2002-ci ilin dekabırı idi. İlk dəfə Həcc zəvvarlarını "Lider tv"dən mən müşayət eləməli oldum. O vaxt səfər qabağı rayona yollanıb yaxınlarımın qəbrini ziyarət etdim, kənddəki qohum-əqraba, qoca və xəstələrə baş çəkib hallallaşdım. Qonşumuz Əli dayı ilə sağollaşanda " Əli dayı, sənə nə gətirim Həccdən? deyə istəyini soruşdum. Hər iki gözdən əlil Əli dayı: " rastına çıxsa bir əsa alarsan mənə. Hər dəfə toxunanda Allah yadıma düşər, sənin də ölənlərinə rəhmət oxuyaram" deyib kövrəldi.
***
Həccdə olanlar bilir ki, bütün növ alış-verişlər adətən ziyarətin son gününə saxlanılır. Məndən də-əksəriyyət kimi, təsbeh, üzük, Zəmzəm suyu xahiş etmişdilər deyə onları da alıb qablaşdırmışdım. Əli dayının istisna "xahişi" isə yadımdan çıxmışdı. Bu da səbəbsiz deyildi. Çünki ətraf dükanların hamısında adlarını çəkdiyim əşyalar bolluca satılsa da, əsaya çox nadir halda rast gəlmək olurdu. Yalnız aeroportda-uçuşa dəqiqələr qalmış zala daxil olan əli əsalı Hacı Şahini görəndə yerimdən dik atıldım. Tələsik addımlarla aeroportu axtarmaq, nəyin bahasına olursa-olsun əsanı tapıb-almaq qərarına gəldim. Bu təlaşımı sezən Hacı " nədi? nə oldu?" deyə soruşdu. Tələsik, 1-2 cümlə ilə məsələdən hali edib uzaqlaşmaq istəyirdim ki, məni qucaqlayıb yanında əyləşdirib sakitləşdirməyə çalışdı.
Hacı: Bəlkə də bu sənin ziyarətdəki son sınağın idi. Ondan da uğurla çıxdın. Keçirdiyin bu təlaş, narahatçılıq buna yetər. Əsamı da sənə verirəm. Mənim də adımdan Əli dayıya hədiyyə edərsən". İmtina edib yerimdən qalxmaq istədim. Çiynimdən baslb qalxmağa qoymadı. " Ay qardaş, səbirli ol. Ağlın başqa aeroportlara getməsin. Burada dükan-bazar olmur. Həm də xəsis olma da, imkan ver bu böyük savaba biz də şərik olaq da" deyə zarafat da etdi.
***
Həmin anda Hacı Şahini sanki Allah yetirdi. Çünki Hacı Şahin əsa ilə gəzmirdi axı. Həmişə deyirlər ki, hər bir zəvvar ziyarət vaxtı bir möcüzə ilə qarşılaşır. Bu da mənim möcüzə payım olub yəqin ki. Həm də ki, haradasa saniyə söhbəti idi; onunla rastlaşmasaydım və geriyə əsasız dönsəydim..inanın ki, özümü bağışlaya bilməzdim. Çünki həmin müddət ərzində yolumu səbirsizliklə gözləyən insanlardan biri də gözdən əlil Əli dayı idi. Onun qapısına necə gedə bilərdim ki? Zənn edirdim ki, hər addım səsinə, hər dəfə qapı açılıb-örtüləndə mənim gəldiyimi zənn edib həyacanlanır. Amma Hacının sayəsində gedə bildim. Əhvalatı da danışdım. Xeyli maraqla dinlədi. Sonunda kövrələrək " xahiş edən yerdə dilim lal olaydı. Sənə nə qədər əziyyət, həyəcan yaşatmışam. O hacıya da Allah özü kömək olsun" dedi. Qucaqlayıb könlünü aldım.
***
Sonralar hər dəfə Hacı ilə görüşəndə bu əhvalatı yada salardıq. Mənə " Etibar, inan ki o əməlinlə elə Həcc ziyarətinə bərabar savaba batdın. Sayəndə mənə də pay düşdü" deyib gülümsəyirdi. Son illər rastlaşmırdıq. Düzü özüm də bundan yayınırdım. Sonuncu dəfə təxminən 3 il əvvəl-verilişimə qonaq gələndə görüşmüşdük. Elə onda da çəkiliş bitən kimi bir bəhanə ilə tezcə sağollaşıb ayrıldım. Bu da səbəbsiz deyildi. Çünki özümü onun yanında xəcalətli hesab edirdim. Çünki bəzi səbəblərədən onun dediyi kimi, onun istədiyi kimi ola bilməmişdim. Çünki...
***
Mənim onlarla qohum-qardaşım var ki, tək rayondan deyil, Rusiyadan-filandan gələndə belə, səfər qrafiklərini elə tuturlar ki, Cümə günü "Məşədi Dadaş" məscidində Hacı Şahinin xütbəsində iştirak edib, onun imamlığı ilə camaat namazı qılsınlar. Sonunda onunla əl verib qucaqlaşsınlar, şəkil çəkdirsinlər. Və bu insanların da Bakıdan apardıqları ən xoş təəsürat da elə bu olurdu.
***
Əgər doğrüdan da axirət varsa- mən orda çoxlarını axtaracam.. Hacıdan başqa. Çünki bilirəm ki, Şahin mən olduğum məqamdan çox-çox yüksəkdə olacaq-axtarmağına dəyməz. Amma əminəm ki, Əli dayı ilə onlar mütləq görüşəcək. Buna görə də azacıq da olsa ümidim qalıb. Bilmək olmaz bir də gördün ikisi bir yerdə qarşıma çıxdılar.