Koreyanın azərbaycanlı gəlini: Onlar milli geyimlərimizi "şahzadə paltarı" adlandırırlar - MÜSAHİBƏ

Xaricdə yaşayan azərbaycanlılar ölkəmizi təmsil edir, onun dili, tarixi və mədəniyyətini fərqli coğrafiyalarda tanıdırlar. Cənubi Koreyada yaşayan Zərifə İsmayılova da bu missiyanı uğurla həyata keçirən soydaşlarımızdandır. O, Seuldakı Hankuk Xarici Dillər Universitetinin (HUFS) nəzdində fəaliyyət göstərən "Xüsusi xarici dillər öyrənək" proqramı çərçivəsində əvvəlcə orta məktəb şagirdlərinə, hazırda isə böyüklərə Azərbaycan dilini tədris edir. Bununla yanaşı, Koreyanın körpələr evi və uşaq bağçalarında multikulturalizm proqramları çərçivəsində Azərbaycan mədəniyyətini təbliğ edir. Təkcə son bir ildə 50-yə yaxın bağçada dərs keçən Zərifə İsmayılova yüzlərlə koreyalı uşağı ölkəmizin musiqisi, milli geyimləri, oyunları və adət-ənənələri ilə tanış edib.
Modern.az-ın "Diasporun səsi" layihəsinin növbəti qonağı olan Zərifə İsmayılova ilə Cənubi Koreyada Azərbaycanı tanıtmaq, koreyalıların ölkəmiz haqqında ilk təəssüratları, Koreyada müəllimlik təcrübəsi və iki ölkə arasında mədəni körpülərin qurulması barədə söhbətləşdik.
– Zərifə xanım, Koreyada Azərbaycanı necə tanıdırsınız? 

– Magistratura təhsilimi başa vurduqdan sonra da fəaliyyətimi Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin Koreyada tanıdılması istiqamətində davam etdirmişəm. Hazırda Seul şəhəri və ətraf bölgələrdə yerləşən uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrində multikultural təhsil proqramları çərçivəsində Azərbaycan mədəniyyətini təbliğ edir və bu sahədə dərslər keçirəm.

Bununla yanaşı, hazırda Hankuk Xarici Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Xüsusi Dillərin Təhsil və İnkişafı İnstitutunda “Xüsusi xarici dilləri öyrənək” proqramı çərçivəsində Azərbaycan dilini tədris edirəm. Müxtəlif yaş qruplarından olan koreyalı tələbələrin yeni dil və mədəniyyət öyrənməyə göstərdikləri böyük maraq və yüksək motivasiya məni daim heyran edir. İndiyədək dərslərimdə iştirak edən tələbələr arasında ən gənci orta məktəb şagirdi, ən yaşlısı isə 74 yaşlı bir dinləyici olub. Xüsusilə həmin tələbənin onlayn dərslərdə nümunəvi davamiyyət göstərməsi və kursun sonunda imtahandan yüksək nəticə əldə etməsi öyrənməyin yaş həddi olmadığını bir daha sübut etdi və mənim üçün unudulmaz təcrübəyə çevrildi.

– Bəs bu ölkəyə getmək qərarına necə gəldiniz? 

 Mən, İsmayılova Zərifə, 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2016-cı ildə 211 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olunmuşam və 2021-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişəm.

Universitet illərindən etibarən müxtəlif xalqların tarixi və mədəniyyətini öyrənməyə böyük maraq göstərirdim. Coğrafi baxımdan Azərbaycan və Cənubi Koreya bir-birindən uzaq yerləşsə də, ailə dəyərlərinə bağlılıq, böyüklərə hörmət, zəngin mədəni irs və ənənələrin qorunması kimi bir çox ortaq xüsusiyyətə malikdir. Məhz bu oxşarlıqlar və Koreya dilinə olan marağım gələcək həyat yolumu müəyyənləşdirdi.

