Başçısız qalan icra hakimiyyətləri - SİYAHI

Hazırda ölkədə rəhbərsiz qalan icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Hazırda 2 şəhər və 4 rayon icra başçısı təyinatı gözləyir.

protest.az həmin rayon və şəhərlərin siyahısını təqdim edir.

Qaradağ rayonu: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən altı ay ötür. 2026-cı il yanvarın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.

Culfa rayonu: 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur rayona yeni başçı təyin edilməyib. Rəhbər səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Sara Hüseynova icra edir.

Gədəbəy rayonu: 2022-ci ilin avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Orxan Mürsəlov ötən ilin noyabrında Göyçay Rayon İcra Hakimiyyətinə başçı göndərilib. Hazırda Gədəbəydə icra başçısı vəzifəsini müavin Natiq Nağıyev icra edir.

Naftalan şəhəri: Ötən ilin noyabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhərə hələlik yeni rəhbər təyin olunmayıb.

Ağdərə rayonu: 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

Naxçıvan şəhəri: Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bu ilin fevralında Muxtar Respublikanın Baş naziri təyin olunduğu üçün postu vakant qalıb. Hazırda başçının vəzifələrini birinci müavin Əhməd Vəliyev müvəqqəti icra edir.

Çox oxunanlar