Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının martın 12-də yaranmasından 34 il ötür.
protest.az-ın məlumatına görə, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları artıq 34 ildir ki, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edir. Bu illər ərzində şəxsi heyət üzərinə düşən vəzifələri məsuliyyət, intizam və peşəkarlıqla yerinə yetirərək ictimai asayişin və sabitliyin qorunmasına mühüm töhfələr verib.
Yarandığı gündən etibarən Daxili Qoşunlar ölkəmizin sabitliyi və vətəndaşların rifahı naminə əzmkarlıq nümayiş etdirib. Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi quruma çevrilib.
Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların şərəfli xidmət yoluna verilən yüksək qiymətin və Qoşunlara olan etimadının ifadəsidir. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə 1992-ci ilin mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz izlər buraxıb.
Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər şəhid оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, kütləvi tədbirlər zamanı asayişin qorunmasına yönəlib. Qabaqcıl təcrübə öyrənilərək xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri genişləndirilib, şəxsi heyətin peşə hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, müasir dövrün çağırış və təhdidlərinə uyğun islahatlar aparılıb. Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində Daxili Qoşunların fəaliyyəti daha da təkmilləşdirilib, döyüş qabiliyyəti möhkəmləndirilib, infrastruktur yenilənib. Müasir silah və texnika ilə təchizat gücləndirilib, şəxsi heyətin xidmət və məişət şəraiti, eləcə də sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 13:30
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:00
3-06-2026, 18:00