Qara dəniz üzərində gərginlik - reydlər davam edir

NATO-ya məxsus "Bombardier Challenger 650 Artemis II" kəşfiyyat və hədəf təyin etmə təyyarəsi Qara dənizin qərb hissəsindəki neytral sular üzərində qeyri-xarakterik olaraq qısa müddətli uçuş həyata keçirib.

protest.az xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

"Təyyarə Rumıniyanın Konstansa şəhərindəki baza aerodromundan havaya qalxıb, neytral sular üzərində bir neçə dövrə vurduqdan təxminən 40 dəqiqə sonra eniş edib", - deyə bildirilib. Qeyd edilib ki, adətən saatlarla havada qalan və Qara dəniz akvatoriyasını qərbdən şərqə, eləcə də geriyə doğru tam qət edən bu növ təyyarə üçün bu qədər qısa uçuş müddəti heç də tipik deyil.

Mənbə onu da xatırladıb ki, son aylarda sözügedən kəşfiyyat təyyarəsi Qara dənizin cənub hissəsində dəfələrlə müşahidə edilib və Rumıniya istisna olmaqla, heç bir ölkənin hava məkanına daxil olmadan yalnız neytral sular üzərində hərəkət edib.

Bundan əlavə, ötən gün son üç ayda ilk dəfə olaraq NATO-nun "RQ-4D Phoenix" strateji kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) da Qara dəniz üzərində qeydə alınıb. Siciliyadakı "Siqonella" hərbi bazasından havaya qalxan PUA da akvatoriyanın cənub hissəsində qərbdən şərqə doğru bir neçə dövrə vurub.

Xəbər lenti
Çox oxunanlar