Universitetin ikinci kursundan etibarən Koreya dilini öyrənməyə başladım. Bunun üçün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Seconq Koreya Dili İnstitutunda qeydiyyatdan keçdim. Həmin dövrdə səhərlər Azərbaycan Dövlət Pedaqoji Universitetində, axşamlar isə BDU-dakı Seconq İnstitutunda dərslərdə iştirak edirdim. İki il davam edən intensiv hazırlıq və əzmkarlıq nəticəsində Seconq İnstitutunun təşkil etdiyi Koreya dili nitq müsabiqəsində Azərbaycan üzrə birinci yerə layiq görüldüm və beynəlxalq final mərhələsinə vəsiqə qazandım. Bu uğuruma görə Seconq İnstitutu tərəfindən Cənubi Koreyanın Kukmin Universitetində üç aylıq dil proqramında təhsil almaq imkanı əldə etdim. Beləliklə, 2021-ci ildə ilk dəfə Cənubi Koreyaya gəldim.

Dil proqramını uğurla başa vurduqdan sonra Azərbaycana qayıtdım. 2022-ci ildə koreyalı oğlanla ailə həyatı quraraq yenidən Cənubi Koreyaya köçdüm. Lakin bu ölkəyə yalnız yaşamaq üçün deyil, eyni zamanda təhsilimi davam etdirmək, elmi fəaliyyət göstərmək və Azərbaycanı daha geniş şəkildə tanıtmaq məqsədilə qayıtmışdım.

Bu istiqamətdə atdığım ilk mühüm addımlardan biri Koreya Hökumətinin Qlobal Koreya Təqaüdü (GKS) proqramına müraciət etməyim oldu. 2022-ci ildə bu nüfuzlu təqaüd proqramını qazanaraq Hankuk Xarici Dillər Universitetində magistratura təhsili almaq hüququ əldə etdim. Tarix üzrə ixtisaslaşdığım üçün elmi fəaliyyətimi də Azərbaycan tarixinin araşdırılması və beynəlxalq akademik mühitdə tanıdılması istiqamətində davam etdirdim. Magistr dissertasiyamın mövzusu “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan milli şüurunun formalaşması prosesi” olmuşdur. Bu tədqiqatın əhəmiyyəti ondadır ki, həmin mövzuda koreya dilində yazılmış ilk elmi iş məhz bir azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmışdır. Mənim üçün bu, yalnız akademik nailiyyət deyil, eyni zamanda Azərbaycan tarixinin Koreyada elmi səviyyədə tanıdılması istiqamətində atılmış mühüm bir addımdır.

– Siz həm Azərbaycan dilini tədris edir, həm də Koreyanın uşaq bağçalarında Azərbaycan mədəniyyətini tanıdırsınız. İlk dəfə "Azərbaycan" sözünü eşidən koreyalılar ölkəmiz haqqında nə soruşurlar?
 Azərbaycanın adı koreyalılar üçün hələ də kifayət qədər yeni səslənir. Buna görə də ilk dəfə ölkəmiz haqqında eşidən insanların ən çox verdiyi sual adətən “Azərbaycan harada yerləşir?” olur. Mən xəritədə ölkəmizin yerini göstərdikdən sonra onların növbəti sualları iqlim, təbiət və gündəlik həyatla bağlı olur. Məsələn, “Orada dörd fəsil var?”, “Qışda qar yağır?”, “İnsanlar hansı dildə danışırlar?”, “Əsas yeməkləriniz hansılardır?”, “Türk dili ilə Azərbaycan dili nə qədər oxşardır?” kimi sualları tez-tez eşidirəm.

Bununla yanaşı, bəzi koreyalılar Azərbaycanın müsəlman əhalisinin üstünlük təşkil etdiyini bildikləri üçün gündəlik həyat, dini ənənələr və qadınların cəmiyyətdəki rolu haqqında da maraqlanırlar. Bu zaman onlara Azərbaycanın dünyəvi dövlət olduğunu, müxtəlif din və mədəniyyətlərin tarix boyu birgə yaşadığı tolerant cəmiyyətə malik olduğunu izah edirəm. Xüsusilə qadınların təhsil, elm və peşə həyatındakı fəallığı koreyalılarda müsbət təəssürat yaradır.

– Dərslərdə Azərbaycanı uşaqlara necə təqdim edirsiniz? Onların ən çox maraq göstərdiyi mövzu nə olur? Musiqimiz, milli geyimlərimiz, yoxsa nağıllarımız?

