İcra Hakimiyyəti: Sökülən ev deyil, qanunsuz tikilidir

Yasamal rayonunda bir vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara rəsmi münasibət bildirilib.
protest.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, B. Səfəroğlu küçəsi 78 ünvanında yaşayan Tatyana Aqafonovanın evinin deyil, qanunsuz inşa edilmiş əlavə tikilinin söküntüsü aparılır.
Bildirilib ki, sözügedən yaşayış evi istismar müddətini başa vurub. Müvafiq komissiya tərəfindən qiymətləndirmə və köçürülmə prosesi həyata keçirilsə də, sakin əmlakın bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edib.
Qeyd olunub ki, çıxarışla rəsmiləşdirilmiş sahədən əlavə, sakinin faktiki istifadəsində binanın konstruktiv dayanıqlılığına mənfi təsir göstərən və qəzalı vəziyyəti ağırlaşdıran qanunsuz tikili mövcuddur. Hazırda da məhz həmin əlavə tikilinin söküntü işləri aparılır.
İcra hakimiyyəti xatırladıb ki, keçmiş "Sovetski" kimi tanınan ərazidə istismar müddəti başa çatmış tikililərin söküntüsü davam etdirilir. Sakinlər bazar qiymətinə uyğun kompensasiya ödənilməklə köçürülür.
Məlumatda o da qeyd olunub ki, proses başa çatdıqdan sonra ərazidə abadlıq işləri aparılması, eləcə də mövcud tarixi binaların təmiri və bərpası nəzərdə tutulur.

Çox oxunanlar