Nənə, qızı və 4 nəvəsi ölü tapıldı - DƏHŞƏT

ABŞ-nin Nyu-York ştatının Mexanikvill şəhərində baş verən dəhşətli ailə faciəsinin təfərrüatları açıqlanıb.
protest.az ABŞ mediasına istinadən xəbər verir ki, hadisə iyun ayında qeydə alınsa da, polis məlumatı yalnız bu günlərdə ictimaiyyətə təqdim edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 23 iyun tarixində 64 yaşlı Emi Stedmanın yaşadığı evdə altı nəfərin meyitini aşkarlayıblar. Məlumata görə, cəsədlər evdə təxminən iki həftə qalıb.
Həlak olanların hamısının eyni ailənin üzvləri olduğu bildirilib. Onların arasında 64 yaşlı Emi Stedman, onun 44 yaşlı qızı Sara Mayers, eləcə də Mayersin dörd övladı – 13 yaşlı Harper, 11 yaşlı Hadson və 10 yaşlı əkizlər Gevin və Qreyslinn Harmon yer alıb.
İlkin istintaq nəticələrinə əsasən, evdə toplanan sübutlar qadının əvvəlcə ailə üzvlərini zəhərlədiyini, daha sonra isə özünün zəhər içdiyini göstərir.
Polis rəisi Uilyam Rebbit hadisənin reseptli və reseptsiz dərmanların yüksək dozada istifadəsi ilə törədilmiş qəsdən zəhərlənmə olduğunu açıqlayıb. Evdə həmçinin vida məktubu da tapılıb.
Hadisənin mümkün səbəbi kimi uşaqların qəyyumluğu ilə bağlı ailədaxili mübahisə göstərilir. Məlumata görə, hadisədən qısa müddət əvvəl məhkəmə uşaqların atasına onlarla 60 gün görüş hüququ verib. Ehtimala görə, qadın nəvələrinin anasının himayəsindən alınmasının qarşısını almağa çalışıb.
Faktla bağlı araşdırma davam etdirilir.

Çox oxunanlar