Britaniya şirkəti eko-fəalların etiraz aksiyasına nədən qoşulmasın?



Dünən Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Anglo Asian Mining plc” şirkəti haqqında yazmışdım. Bilməyənlər üçün deyim ki, Azərbaycanda Britaniya şirkətləri çoxdur. Ancaq “Anglo Asian Mining plc” “British Petroleum”dan sonra Azərbaycanda fəaliyyət göstərən ən böyük Britaniya şirkətidir. 
Böyük Britaniyanın Ermənistandakı səfiri John Gallagher Ermənistan mətbuatına açıqlamasında belə bir rəy yaratmağa çalışır ki, bu şirkət Britaniya üçün xüsusi önəm daşımır:  “Anglo Asian Mining şirkəti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış müqavilə (söhbət Qızılbulaq və Dəmirli mədənlərindən gedir) özəl kommersiya məsələsidir. Anglo Asian Mining London Fond Birjasında siyahıya alınsa da, Böyük Britaniya hökuməti şirkətdə heç bir səhmə sahib deyil və ya onun idarə heyətində yer almır”.
Qeyd edim ki, cənab səfir BMT-də Fransanın Laçın dəhlizi ilə bağlı müzakirələrdə Böyük Britaniyanın Azərbaycana dəstək verməsi fikrini təkzib etməyə cəhd göstərərkən belə demişdi. 
Ancaq elə faktlar var ki, bu iddianı kökündən təkzib edir. Belə ki, 2019-cu ildə Böyük Britaniyanın Azərbaycandakı səfiri James Sharp adıçəkilən şirkətin Gədəbəy rayonundakı mədənini ziyarət edib. Bu görüşdən son dərəcə məmun qaldığını vurğulayan şirkət rəhbərliyi bu barədə şirkətin özəl saytında məlumat yayıb. Şirkətin saytında gedən xəbərlərdən o da bəlli olur ki, 2022-ci il iyulun 5-də Azərbaycanın Milli Məclisi Şirkətin Hasilatın Pay Bölgüsü Sazişinə dəyişiklikləri ratifikasiya edib. Söhbət hansı dəyişikliklərdən gedir? Ola bilər ki, kommersiya sirri olduğuna görə bu barədə məlumat xəsisliklə verilib. Dəqiq olan odur ki, həmin düzəlişlə Qarabağdakı 3 mədən (ermənilərin hazırda nəzarətindədir) rəsmən şirkətə verilib.
Şuşa yaxınlığında eko-fəalların etiraz aksiyası davam edir. Bir daha vurğulayıram ki, Qarabağ separatçılarının qeyri-qanuni şəkildə istismar etdiyi filiz mədənləri bu şirkətə məxsusdur. Və bu şirkət ermənilərin özbaşınalığına etiraz edir. Heç də təsadüfi deyil ki, məhz dekabrın 20-də bununla bağlı şirkət etiraz xarakterli bəyanat yayıb. Həmin bəyanat BMT, Avropa İttifaqı, ABŞ və Böyük Britaniyaya ünvanlanıb. Xatırladım ki, dekabrın 20-də BMT-də Laçın dəhlizi məsələsi müzakirə olunub. Əminəm ki, həm müzakirələrin Azərbaycanın xeyrinə yekunlaşmasında bu şirkətin həmin bəyanatı da ciddi rol oynayıb...
Düşünürəm ki, ermənilərin nəzarəti altında olan filiz mədənlərinin geri alınması üçün “Anglo Asian Mining” şirkətinin pozulmuş hüquqlarının bərpası istiqamətində atıla biləcək hüquqi addımlardan da istifadə olunmalıdır. Bu, legitim hüquqi əməliyyatdır və şirkətlə yanaşı Azərbaycana da böyük üstünlüklər verir...
Bu məsələdə “Anglo Asian Mining” şirkəti ilə Azərbaycan hökumətinin maraqları üst-üstə düşür. Yaxşı olar ki, bu şirkətin əməkdaşları da eko-fəallara qoşulsun. Və onlar da erməni separatçıları tərəfindən pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparsınlar. Bu barədə ciddi düşünmək lazımdır...
P.S O gün “CNN” eko-fəlların etiraz aksiyasından foto paylaşmışdı. Əllərdə tutulmuş onlarla plakatın yalnız ikisi ingilis dilində idi. Qalanı rusca yazılmışdı. Dünya rus dilini bilmir, bilmək də istəmir. Bu, hansı ağılın məhsuludur? Niyə biz rasional düşünmürük?
Elbəyi Həsənli

Çox oxunanlar