Ukraynada azərbaycanlıya bəraət verildi

Ukraynanın Zaporojye Şəhər Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Vüqar Ağayevə qəsdən adam öldürmə ittihamı üzrə bəraət verib.
protest.az xəbər verir ki, o, "Sarvan" ləqəbli soydaşı kriminal avtoritet Sarvan Cəfərovu öldürməkdə günahlandırılıb.
Məhkəmə sənədlərinə görə, qətldə şübhəli bilinən V.Ağayevə qarşı hələ 2020-ci ilin payızında qiyabi ittiham irəli sürülüb. Beynəlxalq axtarışa verilən soydaşımız Almaniyanın Mölln şəhərində yaxalanıb. Almaniya tərəfi onu Ukraynaya ekstradisiya etdikdən sonra V.Ağayev Çortkov müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Vüqar Ağayev istintaq və məhkəmə dövründə günahsız olduğunu deyib. O, S.Cəfərovla hər zaman yaxşı münasibətdə olduğunu, cinayətin kiçik qardaşının əməllərinə görə onun boynuna yıxılmaq istəndiyini bildirib. Müdafiə tərəfinin şahidi isə qətlin arxasında kriminal hesablaşma dayandığını iddia edib. Şahid hadisədən üç gün əvvəl "odessalılar"ın mərhumdan mal müqabilində 3 milyon qriven (təxminən 125 min manat) tələb etdiyini eşitdiyini söyləyib.
İstintaq orqanı isə ittihamı gizli şahidlərin ifadələrinə və hadisə yerindən tapılan tünd rəngli papağa əsaslandırmağa çalışıb. Lakin şahidlər ilkin ifadələrində qatilin üzünü görmədiklərini, yalnız burnunun formasını yadda saxladıqlarını bildiriblər.
Yekunda məhkəmə istintaqın təqdim etdiyi bəzi sübutları qayda pozuntuları səbəbindən etibarsız sayıb. Cinayətin müttəhim tərəfindən törədilməsi sübuta yetirilmədiyi üçün Vüqar Əfsar oğlu Ağayevə bəraət verilib və o, məhkəmə zalındanca azadlığa buraxılıb.

Çox oxunanlar