Etibar Hüseynov: Qız qalasına sancılan bayraq

Əslində bu günün xəbər başlıqları Rəşad Dağlının şəkilləri ilə deyil, onların- Çingiz Abdullayev və Cahid Hilaloğlunun fotoları ilə yayınlanmalı idi. Bəli, Rəşad Dağlıdan fərqli olaraq bu adlar çoxlarına heç nə demir. Amma 1956 cı ildə, (66 il əvvəl), Stalin xofunun hələ canlardan tamamən qurtulmadığı bir dövrdə, bu iki gənc, 28 may günü "Qız qalası"na 3 rəngli bayrağımızı sancdılar. 
***
Buna görə həbs olundular, dəhşətli işgəncələrə məruz qaldılar, gənc həyatlarını uzaq Sibirin həbsxanalarında çürütdülər. Ancaq nə etdiklərini dandılar, nə də buna görə peşiman olduqlarını bildirib kimdənsə əhv dilədilər.   Bu gün heç kəsin yadına düşmürlər. Bəlkə də hansısa naziririn qohum-əqrabası olsaydılar başqa cür olardı. Amma buna baxmayaraq ruhları şaddır- bu gün hər ikisinin doğma Vətəni Laçın və Ağdamda nəhayət ki, Azərbaycanın 3 rəngli bayrağı dalğalanır.   
***
Milli Bayraq günümüzdə ikiqat qürur yaşayıram. Çünki 27 il əvvəl- yəni 1995-ci ildə, o vaxtkı MTN-lə uzun sürəli li yazışmalar , gediş- gəliş, araşdırmalardan sonra nəhayət ki, Cahid Hilaloğlu və Çingiz Abdullayevin  "Delo"sunu arxivdən  tapdım. Azərbaycan mətbuatında bu mövzuda ilk dəfə olaraq həmən vaxt çalışdığım "7 gün" qəzetində silsilə yazılar dərc edildi. Çingizin və Cahidin fotoları ilk dəfə olaraq mətbuatda çap olundu. 
*** 
Fəxr edirəm ki, uzun müddətdən sonra yeni nəsil,  xalqımızın bu  qəhrəman övladlarını məhz mənim teqdimatımda tanıdı. Bu mövzuda xatirələrim və heç kəsin bilmədiyi məlumatlarım kifayət qədər çoxdur. Nə vaxtsa geniş şəkildə qələmə alacam yəqin ki. Amma yazarlarımız bu iki şəxs və onların qəhrəmanlıqla dolu həyat hekayəsini mütləq kitab halına salmalı, rejissorlarımız bunu ekranlaşdırmalıdı. O vaxt son yazımda da təklif eləmişdim ki, Qız qalasına bu barədə kiçicik də olsa bir xatirə lövhəsi vurulmalıdır ki, gələcək nəsillər Çingiz Abdullayev və Cahid Hilaloğlu kimi qəhrəmanları unutmasın.  
 ***
Hələ ki, Azərbaycan var, onun bayrağı dalğalanır, Sizlər də unudulmayacaqsınız. Çingiz və Cahid, bu gün Sizin gününüzdür. Bu günün əsas qəhrəmanlarından biri də SİZsiniz.
 Bayraq Gününüz mübarək

Xəbər lenti
Çox oxunanlar