Etibar Hüseynov: Bakıda küləklər əsir..

Adətən iyul ayı necə deyərlər yayın ən "razqar", yəni bir qədər obrazlı desək "göydən od yağan" vaxtı hesab olunur. Amma bu il belə olmadı. Məhşur filmdə deyildiyi kimi "Bakıda küləklər əsir".  Belə havalara el arasında "əsl kasıb havası", "kurort havası" və.s deyilir. Hara baxırsan böyük əksəriyyət hələ də kondisioneri işə salmadığını, dənizə gedə bilməməsindən ağız dolusu danışır. "Elə beləcə olsa yaxşıdı. Bir ay- avqust, isti keçsə istirahətimizə də bəs edər, dənizdə çımməyimizə də" deyirlər.  
***
Niyə? Çünki xarici turlar bir yana, elə əyalətlərdə istiraət etmək də "od qiymətinə"dir. Yəni bu tip danışıqlara hər addımbaşı rast gəlinir. Kasıblar sevinir, imkanlılar isə qəm dəryasına qərq olub. Ancaq bilirsiz ya yox? , bu aralarda çox ağır stress yaşayan bir dəstə insan da var. Bəs onlar kimlərdir? Burada bir balaca haşıyəyə çıxıb onların kimliyini deyəcəyəm. Yəqin ki, özünüz də müşahidə edibsiniz. Adətən hər ilin mart-aprel ayından dövriyyəyə belə bir şaiyə buraxılır ki, bəs "bu yay havalar dəhşətli dərəcədə isti keçəcək. Havanın tempraturu 45-50 dərəcəyə qədər yüksələcək filan". Və bu xəbəri tirajlamaq üçün də bir çox sayt və tv-lərə yol tapılır, bir sıra sosioloq-metreoloqların dili ilə bu şaiyə yayımlanır. Bunu da adətən ölkəyə kondisioner, o cümlədən ventilyator, mobil basseyn, çimərlik geyimi və akssesuarları ixrac edən iş adamları təşkil edir.
***
Bu il də istisna olmadı. Yadınızdadırsa ilin əvvəlində " dünyada baş verən qlobal istiləşmə" nağılları dövriyyəyə buraxılıb tirajlandı. Amma əlahəzrət təbiət bir daha sübut etdi ki, onun planlarını heç kəs dəqiq praqnozlaşdıra bilməz. Və elə də oldu. İndi ölkədə bu qəbildən olan, sayı onlarla, və ya yüzlərlə ölçülən şəxs dərin qəm dəryasına qərq olub. Və sən də bilmirsən buna sevinəsən, yoxsa onların halına acıyasan. Amma bir insan olaraq mən bu qəbildən olan şəxslərin düşdüyü vəziyyətə acıyıram. Yəni təsəvvür edin ki, kimlərsə böyük pullar qoyub, borc və ya kredit götürüb ölkəyə kondosioner filan gətirib. Kimlərsə böyük pullar xərcləyib ayrı-ayrı yerlərdə istirahət mərkəzləri, kafe və çayxanalar tikdirib. Bir çoxları kirayə məqsədi ilə həyətində evlər inşa etdirib. Ki, yay sezonunda "qaz vurub, qazan doldurub" yaxşıca pul qazanacaq. Və sonunda da hər şey puç olur. Qurulan xəyallar, arzulanan planlar alt-üst olur. 

***
İndi baxıram sosial şəbəkələrdə verilən reklam və elanlara. Hələ iki ay əvvəl "dədələrinin qiymətinə" təklif etdikləri kondosionerlər olub su qiymətinə. O cümlədən də yerli və xarici turlar. O cümlədən də kirayə evlər, mobil basseynlər və.s və ilaxır. Yay mövsümü az qala yarı olub- ortada isə bir şey yox. İndi təsəvvür edirsinizmi bu insanların düşdükləri vəziyyəti?  Ona görə də buna əsla sevinmirəm. Sadəcə bir kəlmə ilə deyim ki: unutmayın!: Varlının pulu varsa, kasıbın da Allahı var. Ona görə də bir balaca insaflı və bir balaca va vicdanlı olun. Nəfsinizin quluna çevrilməyin..

Çox oxunanlar