Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. O bildirib ki, kolleclərdə ibtidai sinif üzrə müəllim hazırlığı məhdudlaşdırılıb. Gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq.
Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.
"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", – deyə nazir qeyd edib.
protest.az-a danışan elm və təhsil eksperti Elçin Süleymanov bildirib ki, kolleclərdə müəllimlik ixtisasının ləğv edilməsi təhsil sistemi üçün ciddi problem yaratmayacaq:
“Çünki müəllimlərin işə qəbulu imtahanına kifayət qədər müraciət olur. Bakalavr, magistr təhsilli olanlar müəllim olmaq istəyir. Son illərdə həm sertifikasiya həm də müxtəlif dəstək proqramları müəllimlik sahəsinin maraqlı iş istiqamətlərindən biri kimi populyarlığını saxlayır. Brifinqdə cənab Emin Əmrullayevin qeyd etdiyi kimi, kolleclərdəki müəllimlik ixtisası sovet dövründə müəllimlik çatışmazlığı səbəbilə nəzərdə tutulurdu. Bakıda təhsil ala bilməyənlər yaxın ərazidə oxuyurdu və sonra o ərazidə də işləyirdi. Bu əslində müsbət addımdır, çünki inkişaf etmiş ölkələrin əksəriyyətində müəllimlik üçün bakalavr təhsili zəruridir. Bir çox ölkənin təhsil sistemində hətta magistr dərəcəsi də tələb olunur. Çünki övladlarımızın yetişməsi mövzusunda mütləq yüksək ixtisaslı müəllimlərdən yararlanmaq lazımdır”.
Onun sözlərinə görə, texnologiya ilə böyüyən nəsil müəllimdən daha çox bacarıq tələb edir:
“Ona görə də 2 il müddətində yeni nəsillə işləyəcək müəllimlərin bilik və bacarıq qazanması çətindir. Çünki dərsləri daha interaktiv, əyləncəli keçməlidirlər. Bütün yeniliklərdən xəbərdar olan müəllim tipi alfa nəsli ilə pedaqoji faəliyyətlə məşğul olarkən zəruridir. Amma bu o demək deyil ki, kolleclər, subbakalavr təhsili verən müəssisələr bağlansın. Burada profil dəyişilə bilər,ümumiyyətlə dünya subbakalavr ixtisasları daha çox texniki yönümlüdür. Yəni 4 illik bakalavr təhsilinə ehtiyac olmadan sənayedə və müxtəlif sektorlarda kiçik mütəxəssis yetişdirilə bilər. Ona görə profillər dəyişməlidir. Daha çox kənd təsərrüfatı, tibb sahəsi, turizm və digər istiqamətlərdə 2 illik təhsil ola bilər. Məsələn qardaş Türkiyədə meslek yüksekokulları bu istiqamətlidir. Bu yüksekokullar bizim kolleclərimizin bir çoxu kimi bir universitet nəzdində qurulur. Burada subbakalavr bitirənlər arasından nəticəsi yaxşı olanlar bakalavr təhsilinə yönəlir. Bir hissəsi isə öz ixtisasını öyrəndikdən sonra iş dünyasında öz ixtisasını reallaşdıra bilir. Ona görə də düşünürəm kolleclər dünya təcrübəsini və qardaş Türkiyədəki "meslek yüksekokul" təcrübəsini gözdən keçirməlidir”.
Bu gün, 14:30
Bu gün, 14:00
Bu gün, 13:30
Bu gün, 13:00
Bu gün, 12:30
Bu gün, 12:00
Bu gün, 11:30
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:00
Bu gün, 09:30
Bu gün, 09:00
Dünən, 18:00
Dünən, 17:30
Dünən, 17:00
Dünən, 16:30
Dünən, 16:00
Dünən, 15:30
Dünən, 15:00
Dünən, 14:30