Xeyr, sərt yazmayacam. Sadəcə acı gerçəklikləri oldugu kimi: malasız, bəzək-düzəksiz qələmə alacam. Kimlərinsə xoşuna gəlməsə belə.
***
Nə baş verir? Ortada iki Tv aparıcısı var. Sıradan, 100-lərlə TV aparıcısından biriləri. Sıradan ona görə ki, xəbər oxucusu olublar. Hansısa xüsusi, yaddaqalan bir araşdırmaları və ya müharibə vaxtı cəbhə xəttindən reportajları olmayıb. TV-lərin, indikindən fərqli olaraq qıt vaxtında, biri Az.Tv-də, digərisə ANS-də xəbər oxuyub. Biri xarizmatik görünüşü və səsi, o birisi anasının Milli qəhrəman olması səbəbindən populyarlıq qazanıb. Bu səbəbdən hətta nüfuzlu nazirliklərdə Mətbuat xidməti kimi hörmətli vəzifələrə qədər belə yüksəlib.
***
Amma zaman-zaman bu şöhrət, populyarlıq bu insanlarda baş gicəllənməsi yaratdı. Yollarını azdılar. Əvvəl içkiyə, sonra bir az da irəliyə gedib narkotikə qurşandılar. Bu şəxslərə həm yaxınları, həm də ki, həmkarları tərəfindən dəfələrlə bu yoldan dönmələri xahiş olunsa da, xeyri olmadı. Dövlət orqanları tərəfinədən də yardım əli uzadıldı. Müalicə olundular. İşlə təmin edildilər. Nəsimini, ləkələnmiş reputasiyasına rəğmən APA , daha sonra isə Az.Tv kimi Dövlət kanalında yüksək vəzifəyə götürdülər. Amma xeyri olmadı. İslah olunmadılar. Bütün edilənləri qiymətləndirmədilər.
Az keçməmiş yenə də qayıtdılar həmin zərərlı vərdişlərinə. Adamlar işıq gələn tərəfə deyil, "tüstü" gələn tərəfə getməyi üstün tutdular. Və sonunda da hər kəs "əşşi cəhənnəmə ki, biz etdiyimizi-etdik, özü bilər; can onun, cəhənnəm Allahın " deyib durdular kənara.
***
İndi son günlər Nəsimi, ardınca da Ceyhunun vəziyyətinin agırlaşma xəbəri növbəti dəfə gündəmə gələndə yazılan kommentlərdə bir çoxları Nail Kərimliyə müraciət edərək " Nail qardaş, nə olar bu adamlara kömək et. Onları reabilitasiya mərkəzlərindən birinə yerləşdir" kimi çağırış, daha doğrusu yalvarışlar olundu. Və Nail də sag olsun, əlaqələrindən istifadə edib buna getdi. Reablitasiya mərkəzlərindən biri onları təmənnasız olaraq himayədarlığa götürdü.
***
Və başlandı. Həmin bu Nəsimi və Ceyhun üçün "bir yaralı barmağına dərman olmayanlar" aləmi qatdılar biri-birinə ki " ay nə bilim "onları niyə o görkəmdə göstərib gözdən salırsınız? Bu mərkəzləri hüquq-mühafizə orqanları araşdırmalıdir ki, bunlar hansı əsasnamə ilə işləyirlər? Fəaliyyətləri qanunidirmi?" və.s.
Ay balam, bu nə saxta isterika, yalançı şüvənçılıkdı? Sizlər dünən harada idiniz? bu gün hardasınız? sabah harada olcaqsınız? Bu gün bu adamlar gündəmdədirlər deyə siz də onlar haqda danışıb, gündəm olursunuz. Sabah öləndə axı dəfninə belə getməyəcəksiniz. Niyə insanların əziyyətini yerə vurursunuz? "Bunu reklam xatirinə edirlər" deyirsiniz. Lap haradasa ona görə edir. Əcəb də edir. Kimə borcları var: Nəsimiyə, Ceyhuna, yoxsa sizə? Adamlar bu işi pulsuz etməyə boyun olublar. Amma filan qədər icarə, personal, yemək, müalicə xərcləri altındadırlar.
***
Hansı "gözdən salmaq"dan söhbət gedir? Bu adamlar çoxdan idi ki, "gözdən düşüb parça-parça olmuşdu"lar da. Guya ki, bundan əvvəl onların foto-videoları paylaşılmamışdı ki? Onsuz da onların nə gündə olmasını hamı bilirdi. İndi biriləri bu ağır yükün altına girmişkən niyə suları bulandırırsız ki? Lap tutaq ki, bu saxta demoqogiyanız baş tutdu; polis gəldi oranı bağladı. Və ya elə o mərkəzin rəhbərləri sizin qınaqlarınız müqabilində acığa düşüb bu adamlar apardı qoydu götürdüyü yerə. Neyləyəcəksiniz siz "canıyanan"lar? Yoxsa onlara sahib çıxacaq, müalicə etdirəcəksiniz? Hay-hay. Heç qara qəpiyinizdən belə keçməyəcəksiniz. Heç bircə dəfə marketdən bazarlıq belə edib göndərməyəcəksinz. İndi niyə qoymursuz ki, adamlar işini görsün?