– Hazırladığım 3 və 6 həftəlik tədris proqramları vasitəsilə uşaqlar Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olurlar. Proqram çərçivəsində milli rəqslərimiz, ənənəvi geyimlərimiz, xalq və uşaq mahnılarımız, milli musiqi alətlərimiz, yemək mədəniyyətimiz, Çövkən kimi milli idman növü, eləcə də “Yaylıq atdı” kimi ənənəvi uşaq oyunları interaktiv üsullarla təqdim edilir. Proqramın əsas xüsusiyyətlərindən biri dərslərin tamamilə Azərbaycan dilində aparılmasıdır. Bu yanaşma uşaqlara dili təbii mühitdə eşitmək və mədəniyyətlə birlikdə qavramaq imkanı yaradır.

Fikrimcə, uşaqlar üçün hazırladığım dərslərdə hər mövzu böyük maraqla qarşılansa da, onların ən çox sevdiyi hissələr milli musiqilərimiz və milli geyimlərimiz olur. Xüsusilə “Cip-cip cücələrim” mahnısı demək olar ki, bütün uşaqların sevimlisinə çevrilir. Mahnının ritmi, sadə sözləri və hərəkətlərlə müşayiət olunması uşaqların onu qısa müddətdə öyrənməsinə imkan yaradır. Dərs bitdikdən sonra belə bu mahnını zümzümə edən uşaqlarla tez-tez rastlaşıram.

Milli geyimlərimiz isə uşaqlarda xüsusi heyranlıq yaradır. Onlar geyimləri sadəcə izləməklə kifayətlənmir, mütləq geyinib özlərini həmin mədəniyyətin bir hissəsi kimi hiss etmək istəyirlər. Koreyanın ənənəvi geyimi olan hanbok ilə müqayisədə Azərbaycan milli geyimlərindəki qızılı naxışlar, parlaq işləmələr və zəngin bəzəklər uşaqların diqqətini dərhal cəlb edir. Xüsusilə qızlar bu geyimləri “şahzadə paltarı”na bənzədir və böyük həvəslə geyinirlər. Bu anlarda onların gözlərindəki sevinc və maraq Azərbaycan mədəniyyətini uşaqlara sevdirərək öyrətməyin nə qədər təsirli olduğunu bir daha göstərir.
Böyüklərə xarici ölkənin mədəniyyətini öyrətmək nisbətən asan olsa da, məktəbəqədər yaşlı uşaqlara bunu sevdirərək çatdırmaq həm böyük məsuliyyət, həm də xüsusi pedaqoji bacarıq tələb edir. Mən bu sahəni məhz ona görə seçmişəm ki, uşaqlar gələcəyin cəmiyyətini formalaşdıran nəsildir. Hesab edirəm ki, onlarda erkən yaşlardan Azərbaycan haqqında düzgün və müsbət təsəvvür formalaşdırmaq, ölkəmizin gələcəkdə Koreyada daha yaxından tanınmasına töhfə verə bilər.


– Azərbaycan dilini öyrənmək istəyən koreyalılar daha çox hansı məqsədlə bu dili seçirlər?

– Azərbaycan dilini öyrənən koreyalıların bu dili seçmək səbəbləri müxtəlifdir. Bəziləri Qafqaz regionunun tarixi və mədəniyyətinə maraq göstərdiyi üçün, digərləri isə gələcəkdə təhsil, biznes, diplomatiya və ya turistik məqsədlərlə Azərbaycana səfər etməyi planlaşdırdıqları üçün bu dili öyrənirlər. Son illərdə Azərbaycan ilə Koreya arasında iqtisadi, akademik və mədəni əməkdaşlığın genişlənməsi də bu dilə marağın artmasına təsir göstərən mühüm amillərdən biridir. Bundan əlavə, bəzi tələbələr daha az öyrənilən dilləri mənimsəməklə öz peşəkar biliklərini genişləndirməyi və gələcək karyeralarında rəqabət üstünlüyü qazanmağı hədəfləyirlər.

– Azərbaycanda bir çox insan Koreyanı əsasən K-dramalar və filmlər vasitəsilə tanıyır. Sizcə, ekranlarda gördüyümüz Koreya ilə real Koreya arasında ən böyük fərq nədir?

– Düşünürəm ki, ekranlarda gördüyümüz Koreya ilə real Koreya arasında ciddi fərq yoxdur. Əksinə, seriallarda və filmlərdə təsvir olunan təmiz küçələr, inkişaf etmiş şəhər infrastrukturu, rahat ictimai nəqliyyat sistemi və insanların nizam-intizama verdiyi önəm gündəlik həyatda da özünü göstərir. Əlbəttə, ekran əsərlərində daha çox romantik və dramatik hadisələr ön plana çıxarıldığı üçün həyatın çətin tərəfləri hər zaman tam əks olunmur. Lakin ümumi mənzərəyə baxdıqda, Koreyanın müasir, təhlükəsiz və yüksək həyat keyfiyyətinə malik bir ölkə olduğu fikri reallıqla böyük ölçüdə üst-üstə düşür.

