Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri

Ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir.
protest.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri onu da bildirib ki, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. 

“Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb.  Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir.

Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir. 

Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib”.

Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var:

“Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri –ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir”. 

Zahid Oruc 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılmasına da aydınlıq gətirib:
“Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir”. 
Z. Oruc bu konteksdə ictimai rəyin də öyrənildiyini vurğulayıb:

“Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1%  təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i  təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.
Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır” – o bildirib. 

Çox oxunanlar