Azərbaycanda 1-ci sinfə gedən uşaqlar niyə AZALIR?..

Son illər Azərbaycanda 1-ci sinfə gedən uşaqların sayı ardıcıl şəkildə azalır və bu tendensiya artıq təsadüfi statistika deyil, ölkənin gələcəyini müəyyənləşdirəcək ciddi demoqrafik siqnaldır.

protest.az xəbər verir ki, rəsmi məlumatlara görə, 2021–2022-ci ildə 156 min 105, 2022–2023-cü ildə 150 min 289, 2023–2024-cü ildə 137 min 100 uşaq 1-ci sinfə qəbul olunub. Azalma sonrakı illərdə də davam edib.
Belə ki, 2024–2025-ci tədris ilində ölkə üzrə 134 min 600, 2025–2026-cı ildə isə 131 min 221 uşaq 1-ci sinfə qəbul olunub. Yeni tədris ili üçün də ilkin göstəricilər bu azalmanın davam etdiyini göstərir. Hazırda 131 min uşağın qeydiyyatdan keçdiyi barədə məlumatlar var.
Bir neçə min şagirdlik azalma ilk baxışdan böyük görünməyə bilər. Ancaq bu rəqəmlərin arxasında on minlərlə doğulmayan uşaq, dəyişən ailə modeli dayanır.

Birinci sinfə gedən uşaqlar bugünkü körpələr deyil. Onlar 6 il əvvəl doğulan uşaqlardır. Bu səbəbdən məktəblərdə müşahidə olunan azalma əslində illər əvvəl başlayan doğum azalmasının nəticəsidir.
Azərbaycan uzun illər yüksək doğum göstəricilərinə malik ölkələrdən biri hesab olunurdu. Lakin son 10 ildə bu tendensiya sürətlə dəyişib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə doğum əmsalı ildən-ilə aşağı düşür.

Bu ilin ilk iki ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb. 

Başqa sözlə, məktəbdə boş qalan partalar əslində doğum evlərində boş qalan beşiklərin davamıdır.

Təhsil eksperti Məzahir Məmmədli 1-ci sinif şagirdlərinin sayının azalmasının səbəblərindən biri kimi abortların artması ilə də əlaqələndirir.
Statistikaya baxanda həqiqətən də narahatedici mənzərə görünür.
2021-ci ildə Azərbaycanda 46 min 877 abort qeydə alınmışdı. 2025-ci ildə isə bu rəqəm 95 min 117-yə yüksəlib. Cəmi 4 il ərzində abortların sayı iki dəfədən çox artıb. Ekspert bunu SOS siqnalı hesab edir.

Abortların sayının artması cəmiyyət üçün ciddi narahatlıq doğurur.
Lakin demoqrafların fikrincə, doğumun azalmasını yalnız bununla əlaqələndirmək düzgün olmaz.
Çünki doğumun azalması təkcə Azərbaycanda deyil, dünyanın onlarla ölkəsində müşahidə olunan ümumi demoqrafik prosesdir.
Bir vaxtlar Azərbaycan ailəsində 3-4 uşaq adi hal sayılırdı.
İndi isə gənc ailələrin əhəmiyyətli hissəsi 1, ən yaxşı halda 2 uşaqla kifayətlənir, bəziləri isə ümumiyyətlə valideyn olmağı təxirə salır. Bunun bir neçə səbəbi var. Ən başlıca amil iqtisadi yükdür.
Mənzil qiymətlərinin bahalaşması, ipoteka ödənişləri, bağça və məktəb xərcləri, tibbi xidmət, əlavə kurslar və gündəlik yaşayış ödənişləri ailələri daha az uşaq sahibi olmağa sövq edir.
Müasir valideyn artıq "çox uşaq" yox, "bir uşağa daha yaxşı şərait" prinsipi ilə hərəkət edir.
Mütəxəssislər deyirlər ki, doğum statistikasına təsir edən digər amil nikahların azalmasıdır.
Son illər gənclər daha gec evlənirlər. Bəziləri iqtisadi səbəblərdən ailə qurmağı ertələyir, digərləri isə ümumiyyətlə nikaha maraq göstərmir.
Nikah yaşının yüksəlməsi isə ilk uşağın dünyaya gəlməsini də gecikdirir.
Nəticədə qadınların reproduktiv dövrü qısalır və ailədə uşaqların sayı azalır.
Ekspertlər hesab edir ki, xaricə köç də bu prosesə təsir göstərir. Bir qrup gənc təhsil, iş və daha yüksək gəlir üçün xaricə üz tutur. Onların əhəmiyyətli hissəsi ailəsini də xaricdə qurur. Beləliklə, həmin uşaqlar Azərbaycan məktəblərinə deyil, başqa ölkələrin məktəblərinə gedirlər.

Xəbər lenti
Çox oxunanlar