Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasına gətirən səbəblərlə bağlı yeni sensasion iddialar ortaya çıxmaqdadır.
Etibarlı mənbədən əldə etdiyiyimiz məlumata görə, Naxçıvanın sabiq rəhbəri muxtar respublikanın müstəqil elan edilməsi planlarına başlamazdan əvvəl qarşısına daha böyük hədəf – Azərbaycanda hakimiyyəti ələ keçirməyi qoyub.
Mənbə bildirir ki, bu yolda ona Azərbaycan dövlət orqanlarına sızmış və yüksək postlarda vəzifə tutmuş “5-ci kolon”un nümayəndələri də kömək edəcəkdi.
Hər şey əvvəlcədən hazırlanmış plan üzrə cərəyan etməli idi.
Mənbənin bildirdiyinə görə, ilkin mərhələdə V.Talıbov Azərbaycanın Baş naziri olmağı hədəfləyib. 2002-ci ilin iyul ayında keçirilən referendumdan sonra konstitusiya ilə baş nazir vəzifəsi dövlətdə ikinci post oldu. Buna qədər isə Prezidentdən sonra Milli Məclis sədri postu dövlətin ikinci ali vəzifəsi sayılırdı. Mərhum Prezident Heydər Əliyevin zamanında bu arzusunu həyata keçirə bilməyən V.Talıbov 2003-cü ildən sonra həmin post uğrunda ciddi fəaliyyətə keçib.
Xatırladaq ki, 2002-ci ildən sonra baş nazir olmaq istəyən şəxslər haqda ölkə mətbuatında çox yazılıb. Bir vaxtlar bu, qəzetlərin əsas mövzularından idi. “Filan nazir baş nazir olmaq üçün hərəkətə keçdi” – təxminən bu yöndə manşetləri çox oxumuşuq. O manşet yazılarında Vasif Talıbovun da adına tez-tez rast gəlmək olurdu. Dövlət rəhbərliyi isə yaşlı və təcrübəli Artur Rasizadəni yerindən tərpətmirdi…
2016-cı ilin sentyabrında Azərbaycanda növbəti referendum keçirildi. Bu referendumdan sonra Birinci vitse-prezidentlik institutu yaradıldı. Həmin tarixdən etibarən ən ali ikinci dövlət vəzifəsi bu oldu.
2017-ci ilin əvvəlindən başlayaraq Vasif Talıbovun vitse-prezident olacağı məlumatları yayılmağa başlamışdı. Onun da təmsil olunduğu klan üzvləri – deputatlar, icra başçıları, digər vəzifəli şəxslər – Vasif Talıbovun tezliklə Bakıya gələcəyi, yeni vəzifə tutacağı barədə xəbərləri jurnalistlərə ötürürdülər. Hətta elə icra başçıları, deputatlar olub, Vasif Talıbovu “yeni vəzifə” münasibətilə təbrik ediblər, ona teleqram vurub, mesaj yazıblar. Talıbovu özünün mənəvi-siyasi ağsaqqalı hesab edən deputatlar, icra başçıları, başqa yüksəkvəzifəli məmurlar hazırda qorxu, təlaş içində prosesləri izləməkdədirlər.
Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyev Vasif Talıbovun yeni yaradılmış ali dövlət vəzifəsini tutmasında çox maraqlı olub. O, yenilənən hakimiyyət institutunun köhnə qvardiyanın nəzarətindən çıxmaması üçün var gücü ilə çalışıb. Xatırladaq ki, ilk vaxtlarda Birinci vitse-prezidentdən başqa iki vitse-prezident postunun yaradılacağı planlaşdırılıb. Bu barədə həmin dövrdə mətbuatda da yazılar, şərhlər gedirdi. Vasif Talıbovun adı ən şanslı namizədlər sırasında hallanırdı. O özünü daha üst vəzifədə görürdü.
Bu mövzuda bizi məlumatlandıran mənbəmiz bildirir ki, Talıbovun sonrakı planı isə belə olub: Naxçıvan MR-in sədrliyi vəzifəsindən istefa verib, yerinə güvəndiyi bir şəxsi, deyilənə görə, oğullarından birini qoymaq. Paralel olaraq da özü Azərbaycan yüksək ali vəzifəyə gələcəkdi.
İddia edilir ki, V.Talıbov bunun üçün Prezident İlham Əliyevin etibar etdiyi bəzi yüksəkvəzifəli məmurlar tərəfindən – əsasən də Ramiz Mehdiyev – dəstəklənəcəkdi.
Lakin Prezident İlham Əliyevin sərrast müşahidə qabiliyyəti, prosesləri oxumaq bacarığı və siyasi zəkası Azərbaycanı çıxılmaz dalana salmaq istəyən “5-ci kolon”un bu planlarının üstündən xətt çəkdi. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin gözlənilməz şəkildə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi haqda Sərəncam imzalamasının pərdəarxası məqamları yavaş-yavaş aydın olmaqdadır. Prezident bu Sərəncamla təkcə öz siyasi dayaqlarını möhkəmlətmədi, həm də ölkənin başının üstünü alan qara buludları dağıtdı.