Çin doğum səviyyəsini artırmaq üçün vergi tətbiq etdi

"Reuters" agentliyinin məlumatına görə, Çin hökuməti doğum səviyyəsini stimullaşdırmaq məqsədilə kontraseptiv vasitələrə tətbiq olunan uzunmüddətli vergi güzəştini ləğv edib.
protest.az xəbər verir ki, yanvarın 1-dən etibarən Çində 30 il qüvvədə olan vergi güzəşti aradan qaldırılıb və bundan sonra prezervativlər və kontraseptiv həblər 13% əlavə dəyər vergisinə (ƏDV) cəlb olunur. Rəsmi dairələr bu addımın ailə qurulmasını və uşaq sahibi olmağı təşviq etməyə yönəldiyini bildirir.
Qərar ölkədə əhalinin sayının ardıcıl üçüncü ildir azalması fonunda qəbul edilib. Son illər Çin hakimiyyəti doğum göstəricilərini yüksəltmək üçün müxtəlif tədbirlər görüb — uşaq müavinətləri, vergi güzəştləri, eləcə də cəmiyyətə “nikaha və valideynliyə müsbət münasibət” aşılayan təbliğat kampaniyaları həyata keçirilib.
Lakin ekspertlərin fikrincə, iqtisadi çətinliklər, yüksək mənzil qiymətləri, iş bazarındakı qeyri-müəyyənlik və sosial təzyiqlər gənc çinlilərin ailə qurmaqdan və uşaq sahibi olmaqdan çəkinməsinə səbəb olmağa davam edir. Bu səbəbdən yeni vergi qərarının doğum səviyyəsinə real təsirinin nə qədər olacağı hələ sual altındadır.
"Reuters" qeyd edir ki, Çin hakimiyyəti demoqrafik böhranı strateji risk kimi qiymətləndirir və yaxın illərdə bu sahədə daha sərt və qeyri-ənənəvi addımların atılması istisna edilmir.

Çox oxunanlar