Məleykə Abbaszadə od püskürdü: “Bu insanlara ekspert adını kim verib?”

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına münasibət bildirib. Onun sözlərinə görə, sosial mediada paylaşım etmək, “ekspert” statusu qazanmaq üçün kifayət deyil.
protest.az xəbər verir ki, M. Abbaszadə bu fikirləri DİM-in bugünkü brifinqində səsləndirib:
“Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”
DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə – xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir:
“Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub.”
Məleykə Abbaszadə belə şəxslərin çox zaman tanınmaq, ictimai imic qazanmaq və ya maddi maraq əldə etmək üçün bu tip fikirlər səsləndirdiyini bildirib:
“Bəzi şəxslər sadəcə məşhurlaşmaq və bəlkə də bir az pul qazanmaq üçün bu cür çıxışlar edirlər. Amma ictimai fikir onların vasitəsilə formalaşmır.”
DİM sədri vurğulayıb ki, ictimai rəyin əsası real təhsil ictimaiyyəti tərəfindən formalaşdırılır: “İctimai fikir deyəndə mən ilk növbədə ali məktəb müəllimlərini, orta ixtisas və orta məktəb müəllimlərini nəzərdə tuturam. Onlar real vəziyyəti görür və qiymətləndirirlər.”
Məleykə Abbaszadə əlavə edib ki, imtahanların nəticələri şəffaf şəkildə təqdim olunur və bu nəticələrə hər kəs – həm abituriyent, həm də valideyn özü baxa bilir:
“O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib – o sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır.”

Xəbər lenti
Çox oxunanlar