Məhəmmədəli Qəribli: Sevə-sevə ödədim..

Qarşıma belə bir xəbər başlığı çıxdı: “Xankəndidə restoranda dava salan müştəri həbs edildi". Bunu adi bir xəbər kimi qarşılamadım, açıb oxudum və etiraf edim ki, bir qədər sevindim. Təbii ki, kiminsə inzibati qaydada həbs olunmasına görə yox. Gün ərzində bu qəbildən olan onlarla inzibati pozuntu və onlara tətbiq olunan hüquqi tədbirlərlə bağlı xəbərlərlə qarşılaşırıq.
Amma Xankəndidən yayılan bu məlumat sadəcə hüquqi tədbir yox, ölkənin ərazi bütövlüyünün artıq tam təmin olunduğunun simvolik təsdiqi idi. Uzun illər adı bizim olan, dadı isə başqalarına qalan Xanın şəhərində artıq həyat qaynayır. Yeyib-içən də, dava salan da, həbs edən də özümüzük. Bu sadə xəbərdə belə bir əminlik duyulur – biz artıq oradayıq, biz artıq özümüzün olana sahiblərik!
Yadıma bir müddət əvvəl Şuşada yaşadığım bir hadisə düşdü. Avtomobilimi şəhərin boş olan küçələrinin birində park etmişdim. Sonradan məlum oldu ki, dayanma-durma qaydasını pozmuşam. Telefonuma bildiriş gəldi: “Şuşada qanun pozuntusuna görə 20 manat cərimə olunmusunuz". Tam səmimi deyirəm – bu, həyatımda ilk dəfə idi ki, cəriməni sevinə-sevinə ödədim.
Çünki bu cərimə yalnız qanunun işlədiyini deyil, həm də Vətənin gözəl parçasının geri döndüyünü göstərirdi. Əvvəllər bu şəhərlərdə sərbəst gəzmək  bir arzuydu, indi isə o şəhərlərdə qaydaları pozub cərimələnmək belə qürurvericidir (Ancaq heç kimə qayda pozmağı məsləhət görmürəm-M.Q) 
Hər bənzər xəbər bizə hüququn işlədiyi ilə yanaşı, həm də ərazi bütövlüyümüzün tam bərpasını  xatırladır.

Xəbər lenti
Çox oxunanlar