Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq

Finlandiyada tətbiq edilən çevik iş modeli Azərbaycan üçün ən uyğun nümunələrdən biridir.
Bu sözləri protest.az-a açıqlamasında insan resursları üzrə aparıcı mütəxəssis Aytən Şıxalıyeva deyib.
Onun sözlərinə görə, bu model işçiyə müəyyən çərçivədə iş saatlarını seçmək imkanı yaratmaqla yanaşı, işəgötürən üçün də iş vaxtının uçotu və idarə olunması baxımından aydın mexanizmlər təmin edir:
"Burada əsas prinsip həftəlik iş vaxtı normasının müəyyən hesabat dövrü ərzində qorunması və bütün iş saatlarının elektron şəkildə uçota alınmasıdır. Azərbaycan üçün də ən real model iş saatlarının tam sərbəst buraxılması deyil, "əsas iş saatları + çevik başlanğıc və bitmə vaxtı + elektron iş vaxtı uçotu" prinsipinə əsaslanan çevik iş rejimidir. Bu yanaşma həm işçinin sərbəstliyini təmin edir, həm də işəgötürənin idarəetmə və nəzarət imkanlarını qoruyub saxlayır".

Qeyd edək ki, Finlandiyada standart iş həftəsi adətən 37.5-40 saat təşkil edir. Bu isə həftədə 5 gün olmaqla, gündəlik 7.5-8 saatlıq iş rejimi deməkdir. Ölkədə normadan artıq iş saatları (overtime) həvəsləndirilmir.

Fin qanunvericiliyinə əsasən, işçilərin böyük hissəsi günün başlanma və bitmə saatlarını özləri tənzimləyə bilirlər. Məsələn, 07:00-15:00 və ya 09:00-17:00 rejimləri ən çox üstünlük verilənlər arasındadır. Bundan başqa, hibrid və məsafədən iş modeli də geniş yayılıb.

Ölkədə illik ödənişli məzuniyyət müddəti adətən 4-5 həftədir. Eyni zamanda, həm analar, həm də atalar üçün bərabər və geniş imkanlar yaradan valideyn məzuniyyəti sistemi tətbiq olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində ölkədə beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı rejiminin tətbiqi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartlarına əsaslanan bu model həftəlik 40 saatlıq iş normasını saxlamaqla, işçiyə günün başlanma və bitmə saatlarını müəyyən çərçivədə sərbəst seçmək imkanı verir.
2026–2030-cu illər ərzində beynəlxalq təcrübə araşdırılacaq, normativ-hüquqi baza hazırlanacaq və sistem mərhələli şəkildə tətbiq olunacaq.

Xəbər lenti
Çox oxunanlar