Təxminən 10 gün əvvəl yəni 20 yanvar ərəfəsi bir çox dostlar poçtuma mətbuatda tirajlanmış bir xəbər göndərdi. Xəbər, Azərbaycan ictimaiyyətinin bir sıra nümayəndələrinin Mixail Qarbacovdan Nobel mükafatinin geri alınması ilə bağlı eyniadlı komitəyə müraciət etmələri idi. Müraciətin altında, aralarında bir sıra deputatların, jurnalistlərin, QHT nümayəndələrinin də olduğu 100-dən artıq şəxsin imzası var idi. Bu xəbəri də dostlar mənə ona görə göndərmişdilər ki, çünki bilirdilər ki, 2012-ci ildə bu təşəbbüslə ilk dəfə mən çıxış eləmişəm. Yəni bununla eyham vururdular ki, “nə əcəb bu müraciətdə mənim adım yoxdur?”

***
Doğrusu bunu deməyə haqqları da çatırdı. Çünki o müraciətə imza atanların az qala hamısı bilirdi ki, bu ideyanın müəllifi mən olmuşam. Ən azından bu məsələdə kifayət qədər təcrübəm var. Və baxımdan kifayət qədər faydalı məsləhətlər verə bilərəm. Amma necə deyərlər “çağrılmayan yeri dar eləmə” məsəlini əsas götürərək ürəyimdə “Allah xeyir versin” deyib, çəkildim bir kənara. Və bu məsələ də yaddan çıxıb getdi. ***

Amma bu gün, yənı üstündən düz 10 gün keşəndən sonra baxıram ki, Real tv-nin xəbərlər buraxılışında bu müraciət barədə yenə də məlumat gedir. Düzü elə zənn etdim ki, yəqin ki ardınca bu bəyanata reaksiyalar barədə danlşılacaq. Amma olmadı. Məlum oldu ki, bu 10 gün ərzində 100 nəfərdən artıq adamın qol qoyduğu bu bəyanatı ölkənin bütün Tv və saytları tərəfindən dəfələrlə tirajlansa da, səs-sorağı heç Biləcəridən o tərəfə keçməyib. Təəssüf. Çox təəssüf. Zənn edirdim ki, 13 il əvvəl mənim az qala təkbaşına etdiyim bir işi, indi 100 nəfər olaraq bu adamlar 100 qatını edə biləcək. Ancaq edə bilmədilər.. ***

Amma mən nə etmişdim və necə etmişdim?
2012-nin fevralında mətbuatda Mixail Qorbaçovun ağır xəstə olması barədə xəbərlər yayıldı. Və mən də məhz onun doğum günü, yəni martın 2-si mətbuat konfransı keçirib ona “ad günü hədiyyəsi” olaraq bəyan elədim ki, Qorbaçovdan Nobel mükafatın geri alınması üçün “ Nobelsiz Qorbaçov” hərəkatının yarandığını elan edirəm. Təbii ki, yalnız yerli mətbuatın təmsil olunduğu bir tədbirdə söylənilən bir fikrin hansısa effekt verəcəyinə ümid bəsləmirdim. Düzü, dünya düzəninin "ədalətinə" yaxından bələd olduğumdan Servantesin qəhrəmanı kimi yel dəyirmanı ilə vuruşduğumun da fərqindəydim. Amma əsas hədəfim o vaxt 81 yaşlı xəstə, artıq o dünyası ilə əlləşən Qorbaçova, onun "cəllad"lığını öləndən sonra belə unutmayacağımızı, daim Azərbaycan xalqı tərəfindən lənətnəyəcəyini anlatmaq idi.. Vəssəlam. ***

Düzü heç gözləmirdim; keçirdiyim mətbuat konfransından bir-neçə saat sonra məlum oldu ki, artıq dünyanın ən nüfuzlu əksər qəzet, sayt və TV-ləri aksiyamız barədə xəbərlər yayımlayıb. "Nobelsiz Qorbaçov", bir sıra media nəhənglərinin manşetinə daşınıb. "Trend" İA-nın beynəlxalq müstəvidə nə qədər izləndiyini o vaxt kəşf etdim. Çünki əksər xəbərlər məhz ona istinadən verilmişdi. Bir sözlə bir anın içində aləm biri-birinə qarışdı. ***

Həmin ərəfədə bu gün Prezidentin köməkçisi vəzifəsini daşıyan Fuad Ələsgərov zəng edib məni PA-ya dəvət etdi. Söhbət əsnasında ideyamı bəyəndiyini söylədi. Mənə bir sıra dəyərli məsləhətlər verdi. Onun tapşırığı ilə köməkçisi Səadət Yusifova ilə birlikdə “Nobel komitəsi”, fonduna, Kral ailəsinə, İsveç və Norveç parlamentlərinə müraciətlər göndərdik. Aksiyamızın məramı və o cümlədən Qorbaçovun əsl simasını özündə ehtiva edən qısametrajlı film hazırlayıb, həm “Yutub”da yerləşdirdik, həm də disk şəkilində bir çox ölkələrin nüfuzlu ictimai-siyasi nümayəndələrinə və parlament üzvlərinə yolladıq. Bu gün fürsətdən istifadə edib hörmətli Fuad müəllimə və Səadət xanıma həmin dəstəyə görə təşəkkür edirəm. Çünki bu mənə o dönəmdə çox önəmli bir stimul oldu. ***

