Tanrının sevdiyi Türkün 6 min il tarixi olan qədim bayramı...
Ergenekon bayramı - Bahar bayramı! Türkdilli xalqlarının ən qədim və milli bayramı... Təbiətin oyandığı gün... Köhnə ili yola salıb, Yeni ilə qədəm qoymuşuq; artıq üçüncü gündür ki, bayram günlərini yaşayırıq...
Hal-hazırda Novruz bayramı kimi tanıdığımız qədim Ergenekon bayramı olduqca geniş coğrafiyada yayılıb: fərqli mədəniyyətlərə, fərqli inanclara sahib fərqli millətlər bu bayramı özününkü hesab edir. Bu, anlaşılan məsələdi. Çünki, qeyd etdiyim kimi, Bahar bayramı olduqca geniş arealda - Uzaq Şərqdə: Yaponiyadan, Koreyadan tutmuş, Avropada Balkanlara qədər yayılıb. Hətta qədim mayalılar da yazın gəlişi ilə əlaqədar şənliklər keçirir, tonqallar yandırır, günəşə, torpağa, suya səcdə edir, onlara qurbanlar verirdilər...
Yəni, anlaşılan o ki, heç bir xalq “bu, mənim bayramımdır, digərləri bu bayramı keçirmək haqqına sahib deyil” deyə bilməz. Bu bayram insanlığın, mədəniyyətin ortaya çıxmasıyla yaranmış ən qədim bayramdır. Doğrudu, bu gün bu bayram irandilli və türkdilli xalqlar arasında daha geniş yayılıb. Bununla belə, şiə ərəblər, İslam dininə mənsub olmayan irlandlar, balkanlarda yaşayan xristian və bektaşi albanlar, həmçinin koreyalılar və yaponlar arasında da Bahar bayramını qeyd edənlər var. Bəs, bu adət bu xalqlara necə keçib? Bu bayramın qeyri-turani və qeyri-irani xalqlar tərəfindən qeyd edilməsinin keçərli səbəbləri var. Bu haqda bir az sonra...
***
Hesab edirəm ki, Bahar bayramının tarixi, hansı xalqlar tərəfindən qeyd olunması və bunun səbəblərini anlamaq üçün ilk növbədə ilkin mədəniyyətlərin və proto dillərin yaranma tarixinə ötəri nəzər salmalıyıq. Çünki bəhs olunan bayram mədəni irs olmaqla yanaşı, həm də təbiətlə bağlı fenomendir. Və biz hansı xalqın öz yaşam tərzini təbiətə uyğunlaşdıraraq formalaşdırdığını bilməliyik...
Dilçi alimlərin düşüncəsinə görə, uludillərin yaranma prosesi çox böyük bir dövrü əhatə edir. Hardasa 40-50 min illik zaman kəsiyində insanoğlu səsli işarədən ulu dillərə qədər keşməkeşli bir yol keçib. Dilçi alimimiz Firudin Cəlilov bu haqda yazır: “50 min il öncə başlanan dildəki təkmilləşmə aşaması çağında insanabənzər varlığın ağıllı insana (homosapiensə) çevrilməsi də sürətlənirdi; məhz dilin önəmli etkisi ilə insanlarda təfəkkür inkişaf edirdi, təfəkkür gəlişdikcə dilin intensiv inkişafı üçün yeni imkanlar yaranırdı. Beləliklə, başqa canlı varlıqlardan fərqli olaraq, “insanoğlu” özünün yaratdığı dilinin gücünə İNSAN ola bildi”.
