Son günlər bir həngamə qoparılıb; demə rus məktəblərində oxuyanlar, rusdilli olanlar, kosmopolit, milli ruh və hissiyatdan uzaq olur, rusun buradakı agentləridi və s. İndi sizə söhbəti uzatmadan konkret olaraq sual verirəm: adlarını çəkdiyim bu rusdilli azərbaycanlılar və rusların hansı biri milliliyi "qıcqırmış"lardan əskikdi? Kərim Kərimov, Fərman Salmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Rəşid Behbudov, İbrahimbəyov qardaşları, Qusman qardaşları, Tahir Salahov, Toğrul Nərimanbəyov, Qara Qarayev, Niyazi, Tofiq (Eldar) Quliyev, Rasim Ocaqov, Vaqif Mustafazadə, Qəmər Almaszadə, Banişevskiy, Ələkbər Məmmədov , İsgəndər Cavadov, Flora Kərimova, Anar Məmmədxanov və "Çto, Qde, Koqda" komandasının üzvlər, " Avroviziya" yarışması qalibləri və iştirakçıları, tanınmış şahmatçılarımız, voleybolçu qızlarımız, Vaqif Mustafayev, Çingiz Abdullayev, Çingiz Mustafayev, Salatın Əsgərova, Mais Məmmədov və daha kimlər, kimlər ,kimlər..
***
Qarabağ müharibəsində də neçə-neçə rusdilli və rus millətindən olan həmyerlilərimiz qəhrəmanlıq göstərdi. Aralarında bircə nəfər də olsun satqınına, xaininə rast gəlmədik. Qarabağ müharibəsi dövründə də səsimizi "Biləcəridən o tərəfə" məhz adına rusdilli deyib bəyənmədiyimiz rusdilli jurnalistlər çatdırdı. Elə indi də elədir. Bu vaxtacan Rus dilində təhsil almışların hansı birindən bir ziyan görmüsüz-deyin, biz də tanıyaq. Bu gün Azərbaycan tarixindən, mədəniyyətindən, elmindən, idmanından, mətbuatından rusdilliləri çıxarın-görün yerdə nə qalır? Bu gün məktəblərdə baş verən biabırçılıqlardan bəhs edən onlarla videolar paylaşılır. İçərisində bircə dənə də olsun varmı həmin rus məktəblərindən? Mənə bircə fakt göstərin, rus məktəblərində rüşvət alan müəllimələrdən, tərbiyəsizlik edən şagirdlərdən? Yəni, fərqi yoxdur-həyatımızın istənilən sahəsini götürək, və baxaq; hər birində rus və rusdillilərimizin bizə qat-qat xeyiri olub ki, ziyanı olmayıb. Deyirlər ki, "Azərbaycan məktəblərində rus dili fənni var da, orda öyrənsinlər" -məzələnirsiz? Guya siz təhsilimizin nə gündə olmasından xəbərsizsiz? Azərbaycan məktəblərində öz dilimizdə nə dərs keçirlər ki, hələ rus dilində də nə öyrətsinlər? Aranızda varmı elə birisi ki, çıxsın və mənə sübut eləsin ki, bu gün Azərbaycan məktəblərində (bağçalarında) təhsil (tərbiyə) rus məktəblərindən yüksəkdir? Bu gün rus məktəblərinə (bağçalarına) üz tutanların heç birinin Rusiyadan ötrü ürəyi getmir. Sadəcə bizim məktəblərdə (bağçalarda) baş verənləri gördükdən sonra övladlarını ora aparırlar.
***
Ayaz Salayevin onunla dirəşən müxbir xanıma verdiyi sual cavabsız qaldı- "deyirsiz ki, rus məktəbləri pisdi, bağlansın. Bəs əvəzində nə olsun?". Haqlı sualdır. Əvəzində nə təklif edirsiz?- o birilərin taylarınımı? Ona görə də pafos və ura-patriotluqla dolu çıxışlarınızı qoyun bir kənara. Əvvəlcə milli təhsilimizin abıra salın, sonra danışarsız. Yəni əvvəlcə məscidin içini düzəldin, sonra çölünün qeydinə qalarsız.