Dayanmadan gecə-gündüz çalışdım. Bakıda fəaliyyət göstərən bir sıra xarici ölkə səfirləri ilə görüşlərə başladım. Bir həftə sonra Gürcüstanın bır sira tanınmış QHT-lərinin iştirakı ilə Tiflisin "Azadlıq" meydanında kifayət qədər sanballı mitinq keçirdik. Bu, hadisə aksiyamızı yenidən dünya mediasının gündəminə daşıdı.***

Bu arada bir sıra ölkələrin tanınmış ictimai-siyasi xadimləri, deputatlar və partiya liderləri də açıqlama verir, bizi dəstəkləyir, Qorbaçovu lənətləyirdilər. Ukrayna parlamentinə 3 dəfə deputat secilmiş parlamentin ən iri fraksiyalarından birinə rəhbərlik etmiş, 2008-ci ildə Vladimir Putin tərəfindən “Dostluq ordeni” ilə təltif edilən, tarix elmləri doktoru, professor, Ukraynanın əməkdar hüquqşünası, Rusiya təhlükəsizlik akademiyasının akademiki olan Leonid Qrac aksiyamızla bağlı “ Qorbaçovdan nəinki Nobeli geri almaq, onu Sibirə sürgün etmək lazımdır” kimi sərt bəyanatla çıxış etdi. ***

İlk günlər baş verənləri guya ki, qulaq ardına vuran " Qorbaçov fondu" sonunda düz iki dəfə açıqlama vermək məcburiyyətində qaldı.
Bütün bunlar böyük zəhmət və enerji tələb etsə də Vətən, millət üçün çalışanda yorğunluq əvəzinə məmnuniyyət, mənəvi rahatlıq hiss edirsən. Və bütün bunları da heç bir maddi dəstək olmadan edirdim. Düzü indiki texniki imkanlar çərçivəsində bu heç elə də önəmli xərc də tələb etmirdi. Təbii ki, əgər həqiqətən də sidq ürəkdən çalışırsansa, heç bir qazanc-mənfəət güdmürsənsə.***

Beləliklə işin qızğın vaxtında PA-dakı "ağsaqqaldan"- Ramiz Mehdiyevdən ismarıc gəldi. Boz Kardinal: "o cavan oğlan nə özfəaliyyətlə məşğuldur elə? Saxlasın. Getsin özünə aid olan işlərlə məşğul olsun" xəbərini yolladı. Mən də saxladım. Məni qınamayacaqsız hər halda. Çünki söhbət 13 il əvvəlin Ramiz Ənvəroviçindən gedir. Ancaq nə qədər ağır olsa da, düzü çox da təəssüflənmədim. Çünki əsas hədəflərimə nail olmuşdum. Necə deyərlər "missiya yerinə yetirilmişdi"”.***

O vaxt çox tələsirdim, can üstə olan Qarbaçovun hər an ölüm xəbəri gələ biləcəyini düşünürdüm. Cünki istəyirdim ki, bütün baş verənləri Qorbaçov sağlığında ikən görsün, eşitsin, oxusun. Amma Mişanın üzü bərk çıxdı. Ondan sonra daha 10 il yaşadı. Ancaq buna yaşamaq demək olmazdı. İt kimi süründü, it kimi də gəbərdi. Hər il 20 yanvar tarixində və Qorbaçovun doğum günündə həmin hadisələr yadıma düşür. Əslində Bu baxımdan ona uzun ömür "arzulayırdım". Yaxşı ki, gec öldü. Yaxşı ki, illər uzunu 20 yanvar tarixində necə lənətləndiyinin şahidi oldu. Yaxşı ki, Qarabağın Azərbaycan olduğunu da gördü. Rusların tərcümədə "itlərə, it ölümü!" deyimi var ("собакам, собачья смерть") bax Mişaya da ondan qismət oldu. ***

İndi çevrilib həmin o 13 il əvvələ baxanda fikirləşirəm ki, prosesi dayandırmaq əvəzinə, azacıq da olsa maddi-mənəvi dəstək olsa idi, daha çox işlər görmək olardı, hətta əsas hədəfə çatmaq da olardı bəlkə də. Nə isə..***
Bütün bunları söyləməkdə isə məqsədim odur ki: həqiqətən də bir işi təmənnasız, sırf bir vətənpər olaraq edəndə çox şeyə nail olmaq olur. Hansısa qrant layihəsindən pul silmək üçün edəndə isə səsin Biləcəridən o tərəfə keçmir..