– K-dramalarda hər şey çox romantik və ideal görünür. Bəs gündəlik həyatda koreyalılar doğrudanmı bu qədər emosiyalarını gizlədən insanlardır?

– Mənim müşahidələrimə görə, koreyalılar emosiyalarını düşündüyümüz qədər gizlətmirlər. Əksinə, onları qonşu Yaponiya ilə müqayisə etdikdə daha səmimi və hisslərini ifadə etməyə meyilli insanlar hesab edirəm. İlk tanışlıqda müəyyən qədər təmkinli davransalar da, yaxın münasibət yarandıqdan sonra sevincini, qayğısını və narahatlığını açıq şəkildə bölüşürlər. Buna görə də K-dramalarda gördüyümüz emosional səhnələr müəyyən qədər bədii şişirtmə olsa da, insanların səmimiyyəti və qayğıkeşliyi real həyatda da hiss olunur.

– Azərbaycanda elə təsəvvür var ki, Koreyada hamı K-pop dinləyir. Həqiqətən BTS və digər idol qrupları gündəlik həyatın ayrılmaz hissəsidir, yoxsa bu daha çox xaricdən görünən mənzərədir?

–  K-pop Cənubi Koreyanın dünyada tanınmasına böyük töhfə verən mədəniyyət sahələrindən biridir. Lakin xaricdə formalaşan təsəvvürün əksinə olaraq, gündəlik həyatda hər kəsin K-pop və ya idol qrupları ilə yaxından maraqlandığını demək doğru olmaz. Müşahidələrimə görə, küçədə rast gəldiyiniz adi bir koreyalıdan məşhur idol qrupları haqqında soruşsanız, onların bəziləri hətta həmin qrupların adlarını belə bilməyə bilər. K-pop daha çox gənclər və bu sahəyə xüsusi maraq göstərən insanlar arasında populyardır, lakin bütün cəmiyyəti təmsil edən bir fenomen kimi qiymətləndirilə bilməz.

– Koreyalılar "Mən azərbaycanlıyam" sözünü eşidəndə ilk reaksiyaları necə olur? Elə suallar verirlər ki, sizi təəccübləndirir?

– Açığını desəm, “Mən azərbaycanlıyam” dedikdə insanların əksəriyyəti əvvəlcə ölkəmizi tanımır. Adətən bir neçə saniyə düşünüb “Hansı ölkədir?” və ya “Harada yerləşir?” deyə soruşurlar. Bəzən isə Azərbaycanı başqa ölkələrlə qarışdırırlar. Mən bunu heç vaxt mənfi qarşılamıram. Əksinə, hər belə söhbəti ölkəmi tanıtmaq üçün gözəl fürsət hesab edirəm. Bir neçə dəqiqəlik söhbətdən sonra onların “Bir gün mütləq Azərbaycana getmək istəyərəm” deməsi isə mənim üçün ən böyük sevinc olur.


– Azərbaycanda qonaqpərvərlik çox məşhurdur. Koreyalıların qonaq qəbul etmə mədəniyyəti bizimkindən nə ilə fərqlənir?

–  Azərbaycan qonaqpərvərlik ənənələri ilə seçilən ölkələrdən biridir və qonağı evdə qəbul etmək mədəniyyətimizin ayrılmaz hissəsidir. Koreyada da keçmişdə ailə və dostların bir-birini evə dəvət etməsi daha geniş yayılmışdı. Lakin müasir həyat tərzi və insanların sıx iş qrafiki bu ənənəyə müəyyən dərəcədə təsir göstərib. Bu gün koreyalılar qonaqpərvərliklərini daha çox restoran və ya kafelərdə görüş təşkil edərək göstərirlər. Onlar birlikdə yemək yeməyə böyük önəm verir və qonağa hesab ödəmək, onu dadlı yeməklə qonaq etmək hörmət və səmimiyyətin ifadəsi hesab olunur.

