Özünü doğrultmayan universitetlərdən bəzi ixtisaslar alınsın! - EKSPERT

2026-cı il üzrə ali məktəblərə qəbul kampaniyasında ilk dəfə tələbə qəbulu aparacaq yeni universitet gözlənilmir. Bununla yanaşı, ali təhsil müəssisələrində yeni ixtisas proqramlarının açılması nəzərdə tutulur.
Təhsil eksperti Ramin Nurəliyev protest.az-a bildirib ki, bu il yeni yaradılmış universitet olmadığı üçün ilk dəfə tələbə qəbul edəcək ali təhsil müəssisəsi də yoxdur.
Onun sözlərinə görə, son illərdə Qarabağ Universiteti və Azərbaycan–Türkiyə Universiteti kimi yeni ali məktəblər fəaliyyətə başlasa da, 2026-cı il qəbulunda belə bir yenilik gözlənilmir.
Ekspert qeyd edib ki, builki qəbulun əsas yeniliklərindən biri süni intellekt ixtisasının müstəqil proqram kimi ali məktəblərdə tədrisinə başlanmasıdır.
"İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, ADA Universitetində və digər nüfuzlu ali məktəblərdə süni intellekt ixtisaslarının açılması ehtimal olunur. Bundan başqa, kənd təsərrüfatı istiqamətində də yeni ixtisasların yaradılması gözlənilir", – deyə o bildirib.
R.Nurəliyev vurğulayıb ki, yeni ixtisaslar və qəbul planları ilə bağlı tam məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının IV nömrəsi dərc edildikdən sonra məlum olacaq.
Ekspert hesab edir ki, dövlət yaxın illərdə xüsusilə kompüter və informasiya texnologiyaları istiqamətində kadr hazırlığını daha da gücləndirəcək. Onun sözlərinə görə, I ixtisas qrupunun riyaziyyat-informatika alt qrupu üzrə dövlət sifarişli yerlərin artırılması gözlənilir.
Ramin Nurəliyev eyni zamanda bəzi ixtisaslar üzrə plan yerlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, əmək bazarının tələblərinə cavab verməyən və məzunlarının məşğulluq imkanları zəif olan ixtisasların sayı azaldılmalıdır.
Ekspert xüsusilə maşın mühəndisliyi üzrə plan yerlərinin həddindən artıq çox olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi universitetlərdə bu ixtisasa 210–220 balla dövlət sifarişi əsasında qəbul aparılması təhsilin keyfiyyəti baxımından narahatlıq yaradır.
R.Nurəliyev ali məktəblərdə ixtisasların akkreditasiyasına və keyfiyyətə nəzarətin də gücləndirilməsini təklif edib. O bildirib ki, laboratoriya və praktik baza olmadan mühəndislik ixtisaslarının tədrisi yolverilməzdir.
"Ali Təhsil üzrə Dövlət Agentliyi mütəmadi monitorinqlər aparmalı, zəruri infrastruktur və tədris imkanlarını təmin edə bilməyən universitetlərdən həmin ixtisasların tədris hüququ alınmalıdır. Bu gün ali təhsil sisteminin əsas problemlərindən biri tədrisin keyfiyyətinin arzuolunan səviyyədə olmamasıdır", – deyə ekspert əlavə edib.
 

Xəbər lenti
Çox oxunanlar