Etibar Hüseynov: "Yediz, içdiz, şənləndiz-yetər"

İndi gəlin 150 illik tarixi olan Milli mətbuatımızın bu gününə açıq göz və ayıq başla baxaq. Haralardan-hara gəlib çıxdığına nəzər yetirək. Artıq neçə vaxtdır ki, tək yubiley illərində deyil elə sıradan ildönüm tarixlərində belə Mətbuat günü "təmtəraqla" qeyd olunur. Bu zaman bir sıra şirkət və nazirliklər müxtəlif səviyyəli ziyafətlər təşkil edir, mətbuat nümayəndələrini dəvət edərək onlarla yeyib-içib, sonunda həmin jurnalistlərə hədiyyələr təqdim edirlər. Və bu hal tək mətbuat günündə deyil, elə Yeni il, 8 mart, Orucluq, Qurban bayramı və digər əlamətdar günlərdə də müşahidə olunur.
***

Ayrı vaxt jurnalistlərin adi bir sorğusuna cavab verməyə can çəkən nazirlik, komitə, şirkət rəhbərləri bu günlərdə onlara təmtəraqlı ziyafət təşkil edib, hədiyyələr verir. Sual olunur niyə, xeyir ola? Belə eybəcər tendensiyaya dünyanın hansı ölkəsində rast gəlinib?  Cavab aydındır. Hansı bir jurnalist- hədiyyər qəbul edib, yeyib-içib, irişə-irişə şəkil çəkdirdiyi şirkət, komitə,nazirlik haqda sonradan tənqidi material yazar? Təbii ki, heç biri. Ona görə də özünə və qələminə azacıq da olsa hörmət edən jurnalistlər o məclislərə heç vaxt qatılmır. Ona görə də buradan Mətbuat Şurasına, MEDİA agetliyinə üz tutub müraciət edirəm: "jurnalist və  mətbuat adına ləkə gətirən  bu cürə tədbirlərə qatılmağa  qadağa qoyun". Onsuz da dövlətin aidiyyatlı qurumları bu tədbirləri lazımı səviyyədə keçirir və qeyd edir. 
***
Bir ritorik sualıma da cavab istəyirəm: nədən həmin bu nazirlik, komitə, şirkət rəhbərləri, tutalım təhsil və ya səhiyyə işçilərinin "peşə bayramı günü" ölkənin tanınmış müəlim və həkimlərini toplayıb onları təbrik edib, hədiyyələr təqdim eləmir? Cavab yəqin ki, aydındır. Çünki mətbuatdan "umacaq"ları var. Artıq Milli Mətbuat günü"ndən istifadə bir sıra siyasi çevrələrin də maraq dairəsinə daxil olub. Bir sıra siyasi partiya və xarici ölkə səfirləri də bu fürsətdən məqsədli şəkildə yararlanmaq yolunu tutublar. Elə götürək təxminən bir həftə əvvəl Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpı. Adam yubiley tədbiri adı altında dəvət elədiyi jurnalistlərə, dövlət adına yalan və iftira dolu bəyanat səsləndirir. Sual olunur: əcaba, sən niyə aylar əvvəl baş vermiş hadisələr barədə məhz indi- Milli Mətbuatın yubiley tədbirində danışırsan? Elə vaxtında mətbuat konfransı-filan təşkil edib deyərdin də.
***
Ancaq məni səfirin dediklərindən daha çox, həmin tədbirdə iştirak edən jurnalistlərin qulaqlarını sallayıb, sakitcə dinləmələri, səslərini çıxarmamaları oldu. Onlar danışmalı, etiraz etməli, tədbiri baykot edərək tərk etməli idilər. Ancaq heç biri nə tədbir vaxtı, nə də sonradan buna münasibət bildirmədi. Qatıldıqları ziyafətdən, cənab Ceymsdən çəkdirdikləri fotoları paylaşıb, "dəvətə görə cənab səfirə minnətdarlığımı bildirirəm" yazmaqla kifayətləndilər. Əksəriyyəti də fəxri adlı, medallı "mətbuat bossları" sayılır. Əvəzində həm ölkə daxilində, həm də xaricdə əyləşən və bir sıra dövlətimizə düşmən mövqeyində olan instutlardan maliyyələşən məlum ünvanlar, səfirin təxribat yönümlü  bu bəyanatını geniş şəkildə yayımlayıb " stəkanda fırtına" yaratmağa nail oldular. 
***

