Neçə vaxt idi ki, bu mövzuda yazmaq istəyirdim. Amma Tofiq Yaqublu neçə vaxt idi ki, guya "ölümünə aclıq" deyirdi. Və Əli Kərimli ilə onun təbliğat maşını bu adamdan bir yazıq, məzlum obrazı yaratmağa nail olmuşdu. Ona görə də səbr edib gözləməli oldum. İndi isə "tamaşa" bitdi. Pərdələr endi. Maskalar yırtıldı. İndi yazmaq olar. Ona görə də yaxın oturun. Söhbət Tofiq Yaqubludan və onun aclıq aksiyası ətrafında Əli Kərimlinin yaratdığı "stəkanda fırtına"dan gedir.
***
Bu 40 gün ərzində Əli Kərimli demək olar ki, hər gün Tofiq Yaqubludan yazdı. Onun günahsız olduğunu bildirdi. Ona "Azadlıq" tələb etdi. Və bu yazılarının hər birində haşıyəyə çıxıb bildirirdi ki, bəs onun İCTİMAİ ƏSASLARLA İŞLƏYƏN SÜRÜCÜSÜNÜN QARDAŞI da bu hakimiyyət tərəfindən şərlənərək, "adam bıçaqlama" ittihamı ilə həbs olunub. Bax burada, mən də bir balaca haşıyəyə çıxmaq istərdim. Sual edirəm sizə: Əli Kərimlinin "ictimai əsaslarla işləyən sürücüsünün qardaşı" bu hakimiyyətə hansı təhlükə törədir ki, onu şərlədib həbs elətdirsin? Özü də "bıçaqlama" adı ilə. Ə, bir Allahınız olsun da. İndi biz dədə-babadan eşitmişik ki, guya ki, polis kimisə şərləyəndə cibinə narkotik qoyur, evinə silah atır, üzünə qadın qoydurur və.s. Bəs faktiki bıcaqla agır xəsarət yetirilmiş adama qarşı edilmiş cinayəti necə başqasının boynuna qoymaq olar? Özü də bir daha təkrar edirəm: tamamilə gərəksiz birinin üstünə. Həm də ki, istintaqla hər şey fakt-sübut əsasında təsdiqini tapdığı halda. Yetər də. Bəsdirin, bu hoqqabazlığınızı. Artıq camaatı iyrəndiribsiniz.
Bu haşıyəyə nəyə görə çıxdım? Demək istədiyim odur ki: bax Əli Kərimlinin "ictimai əsaslarla işləyən sürücüsü"nün qardaşı nə qədər "günahsız"dırsa, Tofiq Yaqublu da elə o qədər "günahsız"dır.
***
Eynən bayaqkı fikrimi bir daha təkrar edirəm: Tofiq Yaqublu bu hakimiyyət üçün nə qədər təhlükə kəsb edir ki? Hansı xidmətləri var, hansı savad və nüfuz sahibidir ki? Əyalət ləhcəsiylə danışdıqları yalnız şər-böhtan, verdiyi proqnozlar da çürük qozdan başqa heç zad. Bir damcı xarizma və natiqlik deyilən qabiliyyəti yox. Sabah bunu lap azadlığa buraxıb, mitinq keçırməsinə icazə verilsə belə; 50-100 adamdan ibarət məlum qrupdan başqa kim gedəsidir ki, o mitinqə?
Ukrayna səfirliyi qarşısında keçirilən aksiya zamanı etdiyi hərəkətdən sonra bu adama ümumiyyətlə nifrət etmişəm. Yadınızda olar. Millət, Rusiyanin təcavüzünə etiraz eləməyə yığışmışdı, bu isə iki daş arasında səfirə yaxınlaşıb Azərbaycan iqtidarının əleyhinə danışmaq istədi. Həmin anda səfir narazı halda onun sözünü kəsib üzünü yana çevirdi. Yanındakı Gültəkin Hacıyeva isə " lazım deyil, burada o söhbətin yeri yoxdu" dedi.
Bir kəlmə ilə desək, ağlına və ağzına gələni danışan, qanmazın, siyasi HOZUnun biri. Ayrı heç zad.
***
İndi adam konkret cinayət faktı üzrə həbs edilib. Əməlləri istintaq, daha sonrasa məhkəmədə tam sübut olunub. Tofiq Yaqublu qanunsuz sənəd düzəltmək adı ilə böyük miqdarda (60 000 man) pul alıb. Kimdən alıb, kiminlə alıb, harada alıb- hamısı sübut olunub. Onunla bu işdə əlbir olan jurnalist Elnur Məmmədov məhkəmədə cinayətini etiraf edib və 8 il iş alıb.
