Gənc qızların təhsil alması, ailə həyatı və gələcək seçimləri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bir qrup hesab edir ki, qadının həm ailədə, həm də cəmiyyətdə layiqli mövqe tutmasının əsas şərtlərindən biri yüksək səviyyəli təhsildir. Digərləri isə təhsillə yanaşı, milli-mənəvi dəyərlərin, ailə institutunun və şəxsi inkişafın da xüsusi əhəmiyyət daşıdığını vurğulayır.
Maraqlıdır ki, xanım deputatlar gənc xanımlara hansı tövsiyələri verərdilər? Onların fikrincə, qızlar ailə qurmazdan əvvəl nələrə diqqət etməli, təhsilə və karyeraya necə yanaşmalı, gələcəklərini qurarkən hansı prinsipləri əsas götürməlidirlər?
Modern.az bu suallarla parlamentin xanım deputatlarına müraciət edib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı saytımıza açıqlamasında bildirib ki, gənc qızların təhsil alması və ailə qurmazdan əvvəl öz gələcəkləri barədə ciddi düşünməsi vacibdir:
"Mən bu fikirləri bir millət vəkili kimi deyil, ömrünün böyük hissəsini yaşamış 68 yaşlı bir nənə və ana kimi bölüşmək istəyirəm. Gənc qızlarımıza həm təhsil, həm ailə, həm də gələcəklə bağlı öz təcrübəmdən irəli gələn tövsiyələrimi bir ana və qadın kimi vermək istərdim.
Cəmiyyət qoşa qanaddan ibarətdir: bir tərəfdə qadın, digər tərəfdə isə kişi dayanır. Allah-Təala da bəşəriyyəti iki cinsdən ibarət yaradıb. İslam dinində və türk mədəniyyətində qadına hər zaman böyük dəyər verilib. Qədim türk mədəniyyətində xaqanın xanımı onunla birlikdə idarəçilikdə və ictimai həyatda mühüm mövqeyə malik olub. Elə “xanım” sözü də “xan” sözündən yaranıb. İslam dinində də qızlara və analara xüsusi ehtiram göstərilib.
Bu gün XXI əsrdə yaşayırıq. 20 əsrlik millətimizin tarixini, eləcə də İslam mədəniyyətini araşdırsaq, qadının ailədə və cəmiyyətdə nə qədər mühüm rol oynadığını aydın şəkildə görə bilərik. Cəmiyyət və dövlət ailələrdən ibarətdir. Ailə kiçik dövlət hesab olunur və cəmiyyətin də, dövlətin də əsas vahidi məhz ailədir. Necə ki, uzunluq metr, maye isə litr ilə ölçülür, cəmiyyətin və dövlətin əsas ölçü vahidi də ailədir.
Ailənin xalqı və dövləti üçün yeni nəsil yetişdirməsində, sağlam və mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşmasında anaların müstəsna rolu var. Birmənalı şəkildə demək istəyirəm ki, təhsilli qadın, təhsilli ana övladının tərbiyəsində və inkişafında daha böyük imkanlara malik olur. Ailədə ananın təhsilli olması olduqca vacibdir. Çünki Azərbaycan və türk mədəniyyətində uşaqların tərbiyəsi və ilkin dünyagörüşünün formalaşmasında əsas rol, bir qayda olaraq, ananın üzərinə düşür".
Parlamentarinin fikrincə, xüsusilə bu gün – yeni texnologiyaların, süni intellektin və rəqəmsallaşmanın həyatımızın bütün sahələrinə təsir etdiyi XXI əsrdə gənc qadının, gələcək ananın təhsil alması çox mühümdür:
"Bu, onun işləyib-işləməməsindən və ya karyera qurub-qurmamasından asılı deyil. Təhsil insanın yalnız peşə sahibi olması demək deyil, eyni zamanda onun dünyagörüşünü, düşüncə tərzini və həyata baxışını formalaşdırır.
