Kəramət: Hamı bir dəfə soyunsun

Koronovirus o zaman başa çatdı ki, hamı yoluxdu və ona qarşı kütləvi immunitet yarandı. Allah bilir, sonrakı vaxtlarda hər birimiz nə qədər yoluxub sağalmışıq, xəbərimiz olmayıb. Ancaq iki il öncə adamlar koronadan ölürdü. Cəmiyyətə söyüşə də immunitet yaranır. Bu yolda xeyli mərhələ adlamışıq. Bu çox əladır. İnanıram ki, bu proses də uğurla başa çatacaq. Adamlar daha söyüşə heç bir reaksiya verməməlidir. Yalınz bundan sonra heç kim heç kimi söyməyəcək. Söyüş silahı olaraq məhv olmalıdır.
Bir dəfə çoxunun yaxşı tanıdığı adamlardan biri məni söydü. Ana, nənə, baba, nəsil-kök, arvad-uşaq qoymadı. Bu söyür, mən də ürək qoyuram. Adam o məqsədlə söyürdü ki, mən də onun sahibini söyüm. Özünə cavab verməyəcəyimi bilirdi. Məni təxribata çəkmək istəyirdi. Axırda yazdığı bütün söyüşləri silib mənə zəng elədi, üzr istədi. Dedi, bağışla, söyməyə məcbur idim. Dedim, narahat olma, nə deyirlər, elə. Bu da sənin işindir. Allah balalarını qorusun. İmkan varsa, çoxlu söy, mən də cavab verməyim. Qoy mənə inananlar da başa düşsün ki, söyüşə cavab vermək lazım deyil. Sabah söysə, yenə eyni reaksiyanı verəcəm. Başqa kim söysə də, eyni cür davranacam. Kimsə rəydə söysə, uzaq başı bloka ataram, söyüşə bundan başqa heç bir reaksiyam yoxdur. Bu silahın məhv olmasında cəmiyyətin sağlamlaşmasını istəyən hər kəsin xidməti olmalıdır. Cəmiyyətdə söyüşə immunitet yaranmağını ancaq çörəyi söyüşdən çıxanlar və nadanlar istəməyə bilər. Əmin olun, bu immunitetdən sonra heç kim heç kimi söyməyəcək.
Məsələn, çimərliyə gedirsən. Nə qədər xanımlar çimərlik geyimində gözünün qabağında o tərəfə keçir, bu tərəfə keçir. Ancaq sən heç birinə baxmırsan. Çünki çoxdur. Səndə onlara qarşı bir immunitet yaranıb. Amma metroda bir qızın dizi görünəndə kişilər gözlərini dəli kimi o nöqtəyə zilləyir. Çünki dizin yuxarısı örtülüdür. İnsan isə qadağan olunmuş şeylərə meyillidir. Təsəvvür edin, çimərlikdə o boyda açıq-saçıq həngaməyə baxmır, gəlib metroda gözünü qızın dizinə dikir.
Hərdən mənə elə gəlir ki, hamı kütləvi şəkildə bir dəfə soyunmalıdır, hamı hamıya doyunca baxmalıdır, doymalıdır, sonra münasibətlər ayrı müstəviyə keçməlidir, insanlar bir-birini daha bəşəri, fundamental insani dəyərlərə görə qiymətləndirməlidir. Daha əxlaq deyəndə ağlımıza cinsiyyət orqanı gəlməməlidir. Kişi qadına yalnız seks obyekti kimi baxmamalıdır. Niyətlər, məqsədlər aydın olmalıdır. 
Azərbaycanda demək olar ki, bütün anlayışların içi boşdur. Məsələn, adamlar bir-birini vicdansızlıqda ittiham edir. Sorğu keçirsən ki, vicdan nədir? Yaxud, əxlaq nədir? Ləyaqət nədir? Əqidə nədir? Gözlərini döyəcəklər. Nəsə cavab versələr də, əksəriyyətin fikri səhv olacaq. Əxlaq hər bir insanın öz peşəsi qarşısında məsuliyyəti olmalıdır. Kiməsə vətənpərvərlik nədir sualı verəndə gözünün qabağına tank, top, təyyarə gəlməməli, qulağına güllə, raket səsləri eşidilməməlidir. Halbuki, vətənpərvərlik, məsələn, işıqforda yolu düz keçməkdir. Zibili zibil qabına atmaqdır. Parkda ayaqlarını aralayıb semiçka çırtlayıb qabığını da yerə tökməməkdir.
Düzdür, avtoritar sistemlər bu cür çürük, kif iyi verən mental dəyərlərin yaşamasında maraqlıdır. Çünki bu şeylərin hamısı onların əlində silahdır. Məsələn, yolu səhv keçirsən, tutub pulunu alıb buraxırlar. Həm də bu mənasız şeylər bizim şüurumuzdan çıxıb getsə, həbsxanaların 70 faizi boşalar, cinayətlər azalar, məhkəmələr bekar qalar, hakimlər rüşvət ala bilməz, vəkillər iş-düzüb qoşa, hakimlə məhkum arasında maklerlik eləyə bilməz...
Sistem cəmiyyətin sağlamlaşmasını istəmir. Onlara belə sərf edir. Ancaq aydınlar bu işləri görə bilər, başa düşən adamlar isə kömək etməlidir. ?

Çox oxunanlar