ELXAN ŞÜKÜRLÜ: “Mən onlara ayı göstərmək istəyirdim...

Biri var, yalan olduğunu bildiyin məlumatı - dezinformasiyanı qəsdən yaymaq: bu, konkret məqsədlərə hesablanmış fəaliyyət növüdür, əsasən xüsusi xidmətlərə və cinayətkar şəbəkələrə bağlı şəxslər vasitəsiylə həyata keçirilir. 
Biri var, yalan olduğunu bilmədən məlumatı yaymaq: bu, yanılma, aldanmadır və ayıq-sayıq davranmayan istənilən şəxs çox asanca bunun iştirakçısı və qurbanı ola bilər.
Biri də var, özünü yalan olduğunu bildiyin məlumata inandırmaq, arzularını, xəyallarını gerçəklik kimi qələmə vermək, üstəlik, bunu israrla başqalarına da sırımaq: bu isə artıq psixi xəstəlikdir. Tibb elmində bunun adı şizofreniyadır və daha çox genetik yolla ötürülən, geniş yayılmış əqli xəstəliklərdən sayılır. 
Birincilər nə etdiklərini bilir və bu fəaliyyətin qarşılığında da yalanını tirajladıqları tərəfdən maddi-siyasi dəstək alırlar. 
İkincilər də tələyə düşdüklərini, aldandıqlarını anladıqları andaca, dərhal geri çəkilər və növbəti dəfə yayılan xəbərlərə daha ehtiyatla, təftişçi yanaşmağa üstünlük verərlər. 
Ən böyük problemsə üçüncü kateqoriyadan olanlarla bağlıdır. Onlar yalana alət olduqları fikrini yaxın buraxmadıqları kimi, xəstəliklərini də qəbul etmirlər: arzularını, xəyallarını mütləq həqiqət kimi görür və hadisələrə onların gözü, ağlıyla baxmayanları dərhal özlərinə düşmən bilir, hətta yuxularında belə, onlarla savaşırlar.
Bu kateqoriyadan olanların özləri də iki qrupa bölünür: birincisi, həyat çətinliklərinin, davamlı uğursuzluğun və naqis daxili aləmin yaratdığı depressiv durum səbəbindən əmələ gələn psixi pozuntu daşıyıcılarıdır; ikincisi isə, genetik əqli qüsurlular – axmaqlardır. 
Üstünə düşülərsə, davamlı təmrinlərlə iradəli adamlarda sonradan əmələ gəlmiş psixi pozuntuları aradan qaldırmaq olur. 
Genetik əqli qüsurluları – axmaqları isə müalicə etmək mümkün deyil! Elə müalicəsi olmadığından da, onları həmişə ötüşdürməyə, yola verməyə çalışıblar!
Soruşa bilərsiniz ki, bəs, bir adamın axmaq olub-olmadığını kənardan necə müəyyənləşdirmək olar? Axı onlar da digərləri kimi, geyinir, yeyir, içir, gəzir, əylənir, yazır-pozur, hər məsələyə münasibət bildirirlər?
Bunun ən yaxşı əlamətlərdən birini dünyanın ən nizamlı millətlərindən sayılan almanlar göstəriblər. Almanlar deyirlər: “Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır”. Eyni zamanda, almanlar onu da xüsusi vurğulayarlar: “Axmaqlar öz işini görməz, hamının işinə burunlarını soxarlar”...
Fikrimcə, bizim sosial şəbəkə axmaqlarını müəyyənləşdirməyimizə imkan verən ən gözəl fikri isə bir Tibet müdriki deyib: “Mən onlara ayı göstərmək istəyirdim, axmaqlarsa barmağıma baxırdılar”.
İndi dostlar, biz hər hansı bir məsələnin mahiyyətinə diqqət çəkmək istəyəndə, sosial şəbəkələrdə hüdudsuz azadlıq imkan əldə etmiş bir dəstə axmaq, yeri gəldi-gəlmədi, öz işini-gücünü buraxıb, dərhal burunlarını ora soxar, cümlə yaza bilməsələr də, bizi haqsız çıxarmağa və üstəlik, hamıya ağıl öyrətməyə, yol göstərməyə çalışırlar. 
Biz onlara ayı göstərmək istərkən, onlar göyə, aya deyil, barmağımıza, dırnağımıza baxarlar...
Allah köməkləri olsun!

Xəbər lenti
Çox oxunanlar