– Azərbaycanda tam normal sayılan, amma "Koreyada etsək xoş qarşılanmayacaq" hansı davranışlar var?

– Azərbaycan və Koreya hər ikisi böyüklərə hörmət verən cəmiyyətlərdir. Lakin bu hörmətin ifadə olunma forması fərqlənir. Məsələn, Koreyada yaşca böyük bir insana nəyisə bir əllə vermək və ya qəbul etmək nəzakətli hesab olunmur; adətən hər iki əldən istifadə edilir. Bundan əlavə, böyüklər yeməyə başlamadan süfrəyə başlamaq və ya içki süfrəsində yaşca böyük şəxsin qarşısında müəyyən etiket qaydalarına əməl etməmək də xoş qarşılanmır. Bu kimi incə davranış qaydaları koreyalılar üçün qarşı tərəfə hörmətin mühüm göstəricisidir və gündəlik həyatda onlara xüsusi diqqət yetirilir.

– Əksinə, Koreyada adi hesab olunan, amma Azərbaycanda insanlara qəribə görünə biləcək hansı vərdişlər diqqətinizi çəkib?

– Koreyada mənə maraqlı görünən məqamlardan biri insanların tək vaxt keçirməyi tamamilə normal qəbul etməsidir. Restoranda tək yemək yemək və ya kafedə tək qəhvə içmək burada adi haldır və buna heç kim təəccüblənmir. Bundan əlavə, ictimai nəqliyyatda insanların alçaq səslə danışması və ətrafdakıların rahatlığını nəzərə alması diqqətimi çəkən mədəni xüsusiyyətlərdəndir. Həmçinin tullantıların, xüsusilə qida qalıqlarının ciddi qaydalarla çeşidlənməsi koreyalıların nizam-intizama və ətraf mühitə verdiyi önəmi aydın şəkildə göstərir.
Bundan başqa, hər il mayın 8-i Koreyada valideynlər günü kimi qeyd edilir. Bu zaman valideynlərə övladları tərəfindən adətən qərənfil hədiyyə edilir. Azərbaycanda isə xoş günlərdə qərənfil hədiyyə etmək düzgün sayılmır. 

– Siz həm universitet proqramı çərçivəsində Azərbaycan dilini tədris edir, həm də özəl bağçada müəllim işləyirsiniz. Koreyada müəllim peşəsinə münasibət necədir?

– Koreyada müəllim peşəsi cəmiyyətdə hörmət edilən və böyük məsuliyyət daşıyan peşələrdən biri hesab olunur. Xüsusilə müəllimin peşəkarlığına, hazırlıq səviyyəsinə və uşaqlarla ünsiyyət bacarığına yüksək qiymət verilir. Öz təcrübəmdə də hiss etmişəm ki, müəllimə böyük etimad göstərilir və onun əməyinə dəyər verilir. Düşünürəm ki, məhz bu yanaşma Koreyada təhsil sisteminin uğurunda mühüm rol oynayan amillərdən biridir.

– Koreyada işləməyin ən çətin tərəfi nədir? İş intizamı doğrudanmı filmlərdə göstərildiyi qədər sərtdir?

– Koreyada işləməyin ən çətin tərəflərindən biri yüksək iş intizamına və kollektiv iş mədəniyyətinə uyğunlaşmaqdır. İnsanlar öz işlərinə böyük məsuliyyətlə yanaşır, vaxt və nizam-intizam məsələlərinə ciddi riayət edirlər. Bəzi iş yerlərində işdən sonra keçirilən kollektiv şam yeməkləri və ya içki məclisləri hələ də iş həyatının bir hissəsi hesab olunur. Bundan əlavə, kollektivə yeni qoşulan əməkdaşdan digərlərinə nisbətən daha çox təşkilati və gündəlik işləri yerinə yetirməsi gözlənilə bilər. Son illərdə bu ənənələr əvvəlki illərlə müqayisədə xeyli zəifləsə də, bəzi müəssisələrdə hələ də davam edir və xarici əməkdaşlar üçün ilk vaxtlar uyğunlaşmaq müəyyən çətinlik yarada bilir.

– Xarici vətəndaş kimi hansı çətinliklərlə üzləşmisiniz və onları necə aşmısınız?