Deməli hamı yalan danışır, bircə Tofiq Yaqublu və Əli Kərimli aydan arı, sudan durudur; süddən çıxmış qaşıqdılar. Belə götürəndə guya ki, Əli Kərimli ayrı nə deyəsi idi ki? Gözləyirdiz desin ki: " Tofiq Yaqublu dələduzdur, saxtakardır, rüşvətxordur.. buna görə də yollarımız ayrılır."? O bunu deyərmi heç? Heç vaxt. Tofiqin nə etməsindən asılı olmayaraq heç vaxt söyləməz. Ona görə də bütün gücünü işə salıb Tofiqdən bir məzlum, bir "repressiya qurbanı" obrazı yaratmaqla məşğul oldu.
***
Və bu "tamaşa"da ən çox istifadə olunan da Tofiq Yaqublunun Qazi olma faktorudur. Amma burda da məsələ o dərəcədə ifrat şişirdilir ki.. Guya ki, bu Tofiq "əjdahaymış", Remboymuş, ermənilərə qan uddurub, dədələrini yandırıb, analarını ağlar qoyubmuş. Və buna görə də adamın 2! dəfə Milli Qəhrəman adı ilə təltif olunması üçün təqdimat verilibmiş, amma guya ki, "daş ürəkli" Elçıbəy buna imza atmayıb. Ə, bəsdirin, siz Allah! Ətimizi tökməyin. Əvvəla adamın Qazi, lap elə Milli qəhrəman olması, onu cinayət məsuliyyətindən azad etmir. Neçə-neçə Milli qəhrəman o cümlədən də Qazi, törətdiyi cinayətə görə cəzasını həmişə lazımınca alıb. Digər tərəfdən isə bu Tofiq nə vaxt, harada etdi o qəhrəmanlıqları ki, gördüm-bildim-eşitdim deyən bircə nəfər də yoxdu? Hanı bunu özündə əks elətdirən bircə yazı, video, foto? Varmı belə bir fakt? Ortada olan- onun hərbi formada bir xanımla ( yəqin ki, həyat yoldaşıdır) çəkilən bir fotosudur. Vəssalam. Məndə ( elə çoxlarında da) o cür fotolardan nə qədər desən. Hələ yazdığım yazıları, videoları demirəm. Vaxtında, 90larda vuruşan, üzdə olan döyüşçülərin hamısı barədə kifayət qədər yazılıb da, lentə də alınıb. Hamısını xalq adbaad tanıyırdı. Şəxsən mən onların içində Tofiq Yaqublu adına rast gəlməmişəm. Gələnlər varsa qoysun ortaya.

***
Daha bir məqam. Məlumdur ki, könüllü olaraq müharibəyə gedən kəsdə Vətənə məhəbbət o dərəcədə yüksək olur ki, o ailəsini-uşagını kənara qoyur. O cümlədən insan üçün ən əziz nemət olan həyatını itirməyi belə göz önünə alır. İndi ay başınıza dönüm. Sizin bu qazi, qəhrəman deyib dağın təpəsinə qoyduğunuz bu adam, 5 ildir ki, geri alınmış Qarabaga, Şuşaya bircə dəfə də olsun getməyib ee. Gör insanın içi nə qədər qurtlu olmalıdır ki, bunu edəsən. Qarabağı sevən adam da az qala hər çıxışında ermənilərə dəstəkdən dəm vurarmı? Ona görə də, demişdim bunun qaziliyinə də, qəhrəmanlığına da, yalançı vətənşüvənliyinə də. Gedin bu nağıllarınızı başqa yerdə danışın.
***
İndi isə keçək Tofiqin "aclığ şousu"na. Əvvəla bunu dəfələrlə yazmışam ki, Əli Kərimli və dəstəsinin ən bağışlanılmaz əməli odur ki, bu adamlar demokratik mübarizə üsulu olan nə varsa ( mitinq, piket, aclıq aksiyası) hamısını urvatdan salıb. Bu sıradan- aclıq aksiyası isə, əl atılan ən son və kəskin vasitədir. Amma kərimovçular bunu da gözdən saldı, şitini çıxarıb, içinə "konfet" qoydular. İki il əvvəl, elə bu vaxtlar, Əlizamin Salayev adlı bir kərimovçu guya ki, düz 115!!!! gün aclıq elədi. Və o vaxt da eynən indi Tofiqə rəğmən yazılan şüarlar başlıqlardan düşmürdü. Ki, ay nə bilim "Əlizamin Hacıyev son nəfəsdədir", "hər dəqiqə ölə bilər" və.s. bu kimi cəfəngiyyatlar. Amma həmin 115!! gün aclıq edən Əlizamin nə öldü, nə də zəlil oldu. Elədiyi hoqqabazlıq da heç bir nəticə vermədi.

