Ermənistan parlamentinin VIII çağırışı fəaliyyətini başa vurub və beş illik dövrün statistikası açıqlanıb. Məlumata görə, ən çox çıxış edən, qanun layihəsi hazırlayan və xarici ezamiyyətə gedən deputatların siyahısı müəyyənləşib.
protest.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, süni intellekt xidmətləri təqdim edən COPA şirkətinin hazırladığı ParlOur sistemi VIII çağırış parlamentin fəaliyyətinə dair məlumatları təhlil edib.
Məlumata əsasən, parlamentdə ən çox çıxış edən deputat hakim "Vətəndaş Müqaviləsi" Partiyasından Serqey Baqratyan olub. O, parlamentin 195 iclasında çıxış edib.
Sonrakı yerlərdə "Hayastan" fraksiyasından Artsvik Minasyan (186 iclas), hakim partiyadan Vahaqn Aleksanyan (180), "Hayastan" fraksiyasından Artur Xaçatryan (171), parlament sədri Alen Simonyan (164), Babken Tunyan (159), Lilit Stepanyan (153), Zaruhi Batoyan (152), Geqam Nazaryan (148) və Hakob Arşakyan (144) qərarlaşıb.
Statistikaya görə, VIII çağırış parlamentdə iki deputat ümumiyyətlə çıxış etməyib. Bunlar "Şərəfim var" fraksiyasından Taron Marqaryan və hakim partiyanın deputatı Lusine Akmakçyandır. Bildirilir ki, Taron Marqaryan parlamentin fəaliyyətə başladığı vaxtdan deputat olsa da, heç vaxt tribuna arxasına keçməyib. Lusine Akmakçyan isə yalnız 2026-cı il aprelin 2-də deputat seçildiyi üçün çıxış etməyib.
Qanun yaradıcılığı baxımından ən fəal deputat hakim partiyadan Sisak Qabrielyan olub. O, ümumilikdə 38 qanun layihəsinin müəllifi və ya həmmüəllifidir. Parlamentin hazırkı sədri Alen Simonyan isə 23 layihə ilə bu siyahıda onuncu yerdə qərarlaşıb.
Müxalifət arasında isə ən fəal qanunverici "Hayastan" fraksiyasının deputatı Lilit Qalstyan olub. O, 4 qanun layihəsinin müəllifi və ya həmmüəllifidir. Eyni zamanda, həm hakimiyyət, həm də müxalifətdən 20-dən çox deputat beş il ərzində heç bir qanun layihəsinin hazırlanmasında iştirak etməyib.
Xarici ezamiyyətlər üzrə ilk sırada hakim partiyanın deputatı Arusyak Culhakyan yer alıb. O, 79 dəfə xarici səfərə göndərilib. Sonrakı yerlərdə Ruben Rubinyan (65), Sarkis Xandanyan (64), "Hayastan" fraksiyasından Armen Gevorqyan (63), Alen Simonyan (59), Arman Eqoyan (47), Hripsime Qriqoryan (41), Mariya Karapetyan (39), "Hayastan" fraksiyasından Armen Rustamyan (39) və Hakob Arşakyan (37) qərarlaşıb.
Məlumata görə, VIII çağırış parlamentin deputatları ümumilikdə 75 ölkəyə ezam olunublar. Ən çox səfər edilən ölkə Fransa olub – 124 səfər. Sonrakı yerlərdə Rusiya (79), ABŞ (31), Belçika (24), Almaniya (24) və Avstriya (21) gəlir. Deputatlar Gürcüstana 15, Türkiyəyə 11, İrana isə 3 dəfə səfər ediblər.
Hesabatda qeyd olunur ki, parlamentdə ən çox müzakirə olunan mövzular hüquq pozuntuları, korrupsiya, Konstitusiya, məhkəmə sistemi və xarici siyasət olub. Beş il ərzində parlamentdə ümumilikdə 6703 çıxış edilib, deputatlar tərəfindən isə 6760 sual ünvanlanıb.
ParlOur sistemi vətəndaşlara deputatların süni intellekt əsasında yaradılmış rəqəmsal modelləri ilə fərdi dialoq aparmaq imkanı da təqdim edir. Sistem deputatların parlament çıxışları, müsahibələri və sosial şəbəkələrdəki paylaşıqları əsasında onların müxtəlif məsələlərə münasibətini təqdim edir. Bundan əlavə, platformada deputatların sosial media və media fəallığını təhlil edən ayrıca bölmə də mövcuddur.
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30