Sözsüz ki, tariximizdə böyük şəxsiyyətlər, dahi sənətkarlar yetişdirən, lakin formal təhsil almayan analar da olub. Məsələn, Nəsimi, Füzuli, Nizami kimi böyük sənətkarların, eləcə də çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin anaları ali təhsil almayıblar. Lakin onlar o qədər müdrik və mənəvi baxımdan zəngin olublar ki, Nəsimi, Füzuli, Nizami və Heydər Əliyev kimi dahi şəxsiyyətlərin yetişməsində mühüm rol oynayıblar.
Amma belə analar və belə nümunələr barmaqla sayılacaq qədər azdır. Ona görə də düşünürəm ki, qadının, xüsusilə də gənc qızın ailə qurmazdan əvvəl yaxşı təhsil alması çox vacibdir. Karyera məsələsinə gəldikdə isə hesab edirəm ki, bu, təhsildən sonra gələn məsələdir. İlk növbədə qadın hərtərəfli və kamil təhsil almalıdır ki, gələcəkdə ailəsində sağlam düşüncəli, savadlı və şəxsiyyət kimi formalaşan övladlar yetişdirə bilsin.
Digər tərəfdən, biz qadın azadlığından danışırıqsa, qadınların maarifləndirilməsi və təhsil alması bu məsələnin ən mühüm istiqamətlərindən biridir. Bu gün dünyada təhsilsizlik ciddi problemlərə yol açır. Təbii ki, gözəl peşə və sənət sahibi olan, öz sahəsində böyük uğurlar qazanan qadınlarımız da az deyil. Elə qadınlar var ki, sənət və peşə sahəsində qazandıqları nüfuz və şöhrətlə professorlardan, akademiklərdən və siyasətçilərdən daha çox tanınırlar.
Amma bütün hallarda qızlarımızın təhsilli olması ailə, gələcəkdə isə millətimiz və dövlətimiz üçün yeni nəslin formalaşmasında böyük əhəmiyyət daşıyır. Ona görə də ailə qurmamış və ya ailə qurmaq ərəfəsində olan qızlarımıza təhsilləri ilə bağlı ciddi düşünməyi tövsiyə edərdim.
Ailəyə bağlılıqla məsələ bitmir. Ailədə dünyaya gələcək uşağın, yəni gələcəkdə millətimizin və dövlətimizin bir nümayəndəsinin necə formalaşmasında ananın böyük rolu var. Buna görə də gənc qızlarımız öz gələcəkləri, təhsilləri və ailə həyatı ilə bağlı qərar verərkən bu məsuliyyəti də nəzərə almalıdırlar".
Deputat Tənzilə Rüstəmxanlı isə gənc qadınların özlərinə qoyacaqları ən böyük sərmayənin elm və təhsil olduğunu bildirib:
"Mənim düşüncəm budur ki, gənc xanımlar özlərinə qoyacaqları ən böyük sərmayə elm və təhsil olmalıdır. Hər millətin bəlası cəhalət və cahillikdir. Bəli, oxuyan cahillər də çoxdur. Amma təhsil çox önəmlidir. Hələ qız uşaqları iş sahəsində, cəmiyyətin aparıcı qüvvəsi olduqlarını nəzərə almalıdırlar. Hər cəmiyyətin mədəniyyəti onun qadına olan münasibəti ilə ölçülür. Mənim nəzdimdə gənc qızlarımız yüksək səviyyədə təhsil almalıdır. İstər ölkədə, istərsə də imkanı varsa, xaricdə də oxuya bilər".
T.Rüstəmxanlının fikrincə, cəmiyyətdə öz yerini tapmaq üçün gənc xanımların təhsil alması vacibdir:
"Mən övladlarıma bu məsələdə çox güvənmişəm ki, gedib oxusunlar, elm dalınca getsinlər. Nə qədər oxusalar, demişəm, həmişə yanındayam. Ona görə də imkanları olan mütləq təhsil alsınlar. Azərbaycanda da təhsil sistemi xeyli düzəlib. ADA Universiteti o qədər yüksək səviyyəli təhsil sistemi qurub ki, heç gedib xaricdə oxumaq məcburiyyəti yoxdur. ABŞ-də, Avropada oxuyanla ADA-da oxumuş eyni səviyyədədir. Ona görə də düşünürəm ki, yaxşı oxumaq lazımdır. Tövsiyəm budur ki, gələcəkləri, cəmiyyətdə öz yerlərini, özlərini tapmaq üçün, özlərini ifadə etmək yollarını tapmaq üçün mütləq təhsilə önəm verməlidirlər".
