Baş nazir Benyamin Netanyahu 14 dekabr 2024-cü ildə İranla bağlı açıqlama vermişdi: “Bir il əvvəl mən Yaxın Şərqin simasını dəyişəcəyimizi demişdim və həqiqətən də biz bunu edirik. Suriya əvvəlki Suriya deyil. Livan əvvəlki Livan deyil. Qəzza əvvəlki Qəzza deyil. Müqavimət oxunun başında dayanan İran da əvvəlki İran deyil; İran da bizim odumuzun gücünü hiss etdi”.
Bəli, İsrail İranın qol-qanadını qırıb. Məsələn, Hizbullahın yeni baş katibi Naim Qasim etiraf edib ki, “Hizbullah (İrandan gəlib) Suriyadan keçən hərbi təchizat yolunu itirib”.
İranın Hizbullahı və HƏMAS-ı yenidən dirçəltməsi, Suriyada ələviləri yenidən iqtidara gətirməsi müşkül işdir.
Ancaq orası da var ki, Bəşər Əsədə bağlı hərbi güclər İraqa keçib. Onlar İranın nəzarətindədir. İraqın özündə də İranın at oynatması sirr deyil. Yəməndə də İran söz sahibi olaraq qalır.
Mustafası o ki, İran Suriya, Livan və Qəzzaya nəzarəti birdəfəli itirib, ancaq rəsmi Tehran hələ də Yəmən və İraqı öz əlində saxlayır. Kimsə deyə bilər ki, İsrail və ABŞ, bəzən Böyük Britaniya da Yəmənin husi üsyançılarına zərbələr endirir. Eynən Səudiyyə Ərəbistanı kimi onların da endirdiyi zərbələr gözlənilən nəticəni vermir.
Co Bayden administrasiyası Benyamin Netanyahu hökumətinin anti-İran siyasətinə elə də dəstək vermirdi. Ancaq Donald Tramp bu məsələdə radikal şəkildə İsrailin yanındadır və bu, birmənalıdır. Bu isə o deməkdir ki, tezliklə İsrail birbaşa İranı vuracaq. Xüsusən İranın nüvə obyektlərini sıradan çıxarmağa çalışacaq...
Bir önəmli məqamı da deyim. İranın Yaxın Şərqdə mövqeyinin zəifləməsi əksər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanır. Niyə? Çünki İslam Dünyasının 85-88 faizi sünnidir. Yəni İran Yaxın Şərqdə dini azlıq olan şiələri təmsil edir. Elə ona görə də Səudiyyə Ərəbistanı başda olmaqla əksər ərəb ölkələri proseslərin bu gedişindən məmnundur. Xüsusən İranın Suriyadan qovulması sünnilər tərəfindən rəğbətlə qarşılandı. Çünki Suriyada əhalinin 80 faizi sünnidir. Ancaq əhalinin 10 faizini təmsil edən ələvilər az qala 50 il idi ki, iqtidara nəzarət edirdi...
Reallıq belədir ki, dini kimlik məsələsi İslam Dünyasında xüsusi önəm daşıyır. Məsələn, 7-8 il əvvəl Bəhreyn Krallığında şiələr sünnilərdən çox idi. Ona görə də İran Bəhreyndə sünni monarxiyanı devirərək iqtidara şiələrin gəlməsinə çalışırdı. Təbii ki, Səudiyyə Ərəbistanı buna imkan vermirdi. Son illərdə isə Bəhreyn krallığı ancaq sünni yabançı işçilərə ölkəyə daxil olmağa və işləməyə imkan tanıyır. Nəticədə cəmi 7-8 il ərazində Bəhreyndə sünnilərin sayı süni şəkildə şiələri üstələyib...
İran başa düşür ki, İsrail istənilən vaxt ABŞ-ın dəstəyi ilə hərbi kampaniyaya başlaya bilər. Ona görə də hərbi baxımdan gözlənilən təhlükələrə hazır olmağa çalışır. Belə ki, yanvarın 3-dən etibarən (həmin gün Birləşmiş Ştatlar general Qasim Süleymanini terror yolu ilə aradan götürüb) İran irimiqyaslı hərbi təlimlərə başlayıb. Quruda, suda, havada düşmənin şərti hədəflərini sıradan çıxarmaqla məşğuldurlar...
Problem ondadır ki, balacaq İsrail texniki baxımdan İrandan qat-qat üstün ölkədir. Ona görə də İranın bu savaşdan qələbə ilə çıxmaq şansı sıfırın altındadır. Amerikanın, bütövlükdə Qərbin, bir sıra ərəb ölkələrinin isə gizli dəstəyini alan İsrailin xüsusən havada dominantlıq etməsi gözlənilir...
Şübhəsiz ki, İranın böyük müharibəyə cəlb olunması Azərbaycanı, eləcə də Türkiyəni hərəkətə keçməyə məcbur edəcək. Təəssüf ki, bizim coğrafiya dərin ziddiyyətlər səbəbindən aram tapa bilmir. Sünni-şiə ayrımçılığı isə müsəlman xalqlarını düşmən qarşısında tərk-silah edir...