***
Rusiya, əsrlər boyu dünyanın ən nəhəng və qüdrətli dövləti sayılıb. Ukrayna ilə (əslində bütün Avropa və Amerika ilə) müharibədə də bunu bir daha sübut elədi. Tarix boyu o, demək olar ki, bütün müharibələrdən qalib çıxıb. Azərbaycan Nərimanov, Həmid Sultanov, Vəzirov. Mütəllibov olmadığı kimi, Rusiya və ruslar da Pyotr, Lenin, Qorbaçov, Putin demək deyil. Bu xalq həm də büyük tarixə, elmə, mədəniyyətə, ədəbiyyata malik bir xalqdır. Rus dili 5 dünya dilindən biridir. Rusiayda bizim yüzlərlə ictimai-siyasi, ədəbi-mədəni, elm adamımız təhsil alıb, yetişib. Elə bu gün də orada milyonlarla həmvətənimiz, iş adamlarımız çalışır. Hələ ki, bu baxımdan onunla tərəziyə qoyulacaq ikinci dövlət adı çəkə bilmərik. Bu faktdır.
***
İndi 200 illik işğaldan qurtulmuşuq. Sonuncu rus əsgəri Azərbaycandan çıxıb və inşallah bir də geri dönməyəcək. Bu gün Azərbaycan güclü və qüdrətlidir. Yanında da dünyanın ən güclı ordusuna malik qardaş Türkiyə, Pakistan və digərləri dayanıb. Amma hər bir halda Rusiya da bizim ən nəhəng qonşumuz olaraq qalır və qalacaq. Və biz də bunu istəsək də, istəməsək də. Ona görə də biz ermənilərdən fərqli olaraq keçmişimizlə deyil, bu günümüzlə yaşamalıyıq. Təbii ki, keçmişimizi unutmadan və ondan nəticə çıxararaq. Ona görə də biz Rusiya ilə mehriban qonşu və dostluq münasibətində olmalıyıq. Ona düşmənçılık üzərində köklənməməliyik. Eynisini də İranla bağlı söyləyə bilərəm. Amma bu dosluğu və mehribançılığı da müstəqilliyimizə xələl gətirmədən, "kiçik qardaş" rolunda olmadan etməlik. Ki, bunu da bu gün cənab Prezidentimiz çox böyük ustalıq və uzaqgörənliklə edir. Yəni yeri gələndə mehriban dost kimi qucaqlayır, milli mənafelərimiz tapdananda isə qəzəblə barmaq silkələyir.
***
Ona görə də mən bu gün əksər Azərbaycan məktəblərindən qat-qat səviyyəli təhsil verən rus məktəblərinin bağlanmasını deyil, onların reforma edilməsinin tərəfdarıyam. Ki, bu məktəblərdə təhsil alan azərbaycanlı (və digər millətlərin nümayəndələri) rus dili ilə bərabər həm də Azərbaycan dilində tədris olunan fənnlər keçsin. Bu məktəblərdə Ana dili prioritet sayılmalıdır. Və bu hal tək rus məktəblərində deyil, digər məktəblərdə də tətbiq olunmalıdır. Amma "Rus evi"ləri, "Mədəniyyət mərkəzi"ləri və filan birmənalı şəkildə bağlanmalıdır. Ölkədəki rus agentləri ifşa olunub, Vətən xaini kimi cəzəlanmalıdır.
***
Və sonda sizə bir sirr də açım: Azerbaycanda bütün günü Vətəndən, millətdən dəm vurub sinə yırtanlar var haa, bax onların əksəriyyətinin övladları rus sektorunda təhsil alır. Adlarını çəksəm tükləriniz biz-biz olar. Odur ki, ağzımı açdırmayın. Məlumat üçün də onu əlavə edim ki, valideynlərim də, özüm də, övladlarım da, nəvələrimdən biri də Azərbaycan dilində təhsil al(ır)mışıq. Ona görə də kimsə bu yazıma görə çaşıb, mənə ruspərəst, rus agenti, rusbaş desə ağzının payını elə rusca verəcəm-bilsin.
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00