Azərbaycan-Ermənistan sülh danışıqlarında, deyəsən, beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Rusiya ərazisində Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma artıq var, tarix daha sonra açıqlanacaq. Maraqlısı budur ki, Rusiya məhz Vaşinqtonun ev sahibliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gəlməsi xəbərindən sonra tələsik açıqlama verdi. Hələ görüşün vaxtı və məkanı barədə anlaşma olmadığı halda, təşəbbüskarlıq nümunəsi göstərməyin özü də Rusiyanın narahatlığından qaynaqlanır. Şimal qonşumuz qəfildən bölgə ilə bağlı təşəbbüslərin əldən çıxacağından ehtiyatlanır. Bundan əvvəl Fransa XİN rəhbəri Kolonna hər iki ölkə liderinin iyunun 1-də Moldovada görüşünün baş tuta biləcəyini elan edib. Ukrayna cəbhəsindəki canlı itkilərinin sayı 200 minə çatan Rusiya isə belə bir durumda çıxılmaza düşüb, amma yenə də qafqazlardan əl götürmək niyyətində olmadığını nümayiş etdirir, hətta Ermənistanın Alagöz poliqonunda təlimlərindən də qalmır.
Ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonnanın Azərbaycan və Ermənistan rəhbərlərinin iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ biləcəklərini elan etməsindən sonra aprelin 30-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-a getdilər. Rəsmi məlumata görə, Vaşinqtonda onlar arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üçün müzakirələrin növbəti raundu baş tutacaq. Aprelin 29-da ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan baş naziri arasında telefon danışığı olub. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir.
Aprelin 30-da isə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. President.az-ın məlumatına görə, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
26-06-2025, 18:00