Baxış üçün dəyərini itirənlər - Tiktokerlər niyə qəhrəman oldu?

Qəhrəman... Bu sözün yükü ağırdır. Qəhrəman cəmiyyətə yol göstərən, əməli, zəhməti və fədakarlığı ilə başqalarının həyatına toxunan insandır. Qəhrəman olmaq üçün bəzən ömür sərf etmək, bəzən həyatını riskə atmaq, bəzən isə illərlə çalışaraq insanlara fayda vermək lazım gəlib. Həkim həyat xilas edib, müəllim nəsillər yetişdirib, alim kəşfləri ilə dünyanı dəyişib, şəhid Vətəni uğrunda canından keçib, sənətkar isə yaratdığı əsərlərlə cəmiyyətin düşüncəsinə təsir edib. Bu gün isə sosial şəbəkələrdə biraz baxış toplaya bilsən “qəhrəmansan”. Milyonlarla baxış toplayan videoların əksəriyyətində nə maarifləndirici fikir var, nə yaradıcı məzmun, nə də cəmiyyətə fayda verəcək bir mesaj. Əvəzində qəribə davranışlar, qalmaqallar, qarşılıqlı təhqirlər, şəxsi həyatın nümayişi və süni gündəmlər var.
Cəmiyyət niyə belə insanları məşhurlaşdırır?
Əslində problem təkcə kontent yaradanlarda deyil. Problem onları izləyən, paylaşan, müzakirə edən və nəticədə məşhurlaşdıran auditoriyadadır. Baxışlar, bəyənmələr, şərhlər həmin insanın populyarlığını artırır. İnsanlar sevmədikləri insanlara  belə baxmaqdan imtina etmirlər. Əksinə, tənqid etmək üçün izləyirlər. Amma alqoritm üçün bunun heç bir fərqi yoxdur. Alqoritm üçün vacib olan baxışdır. Bu gün TikTok-da məşhur olan simaların bir qismi istedadı, yaradıcılığı və ya peşəkarlığı ilə deyil, qalmaqal yaratmaq bacarığı ilə gündəmdə qalır. Nə qədər çox mübahisə, nə qədər çox qeyri-adi davranış olarsa, izlənmə də bir o qədər artır. Faydalı məlumat bəzən min nəfərə çatdığı halda, “qırğın” videolar milyonlarla insana göstərilir.
Rəqəm bəlası
Cəmiyyət artıq uğuru rəqəmlərlə ölçməyə başlayıb. Milyon izləyicisi olan hər kəs avtomatik olaraq uğurlu, nüfuzlu və təsirli şəxs kimi qəbul edilir. Halbuki izləyici sayı heç də həmişə ictimai faydanın göstəricisi deyil. Əksinə, bəzən ən faydalı işi görən insanlar geniş auditoriyaya malik olmurlar.İnsanların belə məzmuna maraq göstərməsinin müxtəlif səbəbləri ola bilər. Bunlardan biri gündəlik həyatın yaratdığı yorğunluq və stressdir. İnsan saatlarla işlədikdən, problemlərlə üzləşdikdən sonra düşünmək tələb etməyən, qısa və əyləncəli videolara üstünlük verir. Beyin bu videoları daha rahat qəbul edir. Bir neçə saniyəlik gülüş insana müvəqqəti rahatlıq hissi verir.
Digər psixoloji səbəb - müqayisə hissi
 İnsanlar bəzən başqalarının səhvlərinə, uğursuzluqlarına və ya gülünc vəziyyətlərinə baxaraq özlərini daha yaxşı hiss etməyə çalışırlar. Yəni insan öz problemlərini düşünmək əvəzinə, başqasının vəziyyətinə gülərək müvəqqəti üstünlük hissi yaşayır. Bu hiss uzunmüddətli xoşbəxtlik yaratmasa da, ani emosional rahatlıq verir. Bəzən insanlar öz həyatlarında həll edə bilmədikləri problemlərdən qaçmaq üçün saatlarla başqalarının həyatını izləyirlər. Başqasının qalmaqalı, ailə problemi, şəxsi münasibətləri və ya gündəlik mübahisələri tamaşaya çevrilir. Lakin ekran bağlandıqdan sonra özümüzün qəhrəman olduğu həyata qayıdırıq.
Gələcək müəllimləri, həkimləri itiririk…
Məsələnin ən narahatedici tərəflərindən biri isə uşaqlar və yeniyetmələrdir. Çünki onlar sosial şəbəkələrdə ən çox qarşılarına çıxan simaları izləyir, onlara bənzəməyə çalışır və zamanla onları uğur nümunəsi kimi qəbul edirlər. Bir vaxtlar uşaqlar həkim, müəllim, alim, mühəndis, pilot və ya idmançı olmağı arzulayırdısa, bu gün "mən də bloger olacağam", "TikToker olacağam" fikirlərini daha tez-tez eşitmək olur.
Tanınmış psixoterapevt Elmir Əkbər deyir ki, cılız insanların seçimləri də cılız olur:

"Cəmiyyətdə sürətlə deqradasiya prosesi gedir. İnsanlar dayazlaşır, dəyərlər primitivləşir. Baxış sayından bilirik ki, cəmiyyət hansı musiqiləri dinləyir, hansı xəbərləri izləyir. Cılızlaşan cəmiyyətin marağı da, sevgisi də cılız olur.
İnsan daxildə bədbəxt olanda zahirdə müəyyən nöqtələr axtarıb boşluğunu gizlədir. Heç kim olduğunu dərk edən insanlar başqalarının bədbəxtliyindən təskinlik tapırlar. Deyirlər ki, başqasının başına gələn hadisə, şükür, məndən uzaq oldu".
O həmçinin vurğulayıb ki, başqalarının ardından qaçanlar öz üzərlərində işləməyəcək, qabağa getmək haqqında düşünməyəcəklər:
"Bir məsəl var: keşik nə gündədirsə, onun möizəsinə gələnlər də o gündədir. Cəmiyyətin qəhrəmanları primitiv varlıqlardırsa, görün, kütlə nə gündədir. Primitiv kütlə birhüceyrəli varlıqları özünə qəhrəman edir.
Bir məsələ haqqında danışan insan həmin sahə haqqında bilgiyə sahib olmalıdır. Baxıram ki, təhsilsiz psixoloqların necə böyük auditoriyası var. Hətta elə təhsilli həkim və ya psixoloq tanıyıram ki, baxış yığmaq üçün meymunluq edir. Biri vannaya girib video çəkir, biri başına vedrə keçirir. Bu gün baxış sayı hər şeyi həll edir", - deyə E.Əkbər qeyd edib.
Bütün TikTok yaradıcılarını eyni kateqoriyaya aid etmək düzgün olmaz. Bu platformada maarifləndirici videolar hazırlayan müəllimlər, həkimlər, psixoloqlar, hüquqşünaslar, tarixçilər, müxtəlif peşə sahibləri də fəaliyyət göstərirlər. Onlar faydalı məlumat paylaşır, insanlara yeni bacarıqlar öyrədir, öz təcrübələrini bölüşürlər. Problem platformanın özündə deyil. Problem bizim seçimlərimizdir.
Əsas sual "Niyə belə tiktokerlər var?” yox, "Biz niyə onları məşhur edirik?" olmalıdır.  Çünki hər baxış bir bir dəstəkdir. Hər şərh həmin məzmunun daha çox insana çatmasına xidmət edir. Sosial medianın qəhrəmanlarını alqoritm yox, cəmiyyət seçir. Bəlkə də dəyişməli olan ilk şey ekranın o biri tərəfində duran insanın seçimidir. Çünki hansı məzmuna zaman ayırırıqsa, sabah internet də bizə məhz onu təqdim edəcək. Əgər cəmiyyət dəyər yaradan insanları izləməyi seçərsə, görünən qəhrəmanlar da dəyişəcək. Əks halda, qısa videoların yaratdığı süni şöhrət həqiqi uğurun önünə keçməyə davam edəcək və biz hər gün eyni sualı verməyə məcbur olacağıq: Doğrudanmı qəhrəmanlarımız bunlardır?

Xəbər lenti
Çox oxunanlar