İndi eyni ssenari Tofiq Yaqublunun timsalında oynanıldı. Bu da guya artıq 40 gündür ki, aclıq edirdi. 35 gün ərzində Əli Kərimlinin şər maşını "Tofiq Yaqublu ölür!" deyə bar-bar bağırırdı. Amma "Dəmir Tofiq", ölmədi ki, ölmədi". Məhkəməyə də özü gəldi, özü ifadə verdi və.s. Ona görə də o heç vaxt da ölməyəcək, narahat olmayın. Çünki onun etdiyi uzaqbaşı dietaydı, aclıq aksiyası zad deyildi. Bu dəstənin illər boyu keçırdiyi "dieta şousu"ndan isə hələ heç biri ölməyib. Hamısının da həbsdən çıxanda, necə deyərlər "yanağından qan damıb". İndi Tofiqin də damağında dad qalmışdı. Zənn edirmiş ki, "əşşi istədiyimi edim; uzaqbaşı yenə də bir aclıqdan zaddan edib çıxaram". Bu dəfə keçmədi. Çünki adama bir dəfə güzəşt edərlər. Amma adama, qanana, sənin kimisinə yox.
Bax həm də məhz bu saxta əməllərinizin nəticəsidir ki, tək Azərbaycanda deyi, elə ölkə xaricindən belə bir hörmətli, nüfuzlu şəxs Tofiq Yaqublunun müdafiəsinə qalxmadı. Bir dənə də olsun beynəlxalq təşkilat və ya Avropa institutu Tofiqin bu "ölüm aclığını" eyninə də almadı, narahatçılığını ifadə etmədi. Çünki avropalılar da artıq bunların nə qədər saxta, qabiliyyətsiz olduğunu yaxşı bilir.
***
Bunu mən demirəm, mən desəm inanmayacaqsınız. Ona görə də açın "Google"u özünüz oxuyun. Oradakı mötəbər mənbələr isə yazır ki, insan uzagı 2 həftə ac-suz qala bilər. 14 gündən sonra isə, o necə deyərlər "sönür". Və bundan sonra neçə gündən sonra ölməsi saglamlıq məsələsidir. Fauna aləminə gəldikdə isə mən xırda-para heyvanları qoyuram kənara, dünyanın ən iri canlısı sayılan dəvə (o cümlədən də fil) 1 aydan artıq ac yaşaya bilmir. Bizim "Dəmir Tofiq" isə 40, "Polad Əlizamin" isə düz 115 gün (təxminən 4 ay) ölümlə çilingağac oynadı və "dəf kimi" də qaldılar . Afərin, malades, bravo. Digər tərədən isə Azərbaycan tibbi təkcə Adil Qeybulladan ibarət deyil. Tofiq Yaqublunun da səhhəti həkimlərin nəzarətində idi. Və dünya praktikasında belədir ki, əgər kiminsə səhhəti aclıqdan agırlaşırsa, onu məcburi vasitələrlə olsa belə yedizdirirlər. Tofiqlə bağlı bu addıma gedilmədisə deməli narahatçılığa əsas yoxuymuş. Deməli, Tofiqin də aclığı Mehmanısayağı "qatıx aclığı"ndan başqa bir şey deyilmiş ki, bu da sonunda öz təsdiqini tapdı.
***
İndisə keçirəm Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı Prezidentə müraciət edən şəxslərə. Bunlar o kəslərdi ki, Yaqublunun qəzəbinə tuş gəlməyiblər. Yəni nə vaxtsa Tofiq Yaqublu tərəfindən tənqid və ya təhqir olunmayıblar. Görəsən olsaydılar, yenə də mi bu müraciətə imza atardılar? Əminəm ki, heç vaxt. Digər tərəfdən bu şəxslərə bir sual da vermək istərdim: hakimiyyət bu adama bir neçə dəfə güzəşt edib- vaxtından əvvəl azadlığa buraxıb. Bu isə bayıra çıxan kimi elə habsxananın önündəcə jurnalıstlərə deyib ki: "mübariz əhval-ruhiyyəm əvvəlkindən də yüksəkdir. Və dayandığımız yerdən də yola davam edəcəm". İndi sualım belədir: tutaq ki, Prezident sizin müraciətinizi qəbul edib Tofiqi əhv elədi. Amma sabah o yenə də hansısa cinayətə yol versə, onun əvəzinə özünüzün və ya övladınızın həbs olunmağına razılıq verirsinizmi? Amma kişi kimi..
Və sonunda. Məlum idi ki, bütün oynanılan bu "aclıq komediyası"nın pərdə arxasında, bir düşünülmüş plan dururdu. Bu isə bütün mümkün vasitələrdən istifadə edərək, məhkəməyə qədər vəziyyəti mümkün qədər dramatikləşdirmək və Tofiq Yaqublunun azad olunmasına nail olmaqdan ibarət idi. Təbii ki, hakimiyyət də bundan xəbərdar idi. Və ona görə də sonunda Əli Kərimliyə "5 barmağın həndəsi fiquru"nu göstərdi. Və bununla da fransızlar demişkən:" Finita la commedia", yəni "komediya bitdi" bəylər. Görək indən belə nə fikirləşəcəksiniz?...