat artıq şəkildə geri qayıdır. Bu proses təkcə gəlinin üzərinə düşmür. Hər iki tərəf anlayışlı və səbrli olmalıdır. Bu, bir günə, bir həftəyə, hətta bir aya baş vermir. Amma qarşılıqlı hörmət və anlayış olduqda zamanla hər şey öz yoluna düşür.










Xəbər lenti
Çox oxunanlar