Elmar Hüseynov: Rəşad Dağlının "şir"dən-"qatil"ə çevrilməsi

Azərbaycanda elə bir adam yoxdur ki, ömründə heç olmasa bircə dəfə meyxanaya qulaq asmasın. Caz, pop, muğam, rok, rep kimi meyxana da musiqinin bir növüdür. Kimsə onu bəyənməyə bilər. Amma özünü həmişə elit göstərən cəmiyyətimizin üzvləri toylarda 100 vurandan sonra rakkada-çikkada mahnılara oynayıb. Bu o demək deyil ki, həmin adamlar yüngüldür. Əksinə, dünyaya ilk ritm musiqisini Azərbaycan bəxş edib. Bunun bariz nümunəsinə Qobustan qayalarındakı Yallı səhnələrində rast gəlirik. 
Meyxana da musiqinin bir növü kimi tarixən var olmuşdur. İlk dəfə Bakı kəndlərində Bakı küləyinin musiqisinə bəslənən mahnılar da, küləyin ritminə uyğun olaraq meyxanələrdə oxunub. Sonradan da dönüb olub meyxana. Bunda söz yox. Amma meyxananı küçümsəyənlərə demək istərdim ki, gedin Azərbaycan teleməkanını araşdırın görək, kütləvi izlənən verilişlər hansılar olub? Mən kiçik bir araşdırma apardım, qarşıma çıxan ilk üçlük belə oldu: 
1. Futbol
2. ANS-in efirində gedən "De, gəlsin!" meyxana yarışması,  
3. Murad Dadaşovun Lider TV-dəki "Maşın realiti şousu".
Deməli meyxana hardansa bizə soxuşdurulan bir şey deyil...
***
3 gün öncə bir status yazmışdım: 
"Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq....
Statusun sonunda da yazmışdım ki, Siz bunu anlamazsınız, heç anlaya da bilməzsiniz!"
Niyə yazmışdım, ona görə ki, bu ölkədəki ən istedadlı adamlar xərabat əhlidirlər. İstedadlı adamların taleyinə baxın: Alkaş, narkoman, küçələrdə qalan, istedadı az olanlar isə ölkədə iş tapa bilməyib, acından ölənlərdir. Çünki bu ölkədə hamı çalışır ki, bir yolla istedadı öldürsün, məhv etsin! 
***
Rəşad Dağlı da istedad idi. Bədahətən söz demək üçün təkcə qabiliyyət, kitab oxumaq, yaddaşlılıq yetmir. Azərbaycan dilini mükəmməl bilmək, sözləri mənasına görə tez tapıb, düz yerində işlətmək lazımdır. Azərbaycanda Rəşad kimi istedadlı meyxanaçılar çox azdır. Adam meyxananın şiri idi. Dürüst idi, təmiz adam idi. Vətənini sevən adam idi. Sonradan üzr istəsə də vaxtından Xomeyni İranına söz soxmağı da bacarmışdı... Onun istedad kimi parlamasında Bakı kəndlərinin, taksi sürücülərinin və yeniyetmələrin xüsusi rolu olub. 
***
Meyxanaçıların meyxanadakı bir-birlərinə söz soxma yarışı meyxanadan bütün Azərbaycana sıçrayıb. Ölkədə hamı bir-birinə söz soxmağa çalışır. Sanki ölkə söz soxma yarışına girib. Bütün ölkə meyxana səhnəsinə dönüb, aşağılar yuxarılara acından ölürük sözü soxanda, yuxarılar aşağılara Allaha şükr edin, bizim sayəmizdə ölkə Suriyaya çevrilməyib sözünü soxur... Beləcə hamı bir-birinə söz soxa-soxa həyatını yaşayır! Söz soxma yarışında da qaliblər və məğlublar olur. Amma ölkə gündəmi də göstərdi ki, hər gün söz yarışında qalib gələnlər, bir gün söz qabağında aciz qalırlar. Nəticədə söz soxmaq, bıçaq soxmaqla əvəzlənir. Bu dəfə söz xridarı, Söz deməyin aslanı, şiri olan Rəşad Dağlı da söz qarşısında aciz qaldı...
***
Əslində cəmiyyəti narahat edən təkcə Rəşad Dağlının qatilə çevrilməsi məsələsi deyil. Burda xüsusi məqam da var: Eyni situasiyada neçə nəfər qatil olmaya bilər? Bəlkə də heç birimiz. Ona görə Rəşad Dağlı hər kəsin müzakirəsinə çevrildi ki, qatil olmağa məcbur edildi... 
Cəmiyyət başqa istedadları alkaşa, narkomana, səfilə çevirirdisə, Rəşad Dağlını da qatilə çevirdi. Özü də cəmiyyətin gələcəyini məhv edən, gəncləri pis yola çəkənin qatilinə. 
Beləcə bir istədadlı adam da cəmiyyət arasından yoxluğa çəkildi... Tanrı qapısını açsın!

Elmar Hüseynov

Xəbər lenti
Çox oxunanlar