– Açığını desəm, Koreyada yaşadığım beş il ərzində ciddi çətinliklərlə və ya ayrı-seçkilik halları ilə qarşılaşmamışam. İlk vaxtlar ən böyük çətinliyim dilə və fərqli həyat tərzinə uyğunlaşmaq, rəsmi prosedurları və gündəlik sistemi öyrənmək idi. Lakin koreya dilini bilməyim bu prosesi xeyli asanlaşdırdı. Bundan əlavə, həyat yoldaşımın koreyalı olması da gündəlik həyat, sənədləşmə işləri və cəmiyyətə uyğunlaşma baxımından mənə böyük dəstək oldu. Eyni zamanda, Koreya dövlətinin xarici vətəndaşlar üçün təşkil etdiyi dil kursları və müxtəlif inteqrasiya proqramları yeni mühitə daha rahat uyğunlaşmağıma əhəmiyyətli dərəcədə kömək etdi.

– Koreyada yaşamağı xəyal edən çox azərbaycanlı var. Sizcə, oraya köçmək istəyən insanların ən böyük yanlış təsəvvürü nədir?

– Düşünürəm ki, ən böyük yanlış təsəvvür Koreyada yaşamağın seriallarda göründüyü qədər asan və ideal olduğuna inanmaqdır. Hər bir ölkədə olduğu kimi, burada da rahat həyatın arxasında zəhmət, məsuliyyət və cəmiyyətin qaydalarına uyğunlaşmaq dayanır. Koreyada yaşamaq üçün təkcə bu ölkəni sevmək kifayət deyil, dili öyrənmək, mədəniyyətə hörmətlə yanaşmaq və yeni mühitə uyğunlaşmağa hazır olmaq vacibdir. Bu şərtlər yerinə yetirildikdə isə Koreya yaşamaq və inkişaf etmək üçün həqiqətən böyük imkanlar təqdim edən bir ölkədir.

– Hankuk Xarici Dillər Universitetində təhsil almaq sizə nə qazandırdı? Bu universitet niyə xarici tələbələr üçün cəlbedicidir?

– Hankuk Xarici Dillər Universitetində təhsil almaq mənə həm elmi, həm də şəxsi inkişaf baxımından mühüm töhfələr verdi. Tarix sahəsinə marağım daha da artdı, akademik araşdırma və elmi yazı bacarıqlarımı inkişaf etdirdim, eyni zamanda koreya dilində akademik səviyyədə işləmək imkanını qazandım. Universitetdə müxtəlif ölkələrdən olan tələbələrlə tanış olmaq dünyagörüşümü genişləndirdi və mənə beynəlxalq dostluqlar qazandırdı. Məhz bu təhsil sayəsində bu gün həmin universitetdə Azərbaycan dilini tədris etmək imkanı əldə etmişəm. Düşünürəm ki, universitetin beynəlxalq mühiti, yüksək təhsil keyfiyyəti və tələbələrə təqdim etdiyi geniş akademik imkanlar onu xarici tələbələr üçün xüsusilə cəlbedici edir.

– Koreya təhsil sistemində sizi ən çox təəccübləndirən hansı məqam olub?

– Koreya təhsil sistemində məni ən çox təəccübləndirən məqamlardan biri nəzəri biliklə yanaşı, praktikaya böyük önəm verilməsidir. Dərslər yalnız auditoriyada mühazirə şəklində keçmir; müxtəlif layihələr, təqdimatlar, ekskursiyalar və təcrübə yönümlü fəaliyyətlər tədris prosesinin ayrılmaz hissəsidir. Bu yanaşma tələbələrin öyrəndiklərini real həyatda tətbiq etməsinə və dərslərə daha böyük maraq göstərməsinə şərait yaradır. Düşünürəm ki, məhz bu üsul təhsili daha səmərəli və yaddaqalan edir.

– Sabah ilk dəfə Koreyaya gələcək bir azərbaycanlı üçün üç məkan seçməli olsanız, hara getməyi məsləhət görərdiniz?

– Əgər ilk dəfə Koreyaya gələn bir azərbaycanlıya üç məkan tövsiyə etməli olsam, ilk olaraq Seuldakı Gyeongbokgung Sarayını seçərdim. Bu saray Koreyanın tarixi, memarlığı və kral irsi ilə yaxından tanış olmaq üçün ən yaxşı məkanlardan biridir. İkinci olaraq Busanda yerləşən Haedong Yonggungsa Buddist məbədini tövsiyə edərdim. Dəniz sahilində yerləşən bu məbəd öz möhtəşəm mənzərəsi və sakit atmosferi ilə digər məbədlərdən fərqlənir. Üçüncü seçimim isə Cecu adası olardı. Vulkanik təbiəti, şəlalələri, sahil mənzərələri və özünəməxsus mədəniyyəti ilə Cecu adası Koreyanın ən gözəl turizm məkanlarından biri hesab olunur və ölkənin fərqli simasını görmək istəyən hər kəs üçün unudulmaz təcrübə vəd edir.