Utanın ee, vallah ayıb olsun. Milli mənafeni, ləyaqətinizi- 100 q viskiyə, 2 buterbroda, səfirlə yanaşı durub genələ-genələ çəkdirdiyiniz bir fotoya qurban verdiniz. Sabah bu ölkədə bir balaca çaxnaşma olacağı halda sizlərin hansı cildlərə girəcəyinizi təsəvvür eləmək heç də çətin deyil. Niyə biriniz o əyninə yubka geyən Ceymsin sözünü ağzında qoyub demədiz ki: "sən bizi bayram tədbirinə çağırıbsan, ya siyasi bəyanat söyləməyə? heç hənanın yeridir?" Amma demədilər. Çünki qorxurlar ki, birdən sabah hansısa növbəti bir tədbirə dəvət olunmazlar. Yani bu qədər bəsit, bu qədər sadə. Heç biriniz anlamadınız ki, bu səfirin Azərbaycan mətbutına belə ürəyi yanırsa jurnalistlərimiz üçün pulsuz Dil kursları təşkil edər. Və ya Britaniyanın dünyaca məhşur TV və ya İnformasiya agentliklərinə təcrübə səfərlərinə göndərərdi. Amma yəqin ki, indən belə edəcək. Heyət isə-həmin o qulaqlarını sallayıb, gözlərini döyə-döyə səfirin ağzğna baxan şəxslərdən ibarət olacaq. 
***
Təəssüf, min təəssüflər olsun ki, bu gün hansısa media orqanının və ya jurnalisin çəkisi-onun hansısa yazı və reportajlarına görə deyil,  tədbirlərdən yayımlanan fotolarına görə müəyyən edilir. Milli Mətbutımızın 150 illik yubileyi ərəfəsində bunun bir daha şahidi oldum. Bizim media (təbii ki, hamısını nəzərdə tutmuram) buterburod, kabab, kola, vəzifəli, imkanlı şəxslərlə foto mediasına çevrilib. Bax sual verirəm də sizə: niyə sizi banketlərə dəvət edib hədiyyələr verən o vəzifəli şəxslərə demirsiz ki: "bizə kabab qonaqlığı lazım deyil. Bir avtobus təşkil eləyin, gedək Nefçalada Natavanın, Göyçayda Səbuhinin, İmişlidə Ədil Arifoglunun, Agsuda Məmməd Nazimoğlunun qəbrini ziyarət edək". Demədiniz, çünki sizlər boyu-boğazından aşağıda olanlarsız. Sizlər, nəinki əyalətlərə, heç burdan-bura,  Bakıda Qənirə Paşavevanı, Çingiz Mustafayevi, Salatını, Buzovnada Seyidaga Mövsümlünü, Sumqayıtda Sirac Abışovu belə ziyarət etməyi  aglına gətirməyəcək qədər qarınqulu və hədiyyə həvəskarlarısız. Niyə veteran və ya dünyasını dəyişmiş jurnalistlərin ailələrinə baş çəkib valideynləri, xanımları və ya övladları ilə şəkil çəkdirib paylaşmadınız? Bax siz busunuz!
***
Və bunlar da az qala hər il özlərinə, qəzetlərinə, saytlarına "Ad günü" keçirirlər. 1, 3, 5 il və.s Və bunula da kifayətlənmirlər; Qeydiyyat tarixlərinə, Baş redaktordan tutmuş, katibələrinə qədər də doğum günü keşirib fotolar paylaşırlar.  İndi elə bir zamanda yaşayırıq ki, dünya ovucumuzun içindəki telefondadır. Əksəriyyət kimi mən də, sosial şəbəkələrdə olan yüzlərlə- yaxın və uzaq xaricdə yayımlanan tanınmış media orqanı, jurnalist, politoloq, siyasi xadimin səhifəsinə abunəçiyəm. Mən hələ görməmişəm ki,( xırda-paralar bir yana) hansısa dünyaca tanınmış bir media orqanı tort kəsib-özünə ad günü keçirsin. Ayıbdı e, vallah ayıb. Hansı gününüzə, hansı uğurunuza keçırısınız o "Ad günü" lərini? Biləcəridən o tərəfə keçə bilməyibsiz e.. Bu boyda ölkədə Az.tv, Trend, Real, Haqqın az, APA dan başqa (unutduqlarım varsa üzrlü saysın) ölkə sərhədlərindən kənarda izlənilən mətbuat orqanı yoxdu. Ayrılan pullara əksəriyyətiniz özünüzə katibəli, təmtəraqlı ofis, maşınlar alıbsız. Ancaq gördüyünüz işin faydalı iş əmsalı 0-dır. Çünki bacarığınız, qabiliyyətiniz bundan artığına imkan vermir.
***
Bir misal çəkəcəm. Kamran Rozmavar adlı bir sosial şəbəkə istifadəçisi var. Adamın jurnalist təhsili belə yoxdur. Amma FB, Youtub və TikTokda səhifələri var. Və bu yoldaş evdə oturaraq tək bir telefonu ilə bütün dünya ermənilərini diz üstü qoyub. 2020, yəni müharibə başlayandan ermənilərlə informasiya savaşındadır. İzləyirəm, bəzən elə olur ki, axşamdan başlayan efiri əksər vaxtlar gecə saat  5-ə qədər davam edir. Qarşısına çıxmağa özündə cəsarət tapan bütün erməniləri tapdalayıb əzir. Yumruqla deyil, agılı, zəkası, məntiqli çıxışları ilə. Və bir daha təkrar edirəm: adam bunu evdə oturaraq bir telefonu ilə edir. Bununla da kifayətlənmir. Azad olunmuş torpaqlarla bərabər Azərbaycanı qarış-qarış gəzib tariximiz, milli adət-ənənələrimiz, mətbəximiz barədə rus dilində verilişlər hazırlayıb paylaşımlar edir. Verilişlərinə milyonlarla baxış var. Yani insan vətənpərvərdi, əsl patriotdu. Amma onu heç vaxt hansısa tədbirdə-filanda görmədim.  Dövlətdən də nə ev istəyib, nə ad, nə də pul. Bəs siz?