***
Nəsimi və Ceyhun hansısa pullu, ürək, beyin və ya plastik əməliyyata getmirlər e, deyəsiz ki, "görəsən bu həkim nə dərəcədə peşəkardı və ya bu klinikanın lisenziyası var ya yox?". Ay qardaşlar, bu adamlar bitiblər, rus dilində belələrinə "konçennıy" adam deyirlər. Bir ayaqları burda, bir ayaqları gordadı. Gözümüzün qabağında neçə-neçə sağlam, dağ boyda oğullar axşam yatıb, səhər ayılmayıblar. Siz nə qoyub, nə axtarırsınız? Nə əl qatıbsınız özünüzə- primə işləyirsiniz? Bəsdirin də. Ölkədə Vətən yolunda sağlamlığını itirmiş, bu gün ağrılar içində çabalayan qazilərimiz var ki, müalıcıyə ehtiyacı var. Amma onları kənara qoyub bu iki faktiki narkomana guya ki, canıyanalıq edirsiniz. Ayıbdır e..
***
Açığını deyəcəm. Mən Nəsiminin, xüsusən də Ceyhunun islah olunmasına ümid etmirəm. Çünki bu baxımdan, hər birimiz onlarla belə acı faktın şahidi olmuşuq ki, müalicə mərkəzlərinə ÖZÜ müraciət edib, yalvararaq " məni xilas edin" deyənlərin əksəriyyəti təəssüf ki, bir müddətdən sonra tab gətirməyib adına "ag ölüm" deyilən o zəhrimara təslim olub. Və qayıdıb öz köhnə vərdişinə. Elə Nailin həmin mərkəzlərə apardığı neçə-neçə narkoman ( Nizami Rəmzinin qızı da) bir müddətdən sonra müalıcədən imtina edərək geri dönmədimi?
***
Bizim "qəhrəman"lara qalanda isə onlar heç könüllü də gəlmədilər. Nəsimi Nəbizadə neçə-neçə xahiş-minnətdən sonra könülsüz, necə deyərlər candərdi gəldi. Ceyhunu isə ümumiyyətlə özündən xəbərsiz, anlaqsız-"hallı" şəkildə gətirdilər. İndi Allah bunlara bəlkə də( lap elə "bəlkəsiz") son şans verib. Qoyun adamlar öz işini görsün də. " Onlar (yəni Reabilitasiya mərkəzinin əməkdaşları) özlərinin reklamı üçün edirlər" deyirsiz. Bayaq dediyim kimi : hətta belədirsə də əcəb edirlər. Amma onlar da yaxşı fərqindədirlər ki, alınmayacağı halda (və bu ehtimal da həddən artıq yüksəkdir) reputasiyalarına nə qədər xələl gələcəkdir. Və bu amil də onların bu şəxslərə münasibətdə daha məsuliyyətlə çalışacaqlarını vacib edir. Ona görə də gəlin bu xeyirxah insanlara bu çətin və məsuliyyətli işin altına girdiklərinə görə çox sağ ol deyək. Uğurlar arzulayaq. Kömək etmiriksə heç olmasa mane də olmayaq.
***
Yazımın sonunda yenə də qayıdıram əvvəldə qeyd etdiyim " niyə onları bu vəziyyətdə göstərirsiniz? Bu cinayət məsuliyyətidir" məsələsinə. Dostlar, bir qədər əvvəl həm Nəsimi, həm də Ceyhunun bu dövlət, bu millət qarşısında hansısa önəmli xidmətlərinin olmadığını ötəri də olsa qeyd etmişdim. Amma inanın ki, onların həmin görkəmdə görüntülənmələri elə onların bu xalq qarşısında ən böyük xidmətləridir. Çünki onları bu acınacaqlı vəziyyətlərini görən yüzlərlə, minlərlə, bəlkə də milonlarla yeniyetmə və gənc içkinin və narkotikanın hansı dərəcədə faciəvi nəsnə olduğunu anlayıb ondan uzaq duracaq. Həyatı, gələcəyi xilas olacaq. İnanın ki, heç bir reklam və çağırışlar bu dərəcədə faydalı və effektiv ola bilməzdi. Bax məhz bu, Nəsimin və Ceyhunun ən böyük xidmətidir.
***
Amma ümidimizi itirməyək; o sonda ölür. Allahın möcüzələri də çox olub. Yazıqdılar. Dua edək ki, Allah, bu iki cavana da rəhm etsin. Onlar da islah olub saglam həyata dönsün. Amin.
Etibar Hüseynov
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00