– Koreyanın turistlərin çox da bilmədiyi, amma mütləq görülməli hesab etdiyiniz yerlər hansılardır?

– Mənim fikrimcə, Koreyada turistlərin mütləq görməli olduğu, lakin çox vaxt diqqətdən kənarda qalan məkanlardan biri DMZ-dir (Koreya Silahsızlaşdırılmış Zonası). Burada Şimali və Cənubi Koreya arasındakı sərhədi yaxından görmək, Dora Rəsədxanasından Şimali Koreya ərazisini izləmək və Koreya yarımadasının bölünmüş tarixini daha dərindən anlamaq mümkündür. Bu, sadəcə turistik məkan deyil, həm də Koreyanın keçmişini və bu gününü daha yaxşı dərk etməyə imkan verən unikal bir təcrübədir.

– Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirlərdə iştirak etmisiniz. Bu fəaliyyət Koreyadakı azərbaycanlıları bir araya gətirmək baxımından nə dərəcədə əhəmiyyətlidir?

– Koreyada yaşayan azərbaycanlıların sayı çox olmasa da, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Koreya Respublikasındakı Səfirliyinin təşkil etdiyi tədbirlər bizi bir araya gətirmək baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan Mədəniyyət Gecəsi, Novruz bayramı, Müstəqillik Günü kimi tədbirlərdə mütəmadi olaraq görüşür, yeni insanlarla tanış olur və artıq illərdir davam edən dostluqlar qururuq. Bu cür görüşlər xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəylik hissini daha da gücləndirir. Düşünürəm ki, belə tədbirlər təkcə azərbaycanlıları bir araya gətirmir, eyni zamanda ölkəmizin mədəniyyətini koreyalılara tanıtmaq üçün də gözəl fürsət yaradır.


– Sizcə, Cənubi Koreyada Azərbaycanın tanıdılması üçün ən böyük potensial hansı sahədədir: mədəniyyət, təhsil, turizm, yoxsa iqtisadi əməkdaşlıq?

– Məncə, bu sahələrin hamısı vacibdir, lakin Azərbaycanın Cənubi Koreyada tanıdılması üçün ən böyük potensial məhz təhsil və mədəniyyət sahəsindədir. Çünki bir insan ölkənin dilini öyrənməyə və mədəniyyətini tanımağa başladıqda, onun tarixinə, turizminə, mətbəxinə və hətta iqtisadi imkanlarına da maraq göstərməyə başlayır. Öz müəllimlik təcrübəmdə də bunun şahidi olmuşam: Azərbaycan dili öyrənən tələbələrin bir çoxu sonradan ölkəmizə səyahət etmək, milli mətbəximizi dadmaq və tariximiz haqqında daha çox məlumat əldə etmək istədiklərini bildirirlər. Düşünürəm ki, mədəniyyət və təhsil digər bütün sahələr üçün ən möhkəm körpünü yaradır.

– Koreyada yaşayan azərbaycanlıların sayı çox olmasa da, bir-birinizə dəstək ola bilirsinizmi? Diaspor mühiti necə formalaşıb?

– Koreyada yaşayan azərbaycanlıların sayı çox olmasa da, imkan olduqca bir-birimizə dəstək olmağa çalışırıq. Gündəlik həyatın və iş qrafikinin intensivliyi səbəbindən tez-tez görüşmək mümkün olmasa da, bayramlar, mədəni tədbirlər və səfirliyin təşkil etdiyi görüşlər bizi bir araya gətirir. Mən istərdim ki, gələcəkdə bu cür tədbirlərə Koreyada yaşayan daha çox azərbaycanlı dəvət olunsun və soydaşlarımız arasında əlaqələr daha da güclənsin. İnanıram ki, bu, diasporumuzun daha sıx və fəal şəkildə formalaşmasına öz töhfəsini verəcək.

Çox oxunanlar