Ərdoğan “qaza” basdı - Türkiyə liderindən mühüm seçki gedişi

Qardaş ölkədə seçki rəqabəti həlledici mərhələyə girir

Türkiyədə seçki kampaniyası yavaş-yavaş ən kritik mərhələsinə girir. Təbliğat kampaniyası getdikcə daha geniş və sərt xarakter almaqdadır. Təbii ki, prezidentliyə 4 rəqib namizəd arasında mübarizə həm də passiv və laqeyd elektorat uğrunda, yaxud hələ ki, mövqeyini dəqiqləşdirməmiş seçicilər uğrunda gedəcək. Eyni zamanda, rəqib tərəfdarlarını öz tərəfinə çəkmək üçün mübarizə güclənəcək.
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa iki müjdə verib. O, növbəti aydan etibarən elektrik və təbii qazın qiymətində kəskin ucuzlaşmanın olacağını elan edib. Prezident bütün abonentlər üçün elektrik enerjisinin qiymətində 15 faiz, sənayeçilərin istifadə etdiyi təbii qazın tarifində isə 20 faiz endirimin olacağını bildirib.
“Təqaüdçülərimizə bayramlarda verilən mükafat pulunun miqdarını isə 2 min lirəyə qədər (177 manat) qaldıracağıq”. Bunu da Ərdoğan bildirib.
Bəs qardaş ölkədə bunun üçün yetərli iqtisadi-maliyyə qaynaqları varmı? Bu sırf təbliğati gedişdi, yoxsa? Yeri gəlmişkən, Azərbaycanda da qaz və işığın ucuzlaşması mümkünmü?
İqtisadçı və siyasi təhlilçi Natiq Cəfərliyə görə, 14 may seçkiləri Türkiyə tarixinin bəlkə də ən çətin seçkiləri olacaq: “AKP lideri Ərdoğanın reytinqi aşağı düşüb. O səbəbə bu cür addımların atılmasına ehtiyac duyulur. Bu addımın səslərin sayına təsir edəcəyi düşünülür. Çox güman ki, belə də olacaq. Çünki seçicilərin bir qismi belə addımlara qiymət verir. Bu, bir daha sübut edir ki, seçki institutu olan ölkələrdə seçkilərin vətəndaşlara gətirdiyi dividendlər var”.Kənan Rövşənoğlu 
Siyasi yazar Kənan Rövşənoğlu “Yeni Müsavat”a bildirdi ki, təbii qazın yaz aylarında ucuzlaşması realdır. O, daha əvvəl də belə təcrübənin olduğunu bildirdi: “Eyni şəkildə elektrik enerjisi qiymətlərinin müəyyən faiz endirilməsi mümkündür. Ancaq hökumətin birdən-birə bu iki mühüm gəlir qaynağında endirimə getməsi böyük ehtimalla seçki ilə bağlıdır. AKP iqtidarı bu il əvvəlki illərdən fərqli olaraq minimum əməkhaqqı müzakirələri zamanı həmkarlar təşkilatlarının tələb etdiyi rəqəmə yaxın bir rəqəm müəyyən etdi. Halbuki əvvəlki illərdə belə olmurdu. Minimum əməkhaqqı uzun müzakirələrdən sonra həmkarların tələblərindən xeyli aşağı məbləğdə müəyyən olundu. Eləcə də dünən minimum pensiyanın 7500 lirə müəyyən olunması, bayram əlavələrinin artırılması seçkiyə hesablanmış addımdır. Hazırda sosial-iqtisadi vəziyyətin kəskin pisləşdiyi bir dövrdə hakimiyyət seçkiqabağı bu cür güzəştlərlə əhalinin dəstəyini alacağına ümid edir. Türkiyə çox böyük sənayesi və istehsal sahələri olan ölkədir, ixracat həcmi ildən ilə artır. Yəni dövlətin bu cür sosial paketləri təmin etmək imkanları var”.Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Çox oxunanlar