İstilər 200 mindən çox insanın ölümünə səbəb olub

Son dörd ildə Avropada isti hava şəraiti ilə əlaqədar səbəblərdən 200 mindən çox insan həyatını itirib.
protest.az xəbər verir ki, bu barədə "Medical Xpress" nəşri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun məlumatlarına istinadən yazıb.
Qurumun qiymətləndirməsinə görə, bu ölümlərin əhəmiyyətli hissəsinin qarşısını ölkələrin ekstremal temperatur şəraitinə daha yaxşı hazırlaşması sayəsində almaq mümkün idi.
ÜST-nin Avropa Bürosunun direktoru Hans Kluqe bildirib ki, iqlim dəyişiklikləri artıq uzaq gələcəyin problemi deyil: “Bu, birbaşa və ölümcül təhlükədir”.
Onun sözlərinə görə, isti hava dalğaları nadir hadisə olmaqdan çıxaraq səhiyyə sistemləri və infrastruktur üçün ciddi risk yaradan müntəzəm amilə çevrilib.
Mütəxəssislər qeyd edirlər ki, yay aylarında temperaturun yüksəlməsi təkcə narahatlıq yaratmır, həm də istilik tükənməsi və ölümcül istilik vurması kimi ciddi sağlamlıq problemlərinə səbəb olur.
Yaşlı insanlar, uşaqlar, ürək, ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər, eləcə də açıq havada çalışanlar ən riskli qruplar hesab olunur.
ÜST vurğulayır ki, ölüm hallarının böyük hissəsi ölkələrin istiyə sistemli şəkildə uyğunlaşmaması ilə bağlıdır. Təşkilat dövlətləri soyutma mərkəzlərinin yaradılması, iş qrafiklərinin tənzimlənməsi və insanların günün ən isti saatlarında açıq havada qalmasının qarşısının alınması kimi tədbirləri əhatə edən milli fəaliyyət planları hazırlamağa çağırır.
Qurumun fikrincə, əsas məqsəd “istidən sıfır ölüm” hədəfi olmalıdır. Bunun üçün isə səhiyyə, infrastruktur və şəhərsalma sahələrinə uzunmüddətli investisiyalar tələb olunur.
Mütəxəssislər eyni zamanda xəbərdarlıq edirlər ki, Sakit okeanda formalaşan El-Ninyo hadisəsi qlobal istiləşməni daha da sürətləndirə və dünyanın müxtəlif bölgələrində ekstremal hava hadisələrinin sayını artıra bilər.
ÜST isti havalardan qorunmaq üçün bir sıra tövsiyələr də verib. Təşkilat günün ən isti saatlarında birbaşa günəş şüalarından uzaq durmağı, sərin məkanlarda vaxt keçirməyi, gündüz saatlarında pəncərələri bağlı saxlamağı və gecələr mənzilləri havalandırmağı məsləhət görür.
Kondisionerdən istifadə edilən məkanlarda temperaturun təxminən 27 dərəcə səviyyəsində saxlanılması tövsiyə olunur.
Bundan başqa, kifayət qədər su içmək, sərin duş qəbul etmək və ya bədəni yaş kompreslərlə soyutmaq, eləcə də açıq rəngli, yüngül və rahat geyimlərdən istifadə etmək məsləhət görülür.
ÜST uşaqların və heyvanların hətta qısa müddətə belə avtomobildə tək buraxılmasının ölümcül nəticələrə səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.
Təşkilat vətəndaşlara yaşlı qohumlarının və tənha yaşayan qonşularının vəziyyəti ilə mütəmadi maraqlanmağı tövsiyə edir.
Mütəxəssislərin fikrincə, ekstremal istilər müasir dövrün ən təhlükəli və yetərincə qiymətləndirilməyən iqlim təhdidlərindən biridir və yaxın illərdə bu risk daha da artacaq.

Xəbər lenti
Çox oxunanlar