Bir sıra xəbər lentlərində Daşkənd və Bişkekdə kirayə evlərin qiymətinin qalxdığı xəbərlərini oxudum. Səbəb kimi Rusiyadan müharibə səbəbindən qaçıb gələn ruslar göstərilir. Yazılanlardan aydın olur ki, heç də rusların hamısı avropa ölkələrinə qaçıb gedə bilmir. Bunu ancaq imkanlıları edir. Ona görə də əksəriyyət MDB ölkələrinə üz tutmaq məcburiyyətində qalır. Burada isə mənzərə aşağıdakı kimidir. Qafqazda- Azərbaycanda quru sərhədlər bağlıdır. Gürcüstanda ruslara münasibət artıq neçə illərdir ki, soyuqdur. Balaca və kasıb Ermənistanda da son illər rusofob əhval-ruhiyyə güclənib. Ona görə də əksəriyyət Orta Asiya respublikalarına üz tutmaq məcburiyyətində qalır. Bu isə tarixin və ya rusun geriyə dönən bumeranqıdır.
***
Böyük vətən müharibəsinin ilk dönəmində Sovet ordusu güclü məğlubiyyətə uğradı. Alman faşıstləri üzü Moskvaya doğru sürətlə irəliləyirdi. Həmin vaxt Moskva və Leninqrad əhalisi (xüsusən uşaqlar) cəbhə xəttindən uzaq yerlərə daşınmağa başladı. Bu isə əsasən Qafqaz və Orta Asiya respublikaları idi. Bu hadisələrlə bağlı bir sıra əsərlər yazılıb və filmlər çəkilib. Elə bizdə də " Bizim Cəbiş müəllim" filmində bu fraqmentə toxunulub. Sovetlər dönəmində "Mosfilm"in xətti ilə çəkilən " Daşkənd çörəkli şəhərdi", "Sən yetim deyilsən" kimi bir çox şedevr sayılacaq Bədii filmlər istehsal olunub.
***
Daşkəndin mərkəzində heyrətamiz bir abidə var. Heykəltəraşlıq kompozisiyasının mərkəzində yaşlı bir özbək kişi, yanında isə qadın oturub və çoxlu sayda uşaqlar onları əhatə edib. Kişi onlara həssaslıqla və böyük ciddiliklə baxır - qollarını açır və sanki bütün böyük ailəni qucaqlayır. Bu, bütün Özbəkistanın hörmət etdiyi Şahməd Şamahmudov və onun xanımı Bəhridir. Böyük Vətən Müharibəsi illərində o, həyat yoldaşı ilə 15 (!) uşağı övladlığa götürüb böyütmüş, onlar üçün əsl valideyn olmuşlar.Şamahmudovların öz övladları olmayıb. Daşkənd yaxınlığındakı qəsəbədə dəmirçi işləyən Şahməd, arvadı Bəhridən xeyli böyük idi. 1941-ci ildə onun artıq 50, Bəhrinin isə 38 yaşı vardı. Həmin dövrdə Orta Asiya respublikaları almanlar tərəfindən mühasirəyə alınmış sovet şəhərlərindən təxliyyə edilmiş uşaqları qəbul etməyə başladı. Bunlar əsasən valideynləri faşistlər tərəfindən öldürülmüş yetimlər, ana və ataları cəbhəyə yollanmış uşaqlar idi. Həmin vaxt Özbəkistanın uşaq evləri öz qapılarını 200 min sovet uşağına açıb.
Və bir çox özbək ailələri uşaq evlərindən uşaqları övladlığa götürməyə başlayıb. Şamahmudovlar bu haqda fikirləşib qərara gəldilər: Allah bizə övlad vermədi, niyə biz himayədar valideyn olmayaq? Bir qədər sonra Şamahmudovların evində uşaqların gülüşü və addım səsləri eşidildi: ər-arvad düz 15 uşağı övladlığa götürdü.
Müharibədən sonra dövlət onları “Şərəf nişanı” ordeni ilə təltif etdi, Bəhri ana həm də "Qəhrəman Ana" fəxri adını aldı. Şamahmudovlar hekayəsini yazıçı Rəhmət Faizi “Əlahəzrət insan” romanında təsvir etmiş, 1960-cı illərdə onlar haqqında çox təsirli “Sən yetim deyilsən” bədii filmi çəkilmişdir. Hətta Daşkənddə onların adına küçə də var.
***
Toktoqon Altıbasarova 1924-cü ildə Qırğızıstanın İssık-Kul vilayətində anadan olub. Müharibə başlayanda onun cəmi 16 yaşı var idi. Kənddə az-çox , yazı-pozu bildiyindən onu həm də Kürmenti kəndinə kolxoz sədri də təyin etmişdilər. 1942-ci ildə Toktoqon Leninqraddan təxliyyə edilmiş 150! uşağı himayəyə götürür. O uşaqları yerli kolxozun yataqxanasında yerləşdirib, düz on il onlara öz övladı kimi qayğı göstərir. Sonrakı illərdə həmin uşaqların bəzisi valideynləri tərəfindən tapılaraq aparıldı. Bir çoxları təhsil alıb, ailə həyatı qurub Qırğızstanda qaldı, yerdə qalanlar isə necə deyərlər: hərəsi bir tərəfə dağıldı. “Uşaqları ac, gətirmişdilər, – Toktoqon göz yaşları içində xatırlayırdı. “Bəzilərinin iki, üç il yarım yaşı vardı. Valideynlərinin harada olduğunu bilmirdilər”. Onu “150 uşaq anası” adlandırırdılar, baxmayaraq ki, sonrakı illərdə ailə həyatı qurduqdan sonra özünün də 8 uşağını o uşaqlarla bərabər böyüdüb boya-başa çatdırdı. Dünyasını dəyişəndə onun 23 nəvəsi və 13 nəticəsi var idi. O bütün həyatını öz ucqar aulunda yaşadı. Orada da dünyasını dəyişdi. İndi Bişkekdə Toqtoqon ananın şərəfinə abidə ucaldılıb.
