2005-ci il noyabrın 7-də Qars Şəhər Bələdiyyəsi guya Ermənistandakı Soyqırım Abidəsinə cavab kimi Sukapı Məhəlləsində “İnsanlıq Abidəsi” tikilməsi barədə yekdilliklə qərar verdi.
2006-cı ildə Qars Bələdiyyə Başçısı Naif Əlibəyoğlu (AKP) ilə heykəltəraş Mehmet Aksoy arasında müqavilə imzalandı. 24,5 metr hündürlüyündə olan heykəlin tikintisinə başlandı. O vaxt bu abidəyə etiraz üçün İqdıra getmiş Azərbaycan media nümayəndələri ilə görüşdə Naif Əlibəyov and-aman edirmiş ki, onun anası azərbaycanlıdır. Daş belə azərbaycanlının başına...
Bilirsiz, bu, nə demək idi? Mənim baxışıma görə, bu, Türkiyənin arxadan Azərbaycanın kürəyinə xəncər soxması kimi bir şey idi. Təxminən İranın Təbrizdə Ermənistan konsulluğu açmasına (hələ açılmayıb) bənzər...
Həmin abidə qədim Qars qalasının qarşısındakı Qazıqtəpənin üstündə dayanmışdı. Qonşu Ermənistandan görünən heykəldə hər biri digərinin əlini tutmaq üçün uzanan insanın ikiyə bölünmüş yarısı təsvir olunmuşdu. Abidə 2011-ci ilin aprelində, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən “əcaib” və ya “eybəcər” adlandırıldıqdan cəmi bir neçə ay sonra söküldü.
Maraqlıdır ki, 1997-ci ildə “Iğdır soykırım anıtı” abidəsi də həmin bölgədə ucaldılıb. Həmin abidəni soydaşımız professor Cəfər Qiyasi ərsəyə gətirib.Özü də o işi pulsuz-parasız görüb. Yəni bu işi görməyi özünə mənəvi borc bilib. İqdırda ermənilərin türklərə qarşı törətdiyi soyqırımı rəmzləşdirən abidə göy üzünə millənən beş türk qılıncından ibarətdir. Qınından çıxmış beş türk qılıncı Ermənistanın sərhəd bölgələrindən də, İrəvandan da baxanda par-par parıltısı ilə görünür.
Xatırladım ki, Qars şəhərinin 30-40 kilometrliyindəki Sarıqamışda 90 minə yaxın türk əsgəri şəhid olub. Ermənilər ruslarala əl-ələ verib türklərə qarşı ən böyük qətliamı məhz Qars bölgəsində törədiblər.
Düşünün ki, belə bir yerdə, yəni azərbaycanlıların sıx yaşadığı bir bölgədə AKP iqtidarı ermənilər vəsf edən “İnsanlıq Abidəsi” ucaltmışdı...

Bunları niyə vurğulayıram? Yaddaşı gödək olanlara xatırlatmaqda fayda var ki, ermənipərəst Türkiyənin azərbaycanpərəst Türkiyəyə çevrilməsi o qədər də asan olmayıb. Təsəvvür edin ki, MHP kimi millətçi kəsim belə ermənilərə açıq simpatiya sərgiləyən bu abidənin ucaldılmasının qarşısını almayıb, daha doğrusu, buna heç cəhd də göstərməyib...
Kimsə düşünməsin ki, bu, köhnə söhbətdir. 2011-ci il çoxdan arxada qalıb. Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni abidəsi 2016-ci ildə ortaya çıxdı. Erməni tərəfdarı və PKK üzvləri tərəfindən qoyulmuş həmin abidədə 1990-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımları törətmiş ASALA terror təşkilatının lideri Monte Melkonyanın da adı yer alıb. Abidənin açılış mərasiminə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılılmışdı...


Yəni bugünkü Türkiyənin formalaşması, Azərbaycan, bütövlükdə Türk Dünyasına qarşı həssas mövqe sərgiləməsi bu kimi sarsıntılardan keçib.
Şəxsən mən Türkiyənin yenidən Azərbaycanın kürəyinə xəncər saplamasını və ermənilərə “İnsanlıq Abidəsi” kimi “əcaib” və “eybəcər” abidə ucaltmasını istəmirəm. Ona görə də mayın 14-ə təyin olunmuş seçkidə sayın Tayyib Ərdoğana qələbə arzulayıram. Bizə ermənilərə müxtəlif bəhanələr altında simpatiya sərgiləyən Türkiyə iqtidarı lazım deyil. Düzdür, həmin abidəni AKP iqtidarı ucaltmışdı. Ancaq sayın Tayyib Ərdoğan siyasi iradə nümayiş etdirdi, Qərbin etirazlarına baxmayaraq həmin abidənin sökdürdü. Bu, təxminən tarixi provoslav kilsəsi olan Ayasofyanı camiyə çevirmək qədər çətin idi. Ancaq Ərdoğan onu bacardı...