***
Mən ölkə xaricini qoyuram bir kənara.  Elman Nəsirov, Siyavuş Novruzovdan yuxarı bir nüfuz sahibi olan vəzifə sahibindən müsahibə almaq belə iqtidarında olcaq nüfuz sahibi deyilsiniz. Tanınmış mədəniyyət xadimləri, o cümlədən özünə hörmət qoyan şou-biznes nümayəndələri belə sizləri adam yerinə qoyub, sizlərə danışmaq istəmir. Ona görə də " Ad günü "ləriniz yalnız tort ətrafında çəkilən fotolardan ibarət olur. Amma bu il(lər) ərzində hansı uğurlara imza ata bildiniz? hansı xarici ölkənin prezidenti, siyasi xadimi, dünyaca tanınmış idmançı, şou-biznes nümayəndəsindən eksklüziv material hazırladınız? xaricdə hansı yenı müxbir bürosu açdınız? hansı "qaynar nöqtə"lərdən reportajlar yayımladınız? Bax bu barədə danışılacaq sözünüz varsa, buyurun. Yoxdu axı.  Röyanın tumuşu, Şəbnəmin hacısı, Rozanın qabaritindən yaza-yaza baxış toplayan saytlar və TV-lərin özlərinə "Ad günü" keçirməyə haqqı çatırmı?
***
  Bəli, mən də hamınız kimi 40 man verib Protest.az sayt açmışam (orta səviyyədə giriş var), pulsuz olaraq 10.000-ə yaxın izləyicisi olan FB səhifəm, eyni adlı Yutube kanalı (60 000-dən çox abunəsi) və 20 000 üzərində abunəçisi olan TikTok kanalım var. Uzun müddət Azərbaycan teleməkanında (rəsmi olaraq) ən reytinqli verilişlərin aparıcısı olmuşam. Yazılarım ara-sıra xarıcı mətbuatda da dərc olunub. Amma mən heç vaxt jurnalist olaraq özümə, verilişimə, saytıma və.s "Ad günü"ləri-filan keçirməmişəm. Dövlət səviyyəli tədbirlər istisna olmaqla, hansısa ziyafətlərə qatılmamışam. Ev, ad davası etməmişəm. Başımı aşağı salım işimlə məşğul olmuşam. 60-a yaxın yaşım var. Təbii ki, bu yaşda nə əvvəlki enerji var, nə də  əvvəlki entuziazm. Ona görə də "yağmıramsa, guruldamıram"da.. 
***
Amma mətbuatımızla bağlı da bədbin deyiləm. Son vaxtlar bir sıra televiziya və saytlarımızda səviyyəli veriliş və yazıların sayı artıb. "Reket jurnalistikası"na qarşı hüquqi tədbirlərin görülməsi də diqqətə layiqdir. Bu gün üçün hava və su kimi vacib olan informasiya müharibəsinin coğrafiyası yavaş-yavaş ölkə sərhədlərindən kənara çıxa bilb. Bu hal çox sevindiricidir. Və əminəm ki, bu proses getdikcə sürətlənəcək. 
***
Yazımın gedişatında, nəql etdiklərimin heç də hamıya aid olmadığını qeyd etmişdim. İstisnalar var əlbəttə ki. Bu gün mətbuatımızda  müstəqil, peşəkar, cəsarətli, vətənpərvər, ləyaqətlərini qoruyub saxlaya bilən qələm sahibləri də var. Bəli, onlar azdı; amma var.
Var olun dostlar. Sizin şərəfinizə!  Gününüz mübarək!..

Xəbər lenti
Çox oxunanlar