Eldar Mahmudovun bankir qudası 8 il sonra azadlığa çıxır

Bəs 4 milyard 100 milyon manatlıq ziyan necə olacaq?

“Biz də eşitmişik ki, bu il "Heydər Əliyev İli" münasibətilə böyük əfv sərəncamı imzalanacaq. Hər il olduğu kimi bu il də ümid edirik ki, Cahangir azadlığa çıxacaq". Bunu Gununsesi.info-ya açıqlamasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bildirib.
Qardaşının Azərbaycan dövlətinə, mərhum Heydər Əliyevə və indiki ölkə rəhbərinə sadiq olduğunu vurğulayan Əminə Hacıyeva bildirib ki, Cahangir Hacıyevi qabiliyyətinə görə Heydər Əliyev irəliyə çəkib: “Heydər Əliyev onu şəxsən çağırıb, işə təyin edib. Bunu heç kəsin xahişi olmadan edib. Çünki Cahangir qardaşım olsa da çox bilikli, istedadlı insandır. Bir neçə ildir ki, o, həbsdə qalır. Biz onun azadlığının İlham Əliyevin iradəsindən asılı olduğunu düşünürük”.
Cahangir Hacıyev 14 il Azərbaycanın ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik edib. Hökmə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Sabiq bankir rəhbərlik etdiyi dönəmdə bankda baş verən qanunsuzluqlarda, ayrılan milyonlarla kreditin geri qaytarılmamasında günahlandırılıb. Cahangir Hacıyevin ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Uzun illər yaxın münasibətdə olan Cahangir Hacıyev və Eldar Mahmudov bu əlaqələrini quda olmaqla daha da möhkəmləndirdilər. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub. Bu yaxın qohumluq əlaqəsi onun imkanlarını və bank sektorundakı nüfuzunu daha da möhkəmləndirdi.
Lakin hər iki şəxsin, Eldar Mahmudov və Cahangir Hacıyevin ulduzu eyni vaxtda söndü. Eldar Mahmudovun gedişi ilə Cahangir Hacıyevin də dəmir barmaqlıqlar arxasındakı yolu göründü. Cahangir Hacıyev 8 ildir həbsdədir və görünür ki, azadlığa buraxıla bilər.

Çox oxunanlar