***
İllər öncə bu böyük qəlbə malik xanım haqda ilk dəfə oxuyanda öyrəndim ki, onun şərəfinə Sankt-Peterburqda nəinki bir küçə heç adicə bir xatirə lövhəsi belə vurulmayıb. O vaxt bu məsələ ilə bağlı Sank-Peterburqdakı bir sıra sayt və TV-lərə, dövlət və qeyri-hökumət strukturlarına müraciət göndərsəm də hamısından bürokratik-şablon cavablar aldım. Halbuki istər Moskva, istərsə də Sankt-peterburqda şərəfinə heykəl qoyulmuş insanların böyük əksəriyyəti nə Toqtoqon, nə də Şamahmudovlar qədər əziz və dəyərli ola biməz. Mən sizə iki nəfəri misal gətirdim. Amma həmin illərdə bu cür insanların sayı yüzlərlə olub. Ancaq illər keçdi, zaman dəyişdi. Elə bir dövr gəlib çatdı ki, Orta Asiya respublikalarından olan bir çox insanlar ehtiyac üzündən, iş dalınca həmin Moskva və Sankt peterburqa üz tutmalı oldu. Amma onların gəlişinə heç kəs sevinmədi. Onlar ən çirkli işlərdə, ucuz işçi qüvvəsi kimi istifadə olundu. Adlarına "çurka", "basmaç", " çornıy *opa" deyib rişxəd etdilər. Qaranlıq Piter küçələrində xəlvətə salıb onları döyüb (bir çox hallarda isə öldürüb) şiddət yaşatdılar. Bəlkə də o döyənlərin bir çoxu toqtoqonların, şamahmudovların vaxtı ilə qucaq açıb, son tikələrini onlarla bölüşən kəslərin nəvələri idilər. Bəlkə də o döyülənlərin (öldürülənlərin) icərisində həmin Toqtoqonun nəvələri də olub.
***
Amma adına "ilahi ədalət" deyilən bir haqq da var. Yenə də illər ötdü, zamanə dəyişdi. Rusiya müharibəyə başladı. Bu vaxt həmin rusların bir çoxu, başını götürüb elə həmin Orta Asiya ölkələrində sığınacaq tapmaq ümidi ilə oralara üz tutdu. Bir az əvvəl adına "çurka", "başmaç" dediyi : ən axırıncı işlərdə qul kimi işlədib, adam yerinə qoymadığı həmin mırzakulların, altınbayların telefonuna zəng edib " bratan pomoqi" ( qardaş kömək et) deyib imdad dilədi. Burada bir kiçicik haşiyəyə çıxmaq istərdim: Böyük Vətən müharibəsi devrində Özbəkistana 200 000, Qırğızstana isə 100 000 civarında uşaq təxliyyə olunmuşdu. Onların arasında 2-3 yaşlı uşaqlar da olub. İndi gözünüzü yumub bir anlığa belə bir mənzərə təsəvvür edin ki: bu respublikalarda təbii fəlakət və ya müharibə səbəbindən həmin sayda özbək və ya qırğız ən ucqar kəndlərdən ac-yalavac, əyin-başları pis gündə gəlib tökülürlər Moskvanın və ya Sankt-peterburqun küçələrinə. Sizi bilmirəm ancq mən baş verəcək mənzərəni təsəvvür etməkdən belə qorxuram. Ancaq bu gün minlərlə rus məhz Özbəkistana, Qırğızstana üz tutur. Çünki oranın insanları kinli deyil, əksinə mehriban və ürəyi yumuşaqdılar. Çünki burada hava günəşli, təbiət isə gözəldir. Marketlərdə ərzaq və geyim ucuzdur. Və mən ona da əminəm ki, buranın insanları yenə də uzaq 40-cı illərdə olduğu kimi bu köməksiz, çarəsiz insanlara qucaq açırlar.
***
Bu yazımla hansısa xalqı aşağılamaq və ya ilahiləşdirmək istəmirəm. Mən də "pis xalq yoxdur-pis adamlar var" şüarını qəbul edən birisiyəm. Amma təəssüf ki, söhbət açdığım tarixi gerçəklik də acı bir həqiqətdir. Ona görə də əziz valideynlər, uşaqlarınıza S.Marşakın "Pişiyin evi" əsərini mütləq oxudun. MÜTLƏQ..
Bu gün, 18:00
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:30
Bu gün, 16:00
Bu gün, 15:30
Bu gün, 15:00
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00