Fransanın İrəvandakı səfirliyində kütləvi ZƏHƏRLƏNMƏ

Fransanın Ermənistandakı səfirliyi ölkənin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə keçirilən rəsmi qəbulda qonaqların qidadan zəhərlənməsi faktını təsdiqləyib. İyulun 14-də İrəvanda baş tutan həmin tədbirdə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan da daxil olmaqla, bir çox rəsmi şəxslər iştirak edib.

protest.az xəbər verir ki, bu barədə Fransa diplomatik nümayəndəliyinin yaydığı rəsmi bəyanatda bildirilib.

"14 iyul 2026-cı il tarixində Fransa səfirliyində keçirilən Milli Gün qəbulunda iştirak edən qonaqlar qida zəhərlənməsi simptomları barədə məlumat veriblər. Fransa səfirliyi bu xoşagəlməz hallarla qarşılaşan şəxslərdən səmimi qəlbdən üzr istəyir. Ümid edirik ki, bu simptomların yaranma səbəbləri tezliklə müəyyənləşdiriləcək", - deyə səfirliyin rəsmi açıqlamasında qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistan mediasında Fransa səfirliyindəki ziyafətdə iştirak edən bir qrup vətəndaşın zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət etməsi barədə xəbərlər yayılmışdı. Zərərçəkənlərin dəqiq sayı barədə hələlik rəsmi məlumat verilmir.

Xəbər lenti
Çox oxunanlar