Prezidentin köməkçisi: 32 rayonda 52 aqropark yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə 2015–2025-ci illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı və inqilabi islahatlar həyata keçirilib.

protest.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Nəticədə aqrar sahəyə dövlət dəstəyi artırılıb, bir sıra sahələrdə istehsal və ixrac potensialı yüksəlib, əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb.

X.Əhədovun sözlərinə görə, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə əldə olunub, ət, süd, balıq və kartof məhsulları üzrə isə müsbət dinamika müşahidə edilir.

O qeyd edib ki, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün iri infrastruktur layihələri həyata keçirilib, müasir suvarma sistemləri genişləndirilib, yeni su anbarları inşa olunub və kanallar yenidən qurulub.

“Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar ki, tam yenilənib. Eyni zamanda, əkin dövriyyəsindən çıxmış və istifadə olunmayan 169,1 min hektar torpaq sahəsi yenidən dövriyyəyə qaytarılıb”, – deyə X.Əhədov vurğulayıb.

Prezidentin köməkçisi əlavə edib ki, 32 rayonda 52 aqropark yaradılıb. Onun sözlərinə görə, aqroparklar sahibkarlığın inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalına, idxaldan asılılığın azaldılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verib.

Xəbər lenti
Çox oxunanlar