Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Muğam Müsabiqəsi başlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 24-dən növbəti Milli Muğam Müsabiqəsi başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-də, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq. 
Qeyd edək ki, Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılıb. Musiqi müsabiqəsində yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edə biliblər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməli olub. 
Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışacaq.  24-25 aprel tarixlərindəki birinci turdan sonra seçilən şəxslər ikinci tura keçəcəklər. İkinci tur isə 26 aprel tarixində keçiriləcək və daha sonra qaliblər müəyyən ediləcək.  

Çox oxunanlar