BƏHRAMIN "XƏTA"SI, YOXSA "ƏDA"SI?

Bəhram Bağırzadə ilə yaxın dostluq münasibətim olmasa da uzaqdan-yaxından "salam əleyküm"um var. Hər halda 30 ilin jurnalistiyəm. Və ayrı-ayrı vaxtlarda onunla müxtəlif mövzularda müsahibələrim, çəkilişlərim olub təbii ki. Onun Həmid Həmidovla "Youtub"dakı məlum müsahibəsinin də ilk izləyicisindən biri olmuşam. Həmin müsahibədəki məlum məqam barədə də anında müəyyən daxili narazılıq yaşasam da, o vaxt necə deyərlər, görməzdən gəldim. Ancaq üstündən 4 il !!?? keçəndən sonra bu gündəmə gətirilirsə, mən də bəzi fikirlərimi bölüşmək istərdim. 
  ***
Əvvəlcə yaranmış ajiotajın əsas  səbəbi-"ətrafdan gələn səs-küyün çəkilişə mane olması" barədə. Bu baxımdan (mənim fikrimcə) günahkar nə Bəhram, nə də kafedə (restoranda) əyləşənlərdə deyil. Mən bu nöqsanı  ilk növbədə çəkiliş qrupunda görürəm. Hər bir halda onlar bunu nəzərə almalı idilər.( Həmid Həmidovun peşəkarlığına hörmətimə rəğmən də olsa deməliyəm. Ola bilsin ki, Tv sahəsində bu  ilk işlərindən idi deyə nəzərə almayıb.) Razılaşın ki, kafeyə hansısa dostu ilə dərdləşməyə və söhbətləşməyə gələn insanın başqasına görə özünü  "pres"də saxlamaq öhdəliyi yoxdur. Eyniylə Bəhram (bu başqa bir qonaq da ola bilərdi) də müsahibə zamanı hansısa emossional ifadələrini sərgiləyərək ətrafdakıları narahat edə bilərdi. Və yaxud da bunu etməmək üçün özünü psixoloji çərçivəyə salmaq diskomfortu yaşamaq məcburiyyətində qala bilərdi. Yəni kafe-restoran teatr salonu deyil ki, orada sakit-dinməz oturmaq öhdəliyin olsun və sənin də səsli danışığın mədəniyyətsizlik sayılsın.  Ancaq necə deyərlər sözümün "mustafa"sı başqadır. Müsahibəyə baxarkən həmin məlum momentdə məni maraqlandıran sual bu oldu- Bəhram həmin ucadan danışanların nədən məhz rayonlu olduğu qənaətinə gəldi? Bəyəm adına "karennoy şəhərli" dediklərimizin hamısı,.. beləmi "mədəniyyət dağarcığı"dır? Əlbəttə ki, deyil. Ona görə də bu baxımdan Bəhram bəyin ünvanı bu qədər konkretləşdirməsini düzgün hesab etmirəm. Hər bir halda bunu ümumi deməli idi. Ələxsus da bayaq qeyd etdiyim kimi irad tutulan tərəfin kimliyi dəqiq deyildi ki, o rayonludu yoxsa şəhərli? Hətta  bilinsəydi belə, bir nəfərə görə bunu ümumiləşdirmək düzgün deyildi. 
    ***
Bəhram müəllim urbanizasiyanın uğurlu getmədiyini deyir. Razıyam. Amma urbanizasiyanın özü elə özlüyündə  çətin bir proses sayılır axı. Mənə bunun hansı ölkədə uğurla getdiyini söyləyə bilərsiz ki? Dünyanın istənilən ölkəsində şəhər sakini ilə əyalət adamı arasında fərq həmişə olub. Özü də nəzərə çarpacaq dərəcədə. Digər tərəfdən  bizdə nədənsə həmişə "rayonlu-şəhərli" müqayisəsi daha qabarıq gündəmə gətirilib. Bəyəm "şəhərli-rayonlu" aspektindən baxanda mənzərə çoxmu fərqli görsənir? Xeyr. Sadəcə əyalət adamları şəhərlilərin kaprizlərinə həmişə daha dözümlü və anlaqlı yanaşıblar. Bəyəm rayonlarda olarkən şəhərlilər yerli mühitə, adət-ənənəyə münasibətdə heçmi qüsurlara yol vermir? Onların da arasında hansısa ucqar kənddə şortik geyinən, maşını ilə "avtoş"luq edən, gecənin bir yarısına qədər uca səslə musiqiyə qulaq asan nə qədər desəni olub. Ona görə də bu məsələdə  hansısa tərəfin, digərini birtərəfli şəkildə ittiham etməyə haqqı yoxdur, və olmamalıdr.
  ***
Ümumən götürəndə isə (xüsusən də bizdə) bu urbanizasiya məsələsi çox eybəcər tendensiya forması alıb. Sanki insanlarımızda bir refleks yaranıb- əgər kimsə ucadan danışır, gülür və ya siqaret kötüyünü yerə atırsa deməli o "çuşqa"dı- rayondan gəlmədir. Və yaxud da kimsə əyalətdə şortiklə küçəyə çıxıbsa və yaxud avtomobili sürətlə idarə edirsə, deməli "qaqaş"dı-şəhərdən gəlib. Ancaq bu belə deyil axı. Bəlkə də 30-40 il əvvəl bu belə idi. Amma indi zaman və dövran dəyişib. Hər bir yerin (istər şəhər olsun istər rayon) özünəməxsus "obavatelləri" kifayət qədərdi.  Və əzizimiz Bəhram da öz baxış bucaqlarında bunu mütləq nəzərə almalıdır. Bu gün 100lərlə rayonlu var ki, 1000lərlə şəhərlidən daha tərbiyəli, daha mədəniyyətli və daha etikalıdır. Və yaxud da ki, əksinə. 
  ***
Təxminən 1 il əvvəl də Bəhram bir qalmaqalla gündəmə gəlmişdi. Deyəsən hansısa əlil və ya xəstə bir "mələuşağı" ilə uğursuz zarafat edib paylaşmışdı. O vaxt da Bağırzadə buna görə amansız tənqid və təhqir olundu. Sonradan buna görə özü də  üzrxahlıq  etdi.  Yəni nə qədər "qaradskoy" olsa belə hamının bir xətası, günahı ola bilər. Bunun "qaqaş" və ya "çuşka" olmaqla heç bir əlaqəsi yoxdu. Sadəcə son dövrlər biri-birimizə qarşı çox zalim və amansız olmuşuq, çox. Mən Bəhramı nə peşəkar aktyor, nə uğurlu rəssam, nə də proffessional naşir kimi qəbul etmirəm. Heç özü də bu cür iddialarda olmayıb. Bu fikrimlə razılaşmayanlar da ola bilər. Amma onun əsl vətənsevər, qatı bir patriot olmasına, başda mən olmaqla heç kəsin şübhəsi yoxdu yəqin ki. O, bir çoxlarından fərqli olaraq heç vaxt ""ulduz" xəstəliyinə tutlmayan birisidi. Həmişə sadə, təvəzökar, kübarlığı ilə fərqlənən biriisi olub. O, gəncləri zərərli vərdişlərdən uzaq olmağa, idmanı sevməyə, kitab oxumağa səsləyən birisi olub. Ona görə də sizi inandırım ki, o fikirlərini də elə "yandığından"  deyib, yamanlığından yana yox. Ona görə də gəlin yeri gələndə bəzilərinin "ətini yesək də, sümüyünü atmayaq". 
O ki, qaldı xətalara... Kimdə olmur ki?

Etibar Hüseynov

Çox oxunanlar