Deputat Elnarə Akimova isə gənc xanımlara ilk növbədə özlərinə inanmağı və təhsil almağı tövsiyə edib:
"Gənc xanımlara ilk növbədə özlərinə inanmağı və təhsil almağı tövsiyə edərdim. Təhsil yalnız diplom almaq deyil, düşünməyi, seçim etməyi və həyatda möhkəm dayanmağı öyrədən ən böyük sərmayədir. Heç kim öyrənməkdən, özünü inkişaf etdirməkdən vaz keçməməlidir.
Ailə həyatın ən böyük dəyərlərindəndir. Amma güclü ailənin təməli qarşılıqlı hörmətə, sevgiyə, etimada və məsuliyyətə söykənir. Gənc xanımlar ailə qurarkən tələsməməli, həyat yoldaşını dəyərlərinə və xarakterinə görə seçməlidirlər.
Gələcəklə bağlı isə bir arzunu heç vaxt itirməsinlər: böyük hədəflər qurmaqdan çəkinməsinlər. Zəhmətdən qorxmasınlar, uğursuzluqları son deyil, yeni başlanğıc kimi qəbul etsinlər. Cəmiyyətimizin inkişafı savadlı, düşünən, mərhəmətli və məsuliyyətli qadınların varlığı ilə daha da güclənəcək. Öz dəyərlərinə sadiq qalaraq cəsarətlə irəliləsinlər, çünki onların uğuru həm ailələrinin, həm də ölkəmizin uğurudur”.
Milli Məclisin deputatı Könül Nurullayeva da gənc xanımlara keyfiyyətli təhsil almağı, daim öz üzərlərində çalışmağı və biliklərini davamlı şəkildə artırmağı tövsiyə edib:
"Gənc xanımlara ilk növbədə keyfiyyətli təhsil almağı, daim öz üzərlərində çalışmağı və biliklərini davamlı olaraq artırmağı tövsiyə edərdim. Təhsil insanın ən etibarlı sərvətidir və gələcək uğurların möhkəm təməlidir. Uğurlu karyera ilə möhkəm ailə dəyərlərini uzlaşdırmaq mümkündür. Ən vacibi isə heç vaxt inkişaf etməkdən və arzularının arxasınca getməkdən çəkinməsinlər.
Eyni zamanda, milli-mənəvi dəyərlərə, ailə institutuna və qarşılıqlı hörmətə xüsusi önəm vermək vacibdir. Güclü cəmiyyət güclü ailədən başlayır.
Gənc xanımlarımız özlərinə inanmalı, qarşılarına məqsədlər qoymalı, çətinliklərdən çəkinməməli və cəmiyyətin inkişafında fəal iştirak etməlidirlər. Azərbaycan qadını həm peşəkar fəaliyyəti, həm də ailə dəyərlərinə sadiqliyi ilə hər zaman nümunə olub və bu ənənəni yeni nəsil də uğurla davam etdirməlidir”.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva isə gənc xanımlara hədəflərindən vaz keçməməyi və təhsilə önəm verməyi tövsiyə edib:
"Gənc xanımlara demək istərdim ki, heç vaxt özlərinə qoyduqları hədəflərdən vaz keçməsinlər. Təhsil alın, oxuyun, araşdırın, çünki bilik insanın əlindən alına bilməyən ən böyük sərvətdir.
Ailə qurarkən də unutmayın ki, xoşbəxt ailənin təməli qarşılıqlı hörmət, anlayış və sevgidir. Qadın həm ailəsinin dayağı, həm də cəmiyyətin inkişafına töhfə verən güclü bir şəxsiyyət ola bilər. Bunlar bir-birini istisna etmir.
Özünüzə inanın, zəhmətdən çəkinməyin və milli-mənəvi dəyərlərinizə sahib çıxın. Güclü, savadlı və mərhəmətli Azərbaycan xanımlarının həm ailələrini, həm də ölkəmizin gələcəyini daha da gözəlləşdirəcəyinə ürəkdən inanıram".
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30