Gənclər niyə xaricdə təhsilə can atırlar? - Özləri səbəbləri AÇIQLADILAR

Son illərdə xaricdə təhsil almaq gənclər arasında təkcə akademik seçim deyil, həm də gələcək karyera və şəxsi inkişaf üçün vacib addım kimi qəbul olunur. Sosial şəbəkələrdə və gündəlik söhbətlərdə tez-tez "Kaş mən də xaricdə oxuyaydım", "Burada oxumaqla nəyəsə nail olmaq çətindir", "Nə qədər ki gec deyil, xaricə getmək lazımdır" kimi fikirlərə rast gəlinir. Bu yanaşma bir çox gənc üçün artıq fərdi istəkdən çıxaraq müəyyən mənada sosial tendensiyaya çevrilib.

Mütəxəssislər qeyd edirlər ki, xaricdə təhsilə marağın artması müxtəlif amillərlə bağlıdır. Gənclər beynəlxalq diplom əldə etmək, daha müasir təhsil metodlarından yararlanmaq, xarici dil bacarıqlarını inkişaf etdirmək, fərqli mədəni mühitdə təcrübə qazanmaq və qlobal əmək bazarında rəqabət qabiliyyətini artırmaq kimi səbəblərlə bu istiqamətə üstünlük verirlər. Bununla yanaşı, bəzi gənclər yerli ali təhsil sisteminin imkanlarını məhdud hesab edir və xaricdə təhsilin daha geniş perspektivlər açacağına inanırlar.
Bəs xaricdə təhsili bu qədər cəlbedici edən əsas amillər hansılardır? Xarici universitetlər həqiqətənmi daha böyük üstünlüklər təqdim edir, yoxsa bu yanaşmada gözləntilər bəzən reallığı üstələyir? 
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistr səviyyəsində xarici universitetlərə qəbul olunmuş məzunları protest.az-a açıqlama veriblər.
Jalə Osmanlı (Zhejiang Texnologiya Universiteti / Çin) Çində təhsilin daha çox praktik bacarıqlara, layihələrə və araşdırmaya yönəldiyini, Bakıdakı təhsilin isə əsasən nəzəri biliklərə üstünlük verdiyini bildirib:
“Mən Çində, Zhejiang University of Technology (ZJUT) universitetində təhsil almağı seçdim, çünki həm akademik, həm də şəxsi inkişafım üçün bunun böyük fürsət olduğuna inanıram. Bu universitet mühəndislik, texnologiya və innovasiya sahələrində güclü təhsil sistemi ilə tanınır və beynəlxalq tələbələr üçün müasir təhsil mühiti yaradır. Universitet Çinin Hançjou (Hangzhou) şəhərində yerləşir və geniş ixtisas seçimi, müasir laboratoriyaları və beynəlxalq əməkdaşlıqları ilə seçilir.

Xaricdə təhsil almaq mənə yalnız diplom qazanmaq deyil, həm də fərqli mədəniyyətləri tanımaq, yeni dostlar qazanmaq və dünya görüşümü genişləndirmək imkanı verir. Mən hesab edirəm ki, beynəlxalq mühitdə təhsil almaq gələcək karyeram üçün mühüm üstünlük olacaq.

Çindəki təhsil ilə Bakıdakı təhsil arasında bir sıra mühüm fərqlər var. Ən əsas fərq tədrisin praktik yönümlü olmasıdır. Çində universitetlər tələbələrin nəzəri biliklə yanaşı, laboratoriya işləri, layihələr və komanda şəklində fəaliyyətlər vasitəsilə real bacarıqlar əldə etməsinə böyük önəm verirlər. Dərslərdə müasir texnologiyalardan geniş istifadə olunur və tələbələr müstəqil araşdırma aparmağa təşviq edilirlər.

Bakıda isə təhsil sistemi əsasən nəzəri biliklərin öyrədilməsinə daha çox diqqət yetirir. Çində isə tələbələrdən daha çox araşdırma aparmaq, layihələr hazırlamaq, təqdimatlar etmək və praktik problemləri həll etmək tələb olunur. Bundan əlavə, beynəlxalq tələbələrlə birlikdə oxumaq, ingilis və çin dillərində ünsiyyət qurmaq, müxtəlif mədəniyyətlərdən olan insanlarla işləmək şəxsi və peşəkar inkişaf üçün əlavə üstünlüklər yaradır.
Məhz bu səbəblərə görə mən Zhejiang University of Technology-də təhsil almağı seçdim. İnanıram ki, burada əldə edəcəyim bilik və təcrübə gələcəkdə peşəkar karyeramın formalaşmasına və beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssis olmağıma kömək edəcək”.
İlham İbrahimov (Messina Universiteti / İtaliya) Avropada təhsil almağın beynəlxalq mühitdə inkişaf etmək və yeni baxışlar qazanmaq imkanı verdiyini söyləyib:

“Mənim seçimim Messina Universiteti oldu. Bu universiteti seçməyimin bir neçə səbəbi var. İlk növbədə, proqram jurnalistika üzrə təhsilimin uğurlu davamı üçün mənə daha uyğun gəldi. Bundan əlavə, universitetin özü məni çox cəlb etdi. 1548-ci ildə əsası qoyulub və İtaliyanın ən qədim universitetlərindən biridir. Mənə elə gəlir ki, beş əsrə yaxın tarixi olan bir universitetdə oxumağın öz ruhu var. Ümumiyyətlə, Siciliyanın hər daşı tarix danışır və mən həmişə belə bir mühitdə yaşamağın maraqlı olacağını düşünmüşəm. 

Digər tərəfdən, seçimimdə Siciliyanın özü də rol oynadı. Mən həmişə Aralıq dənizi həyat tərzinə simpatiya ilə yanaşmışam. Günəşli iqlim, dənizlə iç-içə şəhər həyatı, insanların daha səmimi və sosial olması mənim üçün önəmlidir. Məncə, təhsil aldığın şəhər də universitet qədər önəmlidir. Çünki orada təkcə oxumursan, eyni zamanda yaşayırsan, formalaşırsan və dünyaya baxışın dəyişir. 

Azərbaycanda da keyfiyyətli təhsil almaq mümkündür. Sadəcə mən özüm üçün fərqli bir yol seçdim. Hesab edirəm ki, Avropada təhsil almaq beynəlxalq mühitdə formalaşmaq, müxtəlif ölkələrdən olan insanlarla işləmək, yeni baxış bucaqları qazanmaq və daha geniş peşəkar əlaqələr qurmaq baxımından əlavə üstünlüklər yaradır. Jurnalistika isə dünyanı tanımağı tələb edən peşədir. Buna görə də düşünürəm ki, bu təcrübə gələcək karyerama ciddi töhfə verəcək”.
Əli Məmmədli (Siena Universiteti, italiya) xaricdə təhsilin karyera imkanlarını və beynəlxalq təcrübəni artırdığını deyib:

“İtaliyanın Siena şəhərində yerləşən eyniadlı universitetin İctimai və Mədəni Diplomatiya ixtisasına qəbul olunmuşam. Əslində, bir neçə seçimqarşısında idim, amma mənə həm ixtisasa, həm də büdcəmə görə Siena daha uyğun gəldi.

Xaricdə təhsilin üstünlükləri, əlbəttə, çoxdur və danılmazdır. Ən əsas üstünlüklərdən biri karyera imkanlarıdır. Beynəlxalq təcrübə də bunu dəstəkləyir. Xaricdə yaşadıqda azərbaycanlı tələbələr müəyyən müddət çətinliklərlə üzləşirlər, amma zamanla alışır və daha da irəli gedirlər.

Düşünürəm ki, xaricdə təhsil almaq imkanı daha əlçatandır. Mən burada diplomatiya (beynəlxalqmünasibətlər) ixtisasına qəbul olmaq üçünyüksək bal toplamalı idim. Amma Avropada təhsil almaq üçün sadəcə IELTS sertifikatı və bir neçədigər tələb olunan amil kifayət edir”.

Məsələ ilə bağlı təhsil eksperti Adil Vəliyev də Modern.az-a danışıb.
Mütəxəssis, xaricdə təhsilin məqsəd deyil, düzgün plan qurulduqda bir fürsət olduğunu bildirib:
“Əvvəlcə birinci mövzuya toxunmaq istəyirəm. “Azərbaycanda oxumaq yaxşı deyil, mütləq xaricdə təhsil almaq lazımdır” fikri düzgün yanaşma deyil. Çünki Azərbaycanda kifayət qədər keyfiyyətli təhsil verən ali təhsil müəssisələri və perspektivli ixtisaslar var. Bu ixtisasları bitirən məzunlar həm ölkə daxilində, həm də qlobal əmək bazarında uğurla fəaliyyət göstərə bilərlər.

Bundan əlavə, bakalavr təhsilini Azərbaycanda alıb magistratura üçün xaricə getmək mümkündür. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi dövlət proqramları vasitəsilə dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanları da mövcuddur.

Xaricdə təhsil məsələsinə iki istiqamətdən yanaşmaq olar. Bir qrup insan beynəlxalq səviyyədə tanınan universitetlərdə təhsil alaraq bilik və bacarıqlarını inkişaf etdirmək, gələcək karyerasını bu istiqamətdə qurmaq istəyir. Digər qrup isə Azərbaycanda ali təhsil müəssisəsinə qəbul ola bilmədiyi üçün xaricə üz tutur. Lakin bəzi hallarda həmin universitetlərə qəbul olmaq asan, məzun olmaq isə çətin olur və tələbələr təhsillərini yarımçıq saxlamaq məcburiyyətində qalırlar.

Son illərdə Azərbaycanda da ali təhsil müəssisələrində yeni ixtisaslar, müasir laboratoriyalar yaradılır və yerli, eləcə də beynəlxalq şirkətlərlə əməkdaşlıq genişlənir. Bu əməkdaşlıqlar tələbələrə həm nəzəri, həm də praktiki biliklər əldə etməyə və gələcəkdə iş imkanları qazanmağa şərait yaradır.

Xarici universitetlərin əsas üstünlüklərindən biri daha geniş praktiki imkanlar, müasir laboratoriyalar və tədqiqat mühitinin olmasıdır. Lakin Azərbaycan universitetləri də inkişaf edir və beynəlxalq reytinqlərdə irəliləyərək xarici universitetlərlə rəqabət aparmağa başlayıb.

Gənclərə tövsiyəm odur ki, xaricdə təhsil almaq istəyirlərsə, ilk növbədə məqsədlərini müəyyən etsinlər. Seçilən ölkə, universitet və ixtisas ətraflı araşdırılmalı, təhsil haqqı, yaşayış xərcləri, təqaüd imkanları və məzun olduqdan sonra iş perspektivləri nəzərə alınmalıdır”.

Xəbər lenti
Çox oxunanlar