Firudin müəllim dillərin yaranma prosesini göstərən sxema da tərtib edib. Həmin sxemaya görə, 1 milyon 500 min il öncə ilkin insan tipləri bir-birini hərəkət-işarələrlə başa salırdılar. Bu dövr paleolit dövrü adlanır, təxminən bundan 100 min il öncəyə qədər davam edib. Sonra 50-40 min il öncəyə qədər, yəni orta paleolit dövründə insanlar arasında münasibətlər sistemi daha da təkmilləşərək, bir-biriylə səsli işarələrlə ünsiyyət qururmuşlar. Mezolit dövrü adlanan (bizim eradan 40-15 min il əvvəl) və son buzlaşma dövrünə qədər davam edən 25-30 min illik zaman kəsiyində uludillərin ilk rüşeymləri ortaya çıxdı, insanlar artıq təkhecalı sözlərdən istifadə edərək ünsiyyət qururdular. Neolit dövründə isə artıq uludillər, yəni proto-dillər formalaşmağa başladı. Bu prosesin 15 min il öncə başlayıb, 7 min il öncə başa çatdığı təxmin olunur. Daha açıq şəkildə ifadə etsək, göstərilən tarixdə dünyanın ayrı-ayrı yerlərində müxtəlif dil ailələri formalaşmış, bunun nəticəsində də müxtəlif mədəniyyətlər ortaya çıxmışdı.
Mövzu ilə bağlı bizi maraqlandıran əsas məsələ proto Hind-Avropa və proto Türk dil ailələrinin nə zaman və harada ortaya çıxmasıdır.
Proto Nind-Avropa dili bugünkü Hind-Avropa dillərinin müştərək əcdadı olduğu iddia edilən hipotetik dil ailəsidir. Bu dil haqqında yazılı məlumat olmadığından, onun haqqında məlum olanlar tarixi linqvistika və yenidənqurma metodlarından istifadə edilərək, ailədəki mövcud dillərin müqayisəsi nəticəsində aşkar edilən xüsusiyyətlərə əsaslanır. Mütəxəssislər bu ilkin dil ailəsinin formalaşması tarixini eramızdan 3500-3200 il əvvəli göstərirlər. Göstərilən tarixdə ön hind-avropalılar Yamnaya adlanan mədəniyyəti yaradıblar. Antropoloq Devid Antoni Yamnaya mədəniyyətinin daha erkən bir tarixdə formalaşdığını qeyd edir. Onun iddiasına görə, eramızdan 4000 il əvvəl Pont çöllərində Yamnaya mədəniyyəti sürətlə inkişaf edirdi. Oxucuya aydın olsun deyə, qeyd edim ki, Pont çölləri Şərqi Avropa adlanan coğrafi regionun cənub hissəsidir; daha konkret ifadə etsək, Moldovadan başlayaraq, Şimali Qafqaz, Cənubi Ukrayna, Cənubi Rusiya, Qazaxıstanın şimal-qərbinin kiçik bir hissəsi Pont çölləri adlanırdı və Yamnaya mədəniyyəti məhz bu ərazilərdə təşəkkül tapıb. Yəni proto hind-avropalıların ana vətəni göstərilən bu ərazilərdir. O dövr haqqında yazılı məlumatlar olmasa da, arxeoloji qazıntılar zamanı bu ərazilərdə Bahar bayramının - Novruzun qeyd olunmasıyla bağlı heç bir təsdiqedici məlumata rast gəlinmir.
Yamnaya mədəniyyətini quranlar sonrakı dövrlərdə şərqə, cənub şərqə, Qafqaz üzərindən Anadoluya və Qərbi Avropaya köç edərək, müxtəlif mədəniyyətlər qurublar. Ana vətəndən ilk ayrılanlar Anadoluda böyük uyqarlıq quran hititlər və Yunanıstanda Miken mədəniyyətini quran qədim yunanlar olub. Bundan başqa, Katakomb, Poltavka, Srubna, Maykop, Sintaşta, Andronovo və Afanasyevo kimi mədəniyyətlərin yaranmasında da Yamnaya mədəniyyətindən çıxan proto hind-avropalıların böyük rolu olub. Ancaq bunların heç birində Novruz izlərinə rast gəlinmir. Bildiyimiz kimi, hititlərin və Miken yunanlarının yazı mədəniyyəti olub. Əgər Bahar bayramı hind-avropalılara aid olsaydı, şübhəsis ki, dövrünün ən böyük imperatorluğunu quran hititlər bu barədə öz kitabələrində bəhs edərdilər. Ancaq Yamnaya mədəniyyətindən Şərqə doğru uzaqlarda qurulan Andronovo və Afanasyevo mədəniyyətinin son çağında Bahar bayramının izlərinə rast gəlinir. Əcəba, bunun səbəbi nə? Burada bir xüsusi məqama diqqət çəkək ki, adı çəkilən bu iki mədəniyyət Yamnaya mədəniyyəti kimi təkcə hind-avropalılara məxsus deyil, daha çox qarışıq mədəniyyət təəssüratı yaradır. Belə ki, göstərilən tarixdə bu mədəniyyətlərin əhatə etdiyi ərazilərdə Fin-Uqor, Türk və Mancur dillərində danışan tayfalar da məskunlaşmışdılar və onlar da bu mədəniyyətlərin təşəkkül etməsində böyük rol oynayıblar. Heç şübhəsiz ki, Andronovo və Afanasyevo kimi mədəniyyətlərdə Novruz izlərinin görünməsi məhz bu tayfaların təsiri ilə olub. Bunu təsdiq edən başqa bir dəlil təxminən həmin dövrlərdə (eramızdan 1500 il əvvəl) Yamnaya mədəniyyətindən qopub Orta Asiya üzərindən cənuba doğru hərəkət edən Hind-İran tayfalarının həyat tərzidir. Təxminən 700 il sonra proto Hind-İran dilləri də iki qola ayrıldı; birincisi, Əfqanıstan üzərindən Hindistana köç etdi və Hind-Ari dillərini formalaşdırdılar, ikinci qol isə qərbə, bu gün İran adlandırılan coğrafiyaya gəldilər, onların varisləri isə bugünkü irandilli xalqlardır - farslar, kürdlər, zazalar, talışlar, tatlar, giləklər və s. Adı çəkilən bu irandilli xalqlardan ən fəalı farsların ulu əcdadı sayılan perslər olublar.
İrandillilər regiona gəlişlərindən tam 3 əsr sonra böyük bir dünya imperatorluğu qurdular - Əhəmənilər dövlətini; Orta Asiyadan Yunanıstana, Krım sahillərindən Kəngər körfəzinə qədər uzanan, hətta fironların Misirini də öz ərazisinə qatan bu imperatorluqda o dövr üçün çox böyük rəqəm olan 65 milyon insan yaşayırdı. Müxtəlif dillərdə danışan, müxtəlif mədəniyyətlərə sahib bu insanları idarə etmək o qədər də asan məsələ deyildi. Zərdüştiliyin əsasını təşkil edən “Avesta” dövlət idarəçiliyində çox mühüm rol oynayırdı. Bugünkü anlamda “Avesta” Əhəmənilər imperatorluğunun konstitusiyası idi desək, heç də səhv etmərik. İlkin “Avesta” variantında hər şey olub, bir tək Novruz bayramından başqa. Burada istər-istəməz ortaya sual çıxır: əgər Novruz irandilli xalqların yaratdığı bir bayram idisə, nə üçün dövlət idarəçiliyinin əsasını təşkil edən “Avesta” kitabında bu haqda heç bir məlumat yoxdur? Həm də, yuxarıda da qeyd etdiyimiz kimi, irandilli tayfalar eramızdan təxminən 1500 il əvvəl Hind-Ari tayfaları ilə birlikdə Yamnaya mədəniyyətindən ayrılıb cənuba doğru hərəkət edəndə onların Novruzla bağlı heç bir təsəvvürləri yox idi. Halbuki bu zaman kəsiyində Andronovo və Afanasyevo mədəniyyətlərinin təşəkkül tapdığı Şimali Qazaxıstan və Cənubi Sibirdə Novruz bayramının izlərini görmək mümkündür. İrandilli tayfalar onlardan uzaqda olan bu mədəni zümrədən xəbərsiz olduqları üçün Bahar bayramı ilə bağlı da heç bir məlumata sahib deyildilər. Ancaq əhəməni sülaləsi madaları iqtidardan salıb, taxtı ələ keçirdikdən və hakimiyyətdə möhkəmləndikdən sonra yerli xalqların adət-ənənələrini də mənimsədilər. Bu adətlərdən biri də məhz Novruz bayramı idi. Onlar bu bayramı midiyalılardan və babillilərdən əxz etdilər. Daha sonrakı dövrlərdə, konkret olaraq, 2-ci Pers hakimiyyəti dövründə, eramızın 3-cü əsrində turani parfiyalılardan hakimiyyəti devr alan sasanilər dönəmində bu bayrama irani çalarlar qataraq özününküləşdirməyə, Novruzu bir atəşpərəstlik bayramı kimi təqdim etməyə başladılar.
***
Zəruri qeyd:
İstər-istəməz oxucuda qəribə təəssürat yaranır və bu, onlarda çəlişki yarada bilər. Oxucu düşünür ki, iddia etdiyimiz kimi, eramızdan min illər əvvəl həm Cənubi Sibirdə, həm də perslərin köçüb gəldiyi İran yaylasında və Mesopotamiyada Bahar bayramının izlərinə rast gəlindiyi halda, göstərilən tarixlərdə iki regionun arasında yerləşən ərazilərdə yaşayan irandillilərin də bu barədə təsəvvürləri yox idisə, bir-birindən min km-lərlə uzaqda yerləşən, heç bir lojistik əlaqəsi olmayan sibirlilərlə orta doğuluları nə birləşdirirdi? Mövzuyla bağlı ikinci yazımızda türk tayfalarının köç trayektoriyalarından bəhs edərkən buna ətraflı şəkildə aydınlıq gətirəcəm.
***
Bahar bayramını irandilli xalqlar, dediyimiz kimi, “Novruz” adlandırırlar ki, bu da fars dilində “Yeni gün” anlamına gəlir. Bu söz onlardan türkdilli xalqlara keçib və bu gün bir çox türkdilli xalqlarda bu bayramın adı “novruz” sözünün müxtəlif variantlarında tələffüz olunur. Qısaca desək, Bahar bayramı ilə bağlı biz türklər irandillilərdən yalnız onun adını almışıq, qalan hər şey özümüzə aiddir, minillikərin süzgəcindən keçib gəlmiş adət-ənənəmizə, törəmizə bağlıdır.
İrandilli xalqların mifologiyasında Novruzun yaradılışı əfsanəvi pers hökmdarı Cəmşidin Azərbaycana gəlişiylə əlaqələndirilir. Ancaq bu versiya tarixi həqiqətlə üst-üstə düşmür. Əvvəla, Cəmşid, deyildiyi kimi, tarixi şəxsiyyət olmayıb, sadəcə, ilk pers hökmdarı I Kambisin oğlu I Kirin əmriylə onun zamanında yazılan pers hökmdarlarının şəcərəsində adı qeyd olunan əfsanəvi xarakterdi. İkincisi, tutaq ki, belə bir şəxs həqiqətən də var olub, ancaq onun Azərbaycan torpaqlarına gəlişi tarixi faktlara ziddir. Həm Herodotun “Tarix”ində, həm də pers hökmdarlarının fütuhatlarını özündə əks etdirən Bisutun yazılarında Azərbaycana ayaq basan ilk pers hökmdarı kimi Kambisin oğlu I Kirin adı göstərilir. İrandilli xalqların mifologiyasında isə, Cəmşidlə Kiri bir-birindən 250 illik zaman fərqi ayırır və əfsanəvi Cəmşidin yaşadığı fərz edilən eramızdan əvvəl 800-cü ildə pers tayfalarının bu bayramla bağlı təsəvvürləri belə yox